Ana dili beyin quruluşuna təsir edir: Ərəb və alman dilinin fərqi


Alimlər üzə çıxarıblar ki, danışlan ana dili beyində düşüncə quruluşunu dəyişir.

Münhendəki Maks Plank İnstitutunda (MPI) mövzu üzərində çalışan bir qrup alman və ərəb danışanların beyin strukturlarının əhəmiyyətli dərəcədə fərqli olduğu qənaətinə gəliblər.

Turkustan.azxəbər verir ki, NeuroImage elmi jurnalında dərc edilən araşdırmada alman və ya ərəb dillərində danışan 47 nəfərin beyin fəaliyyəti tomoqrafiyanın köməyi ilə araşdırılıb. Tədqiqatda iştirak edən insanlar təhsilli olsalar da, ana dillərindən başqa heç bir dildə danışa bilmirdilər. Bundan əlavə, qarışıqlıq yaradan amilləri azaltmaq üçün bütün iştirakçılar sağ əllilər arasından seçilib.

Araşdırmanın müəlliflərindən biri olan Dr. Alfred Anvander açıqlamasında "Ərəb dilində danışanların beyninin sağ və sol yarımkürələrində daha güclü əlaqə müşahidə edilib" dedi. Anvander bildirib ki, alman dilli insanlar beynin sol yarısında dil şəbəkələrindən daha çox istifadə edirlər.

Tədqiqatçılar bu tapıntını ərəb dilində müstəqil şəkildə tələffüz edilə bilməyən söz kökləri və söz modellərinin olması ilə əlaqələndiriblər. Bundan əlavə, ərəbcə sağdan sola oxumağın beynin sol tərəfi qədər sağ tərəfini də aktivləşdirdiyi bildirilib.

DÜŞÜNCƏSİNƏ TƏSİR EDİR

Ərəbcə danışanların beynindəki iki yarımkürə arasındakı əlaqə ilə yanaşı, başqa əlavə əlaqələr də tapılıb. "Beyin əlaqəsi uşaqlıqda öyrənmə və ətraf mühitə görə formalaşır. Bu da öz növbəsində böyüklərin beynində emal və konseptual düşüncəyə təsir göstərir", - Anvander bildirib.

Əvvəlki araşdırmalar da şifahi dildən asılı olaraq beynin müxtəlif hissələrinin aktivləşdiyini ortaya çıxarmışdı. Ancaq bu mövzuda bu qədər böyük bir nümunə ilə bir araşdırma daha əvvəl edilməmişdir.

Tədqiqat qrupu indi sonradan öyrənilən dilin beyinə uşaqlıqda öyrənilən dil kimi təsir edib-etməməsi ilə bağlı araşdırma aparır. Komanda alman dilini öyrənməyə başlayan ərəb qaçqınlarının beyin əlaqələrini müşahidə edir.

Mövzu ilə bağlı əvvəlki araşdırmalar, yetkinlik dövründə öyrənilən dilin ana dilindən fərqli olaraq beynin fərqli bölgəsində işləndiyini ortaya qoyub.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ