Vurğulanan yalanlar: Rusiya alqısı


Prof. Dr. Nəsib Nəsibli

10Noyabr Bəyanatı (2020) Rusiya amilini yenidən siyasi fikrin mərkəzinə gətirdi. Savaşı durdurması və hərbi hissələrini Qarabağa yerləşdirməsi Rusiyanıyenidən gündəmə daşıdı. 10 Noyabr həzimətinə haqq qazandırmaq üçün iqtidar sözçüləri və ümumiyyətlə Rusiya maraqlarını müdafiə edənlər diqqətçəkən tezislər irəli sürməyə başladılar və bu təbliğat işi bu gün dədəyişik tezliklərdədavam etməkdədir. Əsas tezislər bunlardır:Son Qarabağ Savaşına qarışmadığı üçün Rusiyaya minnətdar olmalıyıq; Rusiya nəhəng dövlətdir, ona qarşı çıxmaq axmaqlıqdır; Rusiya onsuz da Qarabağda idi; Rusiyanı qəzəbləndirmək olmaz; Rusiya tezliklə dağılacaq, Qarabağ problemi onda asanlıqla həll ediləcək…

Milli mövqedə duranlar təbii ki fərqli məntiq ortaya qoydular. Ən vacibi hər gün Qarabağdan gələn həyəcanlı xəbərlər Rusiya və/və ya iqtidaryanlılarınyanlışlığını ortaya qoymaqdadır. Vətəndaşımız son 11 ayda bu xəbərlərlə yatıb-durduğundan ayıntılara girməyəcəyik. Zatən 44 günlük Üçüncü Qarabağ Savaşı durdurulmuş olsa da, sonrakı gedişat hələ məntiqi sonucuna varmamışdır. Sürəc davam edir. Ona görə də məsələyə bir az uzaqdan, amma mahiyyəti üzrə yanaşmaq daha faydalı ola bilər.Necədeyil,niyəsualını qoyub, onu bacardığımız dəqiqlikdə və obyektivlikdə cavablandırmağa çalışacağıq. Milli siyasi fikirtarixindəRusiyanın yeri məsələsindən yola çıxaraq günümüzə gələcəyik.

Rusiya nə gətirdi, nə götürdü?

Azərbaycan Rusiyaya könüllü birləşdinağılına indi inanan tapmaq çətindir. Amma onillərlə bu fikri beyinlərə yerləşdirdilər, boş qafalarda yerini də aldı. Rəsmi tarixçilik 19. yüzilin başlarında Azərbaycan xanlarının doğru-düzgün seçim etdikləri iddiasında idi.Üç pisdən, ən yaxşısı seçilibmiş.Yəni geridə qalmış İranı, ya da Osmanlını deyil, inkişaf etmişRusiyanı seçdilər. Seçdikləri Rusiyada az keçməmiş bu gerizəkalılığın bədəlini ödətdi. Kürəkçay təəhhüdü (may 1805) qarşılığında daxili işlərdə hakimiyyətlərini qoruyacaqlarını düşündülər. Bir il keçməmiş (fevral 1806) Qarabağlı İbrahim Xan və ailəsi qanına qəltan edildi. Xanlıqlar bir-birinin ardınca ləğv edildi, xan və bəy ailələri pərən-pərən salındı. Halbuki belə bir qədəri bizim indi məth edilən xanlarımız görəbilərdilər. Çünki burunlarının ucundakı `Tiflis xanının` ailəsi eyni müamiləni görmüşdü.

19. yüzilin başlarındakı faciəli tariximizdən alınacaq başqa bir ibrət dərsini də buradaca yaddaşımıza yazaq:Rusiya verdiyi sözü tutmadı.

Azərbaycana yerləşmiş Rusiyaya fərqli münasibətdən bəhs edək. Orta məktəb dərs kitablarından bilirik: Mirzə Fətəli Axundov və başqa məmurlar, əli qələm tutan oxumuş kəsimin bir hissəsi (məs.Qarabağnaməyazarları) Rus hakimiyyətini lütüf saydılar. Axundov yeni gəncliyin nümayəndəsi Həsən Bəy Zərdabiyə ağıl verirdi: "Əl çək bizim yaxamızdan! Buna ancaq şükr ol ki, dövləti-Rusiyyənin təhti-himayətində keçən zəmanələrin qoşunkeşliyindən və çapqınından azad olub, asayiş tapmışıq və zindəganlıqdan razıyıq."[1]Zərdabi və yeni nəsil gənclik ‘zindəganlıqdan razı’ deyildi. Axundovun konformist tutumunun əksinə Zərdabi nəsli tarixi və çağdaş gerçəyi ortaya qoydu.Əkinçi’də bu tip ifadələrə rast gəlirik: ‘…Rusiya dövlətinə tabe olmuşuq’, ‘dövləti-Rus bizim vilayəti zəbt edəndən irəli…’[2]Yəni Azərbaycanın işğal edildiyi və sömürgə rejimində yaşadığını anlamışdılar və vətəndaşlarını da bu gerçəyi anlamağa çağırırdılar.

Rusiyayanlıların Rus sömürgə sistemini təqdir etmələri bir yana, hələ bir RusiyanınAzərbaycana mədəniyyət gətirməsinidə iddia edir,Avropa mədəniyyətinin Rusiya vasitəsilə Azərbaycana gəlməsiniminnət qoyurdular. Halbuki bu tezislərin adi məntiqlə problemi vardır. Rusiya Azərbaycana nəsə gətirmək - o da olsun mədəniyyət- üçün gəlməmişdi. Buradan özünə lazım olan, ehtiyacı olduğu sərvəti aparmaq üçün gəlmişdi. Özünün Avropa mədəniyyətinə ehtiyacı vardı (indi də var), bu Avropa dəyərləri əlbəttə Rus hakimiyyətinin qurduğu sədləri aşaraq Azərbaycana girə bilərdi...

Rusiyanın Quzey Azərbaycana mədəniyyət gətirməsindənsöz düşmüşkən, bir az irəli qaçıb bizim bəzi çoxbilmiş Güneyli soydaşımıza bu tip bayat və yanlış (Rusiya olmasaydı Cənubun gününə düşərdinizkimi) fikirləri yaymamalarını təvəqqi edərdik. Quzeyin milli fikir sahibləri Rus hakimiyyətini və sömürgəçiliyini Quzey Azərbaycanın inkişafı qarşısında duran ən etkili amil saymışlar. Hər halda bizim bu‘çoxbilmişlərdən’ az bilmirdilər.

Tarixin sonrakı gedişində Rus sömürgə sistemi daha da qəddarlaşdı; pozuçu, talançı və basqıcı xarakter aldı. 28 May İstiqlal Bəyannaməsi bir qaçılmaz zərurətdən doğmuşdu. Bağımsızlığına sahip olmayan bir millət gələcəyini təmin edə bilməz! Rusiya Türkləri arasında yeganə bizim istiqlalçı babalarımızdı bu siyasət fəlsəfəsini ortaya qoyan! Az bilinən bir tarixi faktı da əlavə edək: Məhz Azərbaycan siyasilərinin israrları sonucunda Gürcülər və Ermənilər də Güney Qafqazın Rusiyadan qopmasına səs verdilər.

Milli tariximizin cilvəsinə baxın: 28 May Istiqlalından cəmi 23 ay sonra 27 Aprel İşğalı (1920) gəldi.İkinci işğalı asanlaşdıran amillərdən biri qələbə ilə sonuclansa da Birinci Qarabağ Savaşı oldu. Bu ərəfədə Rusçu-bolşevik məbus Əliheydər Qarayev parlamandakı çıxışında Qarabağdakı hadisələrin Avropa imperialistlərinin işi olduğunu və bu problemi Azərbaycanın öz gücü ilə çözəməyəcəyini iddia etdikdən sonra təklif edirdi: "Qoyun Şərq millətlərinin hüququnu müdafiə edən Qızıl Ordu [?] gəlsin də Qarabağ üsyanını yatırtsın, daha sonra Anadoluya imdada getsin."[3]27 ApreldəRus imperializmi yenə söz verirdi: 1. XI Qırmızı Ordu Bakıya girmədən dəmiryolu ilə birbaşa Anadolunun imdadına gedəcək; 2. Azərbaycan istiqlalı və ərazi bütövlüyü hər cür təcavüzdən qorunacaq; 3. Azərbaycan ordusu olduğu kimi qalıb dağıdılmayacaq; 4. Azərbaycan siyasi firqələri hürriyyət və sərbəstliklərini saxlayacaqlar; 5. Sabiq siyasilər, hökumət üzvləri və millət vəkillərindən heç kimsə siyasi cinayətdə ittiham edilməyəcək; 6.Tam sərbəst şəkildə toplanacaq Azərbaycan şuraları hökumətin idarə şəklini təyin edəcək.[4]Bolşevik qiyafəsində gələn Rus imperializmi bu maddələrin heç birinə (!) əməl etmədi. Bunu da bir kənara yazaq:Rusiya bu dəfə də verdiyi sözə əməl etmədi!

Amma yerli Rusçuların dilləri açıldı, gözlərinə də işıq gəldi. Bu kəsimin həyəcan və davranışını ümumiləşdirərək İnqilab Komitəsinin sədri təyin edilən Nəriman Nərimanov məşhur düsturunu elan etdi:Azərbaycanrespublikasınındaimi xoşbəxtliyi Rusiyaya bağlıdır.[5]

Uzun sürən Sovet dövründəSovet Azərbaycanının görünməmiş iqtisadi inkişafa nail olduğuhaqqında fikirləri yalanlaya biləcək faktlar arasından təkbirini seçək. Sovet dönəminin hesablamalarına görə, 1922-1981. illərdə SSRİ üzrə sənaye hasilatı 514 dəfə artdığı halda Sovet Azərbaycanında bu rəqəm cəmi 138’ə bərabər idi.[6]Milli kimliyin bərbad edilməsini, ölkə sərvətlərinin vəhşicəsinə istismarını, əhalinin keyfiyyətli qisminin məhv edilməsini, Rus mədəniyyəti və dövlətinə bağlı yerli nökərlərin (nomenklaturun) yetişdirilməsi və onların xalqa sırınmasını... heç demirik.

Sovetlərin varisi Rusiya Federasiyası; keçmiş SSRİ ərazisinin yüzdə 76’sına, əhalısının yüzdə 50’sinə, iqtisadiyyatının yüzdə 45’nə, hərbi gücünün yüzdə 33’ünə sahib çıxdığına baxmayaraq, yenə də Azərbaycan Respublikasına görə nəhəng güc olaraq qaldı.Ən önəmlisi isə Azərbaycanın bağımsızlığına və suverenliyinə düşmənçiliyini də Çar və Sovet rejimlərindən miras aldı.

Rusiyanın Azərbaycan strategijası

Azərbaycanın xarici siyasəti haqqında 1994’də yazdığımız məqalədəki[7]müddəalar bu gün də mahiyyət etibariləkeçərlidir. Məqalənin Rusiya Federasiyasına münasibətbölümünü olduğu kimi versək böyük qəbahət olmaz deyə düşünürük.

…Rusiyaöz ətrafında qlobal qüvvə mərkəzini bərpa etməyə çalışır və ixtiyarında hələlik maliyyə-texnologiya, eləcə də ideoloji vasitələr olmadığından, hərbi və siyasi təzyiq vasitələrindən geniş istifadə edir. Müstəqil Azərbaycan Respublikası Rusiyanın bu meyli qarşısında əhəmiyyətli maneələrdən biridir. Azərbaycanda Rusiyaya meylin (dil, din, mədəniyyət, tarixi keçmiş və s. sahələrdəki fərqlər) zəif olmasına baxmayaraq, Azərbaycanın geopolitik (geostrateji) mövqeyi Rusiyanı cəlb etməkdədir. Çünki:

-Azərbaycan Respublikası üzərində nəzarət Rusiya Federasiyasına özünün strateji maraqlarını Yaxın və Orta Şərq istiqamətində yaymaq imkanı verir; Rusiyanın strateji aviasiyası və ballistik raketlərinin dünyanın bu əhəmiyyətli regionunu nəzarətdə saxlamasında Azərbaycan zəruri plasdarm ola bilər;

-Azərbaycan Respublikasını nüfuz dairəsində saxlamaqla Rusiya Federasiyası regionun əsas kommunikasiya - quru, hava, informasiya və dəniz arteriyalarına nəzarət etmiş olur;

-Zəngin təbii sərvətlərə və strateji xammala malik olan Azərbaycan Respublikasını Rusiyanın iqtisadi maraqları cəlb edir; bu sərvətlərə nəzarət Rusiyanı uzaq xaricdən bahalı strateji xammal idxalından azad edir;

-Azərbaycan Respublikasını nüfuz dairəsinə cəlb etməklə Rusiya, Türk dünyasını parçalamış olur; Türkiyə Respublikasının (qismən də onun vasitəsilə ABŞ’ın) nüfuzunun Orta Asiya, Şimali Qafqaz və Volqaboyunda yayılmasına mane olur;

-Azərbaycan Respublikasını nüfuz dairəsinə cəlb etməklə Rusiya, İranın keçmiş Sovet müsəlmanları üzərində təsirinin artmasına mane olur;

-Vahid iqtisadi-siyasi məkanın yaradılması və Azərbaycanın buna cəlb edilməsi Rus siyasi fikrində çoxmilli ‘Rusdilli əhalinin təhlükəsizliyi’ üçün zəruri şərt hesab edilir.

Rusiya hərb maşını və diplomatiyasının Azərbaycan Respublikasına qarşı yönəlmiştəzyiqlərinin aşağıdakı istiqamətlərini göstərmək olar:

  • Siyasi qüvvələr arasındakı ziddiyyətlərdən istifadə edərək, Azərbaycan Respublikasında daxili sabitliyin pozulmasına yönəlmiş cəhdlər;
  • Azərbaycan Respublikasında Moskvapərəst qüvvələr, hərəkat və partiyaların müdafiə edilməsi, onlara maddi və mənəvi köməyin göstərilməsi;
  • Azərbaycan Respublikasında hərbi müxalifətin müdafiə və təmin edilməsi;
  • Regional və yerliçilik ziddiyyətlərinin və əhval-ruhiyyənin qızışdırılması;
  • Azərbaycan Respublikasının şimalında Ləzgi və Avar, cənubunda isə Talış separatist əhval-ruhiyyənin qızışdırılması;
  • Azərbaycan Respublikası ərazisində Rusiya hərbi bazalarının, cənub sərhədlərində Rus sərhəd qoşunlarının yerləşdirilməsi;[bu maddədəkiməsələlər xüsusi müzakirə tələb edir]
  • Neft yataqları və ölkənin başqa strateji xammalı üzərində nəzarətin qoyulması;[RF bu maddədəki istəyinə nail ola bilmədi]
  • Bakı neftinin Bakı-Novorossiysk xətti ilə nəqlinə nail olmağa yönəlmiş təzyiqlər;
  • Xəzər akvatoriyasında Azərbaycanın nüfuz dairəsinin daraldılması və Xəzərə münasibətdə dəniz statusunun təsbiti[Avgust 2018 tarixli Aktau anlaşmasına görə buna tam nail oldu];
  • Azərbaycan-Ermənistan müharibəsinin davam etməsi və Azərbaycanın zəifləməsi üçün Ermənistandan istifadə;
  • İran və onun anti-Türk siyasətindən istifadə etməklə Azərbaycan Respublikasına təzyiq;
  • KGB və GRU’nun Azərbaycan Respublikasında qalmış strukturlarından istifadə, yeni kəşfiyyat şəbəkəsinin yaradılması;
  • Azərbaycan Respublikasındakı Rus icması, yaxud ‘Rusdilli əhalidən’ istifadə,
  • İnformasiya, xüsusilə televiziya müdaxiləsi;
  • Rusiyadakı Azərbaycan icmasından girov kimi və onların kütləvi deportasiyasından təzyiq vasitəsi kimi istifadə.

Rusiyanın yuxarıda əsas istiqamətlərini sadaladığımız təzyiqlərə tab gətirmək – Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qoruyub saxlamaq və möhkəmləndirmək günümüzün, hətta yaxın gələcəyin ən aktual problemidir. Azərbaycana nisbətən son dərəcə böyük hərbi-siyasi və iqtisadi çəkisi olan bu nəhəng dövlətlə təkbaşına, hətta fədakarcasına mübarizə ölkəmiz üçün problematik işdir. Bununla belə bir həqiqəti də nəzərə almaq lazımdır ki, mübarizəsiz Rusiya Azərbaycanı öz nüfuz dairəsindən buraxmayacaq (alıntının sonu).

Son 27 ildə çox şeylər dəyişdi, Mirzə Cəlil demiş‘dünyalar dəyişdi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı...’ Amma ‘daxildə despotik, xaricdə aqressiv’ alqılıRusiya dəyişmədi, daha doğrusu Rusiyanın Azərbaycana imperialist münasibəti dəyişmədi. Yeltsin dönəminin hakim liberalları‘liberal imperialist’ (Çubays) xətt yürütdüklərini, Putin dönəminın sözçü liberalları isə Qarabağda ‘Rus əskərinin burnu qanasa Azərbaycanı alt-üst edəcəklərini’ (Jirinovski) deyirlər. Demək ki ya olub-qalan azacıq bağımsızlığını da Rusiyaya verib, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına girəcəksən, Xəzəri verdin (2018), daha nələrdən imtina edəcəksən... Bu dərsi biz son 200 ildə keçdik: Bir də bu çamura girməyəcəyık. Ya da bağımsızlığını və suverenliyini möhkəmlətmək istiqamətində irəliləyəcəksən. Demək ki

Nə savaş, nə mədət. Bəs nə?

Bu günə qədər yürüdülən siyasətdən köklü şəkildə fərqli strategiya tələb olunur. Əsas xüsuslarını göstərməklə kifayətlənəcəyik.

İstənilən məşru və davamlı iqtidarın ən yaxın müttəfiqi, daha doğrusu güc mənbəyi öz millətidir. Buna biz milli hakimiyyət deyirik. Dövlət milləti ilə birlikdə olarsa, gücünü ikiyə qatar; Rusiya ilə birlikdə isə aldanar. İndiki hakimiyyət kosmopolit mahiyyətini dəyişib, milliləşməlidir. Son ilin təcrübəsi göstərir ki, millət-dövlət nəzəriyyəsinin bu imperativi işləməyə başlayıb (Hakimiyyət bunun bəlkə də fərqində deyil). Rüşvət rejiminin bəzi odioz fiqurlarının həbsi, ‘beşinci kolon’ deyilən təbəqənin hakimiyyətinin məhdudlaşdırılması, savaşla bağlı düzgün siyasi qərar… bu xətt kaşki sürətlə və daha əsaslı şəkildə davam edəydi. Marginal durumda qalıb döyükmək uğursuzluq deməkdir. Millət-dövlət bütünləşməsinin alternativi yoxdur (özəl və geniş məqalə bizdən).

Güney Azərbaycan başqa bir həssas amildir. Həssas olduğu qədər də ciddidir. Bu ciddiliyi dərk etməsi üçün iqtidara daha nə qədər vaxt lazım olacaq - kəsdirmək çətindir. Amma bilinən bir gerçək var, Rusiyanın və Ermənistanın yaxın müttəfiqi İranı pasifizə etməyin ən uyğun və ciddi yolu Güney Azərbaycan məsələsində ağıllı, ardıcıl və qətiyyətli stratejinin uyğulanmasıdır. (ayrıntıları növbəti yazımızda olacaq).

Bircə il əvvəl Türkiyə və Türk Dünyası ilə strateji müttəfiqlik gərəyindən bəhs edəndə iqtidaryönlü klonlar və Batıdan mədət umanlar bizə rişxəndlə baxırdılar. Son savaşda Türkiyənin bəlirləyici/müəyyənedici rolunu anlamayanlar çətin ki Qazaxıstanla, Özbəkistanla strateji müttəfiqlik ehtiyacını dərk etsinlər. Türkiyəyə yanaşmada daha qətiyyətli olma gərəkliyini anlasınlar. Özləri bilər, bizdən demək. Amma hamılıqla bir acı gerçəyi dərk etməyin zamanı çatmışdır. Ərazisində xarici işğal gücünün yerləşdiyi yeganə müstəqil Türk dövləti Azərbaycandır!Demək Türk bütünləşməsinə bizim daha artıq ehtiyacımız vardır. Qarabağ, Türk Dünyasının ortaq probleminə çevrilməlidir. Bir neçə həftədən sonrakı Türk Kənəşi zirvəsində Azərbaycan tərəfinin ‘ortaq Türk vətəni’ maddəsini israrla təşkilatın tüzüyünə təklif etməsi məntiqli addım olardı. Özəlliklə Özbəkistanla əlaqələr genişlənməlidir. Bizim məmur Özbəkistana təkəbbürlə yanaşmamalıdır. Özbəkistan çox həssas amildir; Rusiya, Türküstanı itirməyi gözə ala bilməz.

Kiçik dövlət statusu və həyati problemi olan Azərbaycan Respublikasının Rusiya təzyiqlərinə tab gətirməsi üçün nə qədər çox müttəfiqi olarsa o qədər işə yarayar.Əlbəttə, Pakistanla, İsraillə və sairlə yaxınlıq daha da artmalıdır.Bir zamanlar ümidlə yanaşdığımız TAG (Türkiyə- Azərbaycan- Gürcüstan), GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) formatlarında işbirliyi hələ də Azərbaycan üçün keçərli ola bilər. Avropanın enerji dostları (İngiltərə, İtaliya və s.) da bu siyahıya əlavə edilə bilər.

Sonuc

Hələ də ‘qatilinə aşiq olan məhbus’ durumundayıq. Vətəndaşın ‘daha nə etməlidir ki Rusiyanı olduğu kimi anlaya bilək?’ günümüzün çətin suallarından biridir. Bu acı gerçəyi anlayan insanımızın çarəsizliyi ortadadır. İqtidar, özəlliklə yandaşları fərqli davranış sərgiləməkdədir. Qarabağ probleminin əsas müsəbbibi Rusiyadan mədət umulmaqdadır deyə yuvarlaqlaşdıra bilərik. Mövcud iqtidar; təhsildə, idarəçilik sistemində Rus dilinə verdiyi meydanı genişlətməklə,Rus bayraqlarını Bakıda yelləndirməklə, Rusiyanın özündə külli miqdarda yatırım qoymaqla Rusiyanın Azərbaycana münasibətini dəyişdirəcəyi yanlışlığı içindədir. Bəlkə də Rusiya insafa gəlib Qarabağ məsələsində tərəfsiz vasitəçi olacaq deyə düşünənlər az deyil. Halbuki tarixi təcrübə də, indiki gedişat da bu gözləntinin faydasız olduğunu göstərir. Rusiya ta bineyi qədimdən Azərbaycana düşmən kəsilən, aradabir verdiyi sözü tutmayan bir ölkə imicinə sahibdir. 10 Noyabr Bəyannaməsindəki məhdud maddələrin belə gerçekləşəcəyinə ümid gün keçdikcə azalır. Ən azından bu günə qədər Rusiya boynuna düşənləri (Erməni hərbi hissələrinin Qarabağın işğal bölgəsindən çıxarılması, Zəngəzur dəhlizi, Qazax kəndlərinin geri qaytarılması...) yerinəyetirmir.

Dörd ildən sonra RF qoşunlarının yerləşdikləri Qarabağ torpaqlarından çıxması, Qarabağ problemi adlı həyati məsələmizin çözülməsi gərəkdir. Dedik ki mədət diləməklə bu iş olası deyil. Demək ki fərqli yöntəm/metod uyğulanmalıdır.ÖncəRusiya bizim üçün nədir, nə deyildirsualını dəqiq cavablandırmamız gərəkdir.Rus/Sovet dəyərlərivə Rusçu nomenklaturlairəliləyəbilmirik, millət və dövlət olaraq onlardan canımızı qurtarmalıyıq. Necə ki keçmiş Sovet respublikalarının çoxunda bu baş verdi.


[1]Mirzə Fətəli Axundzadə,Əsərləri,3. Cild, Bakı:Şərq-Qərb, 2005, s. 205.

[2]Əkinçi, 1875-1877, Bakı:Avrasya Press, 2005, s. 25, 367.

[3]Mehmed Emin Resulzade,Azerbaycan Cumhuriyeti, İstanbul,1990, s. 83.

[4]Yenə orada,s. 85.

[5]Bu cümləBakıdakı ən böyük meydanlardan biri olan XI Qızıl Ordu meydanında böyük hərflərlə iki dildə yazılmışdı. Sovet hakimiyyətinin sonlarınadək milli şüura malik vətəndaşın gözünü yağır etdi. Qızıl Ordu heykəli ilə birlikdə söküldü.

[6]Böyük Oktyabr ideyalarının Azərbaycanda təntənəsi, Bakı:Elm, 1987, s. 338.

[7]Nəsib Nəsibzadə,Bölünmüş Azərbaycan, Bütöv Azərbaycan,Bakı: Ay-Ulduz, 1997, s. 150-152.


MANŞET XƏBƏRLƏRİ