Testin ləğvi təhsil üçün fəlakət olar – HƏYƏCAN TƏBİLİ ÇALINDI


Martın 13-də Milli Məclisin Elm və təhsil komitəsində "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib. Dinləmədə deputatlarla yanaşı, elm və təhsil naziri Emin Əmrullayev və nazirliyin digər vəzifəli şəxsləri, rektorlar iştirak ediblər. Nazir çıxışı zamanı ali təhsil müəssisələrinə qəbul sistemində problemlərin olduğunu söyləyib.

E.Əmrullayevin fikrincə, əsas problemlərdən biri ixtisas seçimi ilə bağlıdır: "Abituriyentlər ixtisas seçimi ilə bağlı yanlışlıqlar edirlər. Bu gün bəzi abituriyentlər ixtisası yazırlar, əgər birinə düşmürsə, o birinə düşür. Bu da ixtisaslaşmada problem yaradır. Bununla bağlı statistika yüksəkdir".

Nazirin çıxışından sonra test sisteminin ləğv olunması barədə müxtəlif fikirlər və təkliflər ortaya atılıb. Sosial şəbəkələrdə açılan müzakirələrdə buna səbəb kimi testin bilik vermədiyi, əzbərçiliyi aşıladığı göstərilib.

Bəs indiki durumda qəbulla bağlı dəyişikliklər hansı nəticələrə gətirib çıxara bilər?

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, təhsil müəssisələrinə qəbul sisteminin tamamilə dəyişdirilməsi Azərbaycan təhsilinə yalnız fəlakət gətirəcək və təhsildəki problemləri daha da artıracaq:

"Azərbaycan cəmiyyətində bu məsələlərin geniş müzakirəsinə başlanılıb. Mən bu cür yanaşmaları çox təhlükəli hesab edirəm. Əslində, hesab edirəm ki, test sisteminin ləğvi, ümumiyyətlə, Dövlət İmtahan Mərkəzinin bəzi şəxslər tərəfindən hədəfə alınması tamamilə yanlışdır. Biz test üsulunu ləğv etməklə Azərbaycan təhsilinə ən böyük zərbəni vurmuş olacağıq. Bundan başqa, müsabiqədən kənar tələbə qəbulu çox ciddi təhlükədir. Mən bunu komitədə müzakirələr zamanı açıq şəkildə qeyd etdim. Hesab edirəm ki, müəyyən məsələlərə baxıla, dəyişikliklər edilə bilər. Amma sistemin ləğvi, sistemə qarşı təbliğatın aparılması yanlışdır. Bu, yenidən 90-cı illərin əvvəllərinə qayıtmaq deməkdir. Yenidən neqativ hallar baş verə bilər".

Deputatın sözlərinə görə, hazırkı sistemi inkişaf etdirmək lazımdır:

"Bu gün bizim övladlarımız şəffaf şəkildə universitetlərə qəbul olub, təhsillərini davam etdirirlər. Biz sistemi gücləndirməyə, inkişaf etdirməyə çalışmalıyıq. İstəyirik ki, suallar tamamilə asan olsun. Bütün şagirdlər ali məktəblərə qəbul ola bilsin. Lakin suallara baxdıqda nə qədər çətin olduğunu görürəm. Hesab edirəm ki, bu məsələdə diqqətli olmaq lazımdır. Bu cür yanaşmalar çox təhlükəli və yanlışdır. Biz bu kimi məqamlarda maksimum diqqətli olmalı və bu cür yanaşmalardan çəkinməliyik. Ona görə də, hesab edirəm ki, bu fikri irəli sürənlər belə addım atılarsa, təhsilin hansı vəziyyətə gələcəyini unutmamalıdır. Bu gün təhsilimiz ciddi tənəzzül dövrünü yaşayır. Bu qərarın qəbul edilməsilə biz prosesi daha da sürətləndirmiş olacağıq".

Təhsil üzrə ekspert Nadir İsrafilov isə qeyd edib ki, hazırda nəyisə ləğv etmək yox, mövcud olanı təkmilləşdirmək barədə düşünməliyik:

"Bu, Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramının tələbidir. Dünyada baş verən proseslər heç şübhəsiz ki, sosial, iqtisadi və mədəni inkişafın bütün sahələrində olduğu kimi, təhsil sahəsində də cəmiyyətin tələblərinə müvafiq dəyişikliklər, yeniliklər aparılmasını qaçılmaz edir. İstər təhsilin orta-ixtisas, ali, doktorantura səviyyələrində, istər, kvalifikasiya artırılması, diplomların tanınması, qəbul qaydaları, ali təhsil müəssisələrinin akademik muxtariyyəti və digər vacib sahələrdə hələ də həllini gözləyən xeyli problemlər var. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin Elm və Təhsil Nazirliyi ilə birlikdə keçirdiyi qanun layihəsinin ictimai dinləməsində irəli sürülən fikirlər bir daha göstərmiş oldu.

Problemlərin bir çoxu müstəqilliyimizin ilk illərində ölkənin sosial, iqtisadi və mədəni həyatının digər sahələrində yaranan boşluqlarla müşayiət olunan və təhsilə də təsirsiz ötüşməyən keçid dövrünün bəzi fəsadları ilə bağlı olsa da, əksəriyyəti idarəetmədə sonradan yol verilən nöqsanların nəticəsi kimi meydana çıxıb. Təkliflər içərisində hamı tərəfindən yekdiliklə qəbul edilə biləcək mülahizələr də var, hamı tərəfindən birmənalı qarşılanmayan fikirlər də. Söz demək xatirinə söz deyənlər digərlərindən heç də az deyil".

Test imtahanlarının ləğvi barədə təkliflərə gəlincə, ekspert bunun doğru yanaşma olmadığını söyləyib:

"Ali məktəblərə qəbulda dəyişiklik kimi, test imtahanlarının ləğvini təklif edirlər. Bir vaxtlar vətəndaşlarımız tərəfindən testin tətbiqi obyektivliyin, aşkarlıq və şəffaflığın qarantı kimi müsbət qəbul olunurdu. Sonralar bir çoxları tərəfindən testə münasibətdə müəyyən "sərinlik" yarandı. İllər ötdükcə testlə bağlı fikirlər haçalandı. Hətta, son vaxtlar testin ləğvindən söhbət gedir. Testin müsbət tərəflərindən çox, mənfi tərəfləri hallandırılır. Hesab edilir ki, test daha çox əzbərçiliyə meyil yaradır, oxu, yazı vərdişləri kimi keyfiyyətləri üzə çıxarmaqda məhdudiyyətlər var.

Düşünürəm ki, hazırda söhbət testin ləğvindən yox, təkmilləşdirilməsindən, ali məktəblərə imtahansız qəbuldan yox, qəbul qaydalarının formatının dəyişdirilməsindən gedə bilər. Çünki, testin ləğv olunması əlavə problemlər yaradacaq. Necə ki, testə keçəndə ilk vaxtlar həmin problemləri yaşadıq, testi ləğv edəndə də o problemlər yaşanacaq. Biz bu gün testin ləğvinə hazır deyilik. Vəziyyətdən çıxış yolu kimi qapalı testlərə nisbətdə açıq testlərin xüsusi çəkisini tədricən artırmaqla uşaqlarda vədrişlər yaradılmalıdır. Baxmayaraq ki, bu gün açıq testlərin cavablandırılmasında müəyyən problemlər yaşanır, bundan çəkinmək lazım deyil. Çünki bir müddət adaptasiya amili özünü göstərəcək. Kimin və ya kimlərinsə mövqeyinə hörmətlə yanaşsaq belə, subyektiv fikrlər əsasında ediləcək hər hansı dəyişikliklər yenə birmənalı qarşılanmayacaq və əlavə polemikalar yaradacaq. İlk olaraq, illərlə bundan qabaq rəsmi qaydada söz verdiyimiz orta məktəbin buraxılış imtahanları ilə ali məktəblərə qəbul imtahanlarını birləşdirmək yolu təkpilləli vahid imtahan modelinə keçməklə prosesi nisbətən sadələşdirmək və ya ADA Universitetinə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verildiyi kimi, bu hüququn digər universitetlərə də şamil edilməsi yolu ilə vəziyyəti nisbətən sabitləşdirmək olar".


"İstənilən halda, müzakirəyə çıxarılan sənəddə Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş milli təhsil sistemimizin inkişaf strategiyasında, rəqabətədavamlı iqtisadiyyatın kadr potensialının təmin edilməsi üçün insan kapitalının formalaşdırılması konsepsiyasında, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də və digər dövlət sənədlərində təhsillə bağlı müəyyən edilən istiqamətlərin, qarşıya qoyulan hədəflərin öz əksini tapması və bunun konstruktiv dialoq və geniş müzakirəyə çıxarılması, aşkarlıq və şəffaflıq prinsipinin reallaşdırılması və ümumi ictimai rəyin öyrənilməsi baxımından təqdirəlayiqdir", - ekspert fikirlərini tamamlayıb.


MANŞET XƏBƏRLƏRİ