Qarabağ müharibəsinin İLK ŞƏHİD JURNALİSTİ


(MM-in Mədəniyyət Komitəsinin sədri Q.Paşayevanın yazısını təqdim edirik)

Azərbaycan onun üçün dünyanın bir parçası deyil, bütöv bir dünya idi. Gözəlliyi, bar-bərəkəti ilə hamını heyran qoyan, torpağının altı-üstü xəzinə olan cənnət bir dünya... Bu cənnətin yüzillər boyu səxavətlə dosta-yada açıq olan qapılarından azğın düşmənlər də içəri sızdı, çörəyini yeyənlər harınlayıb daha çoxunu istədi, xeyirxahlığı ucbatından bu xalqın başına müsibətlər gəldi, torpağına həris gözlər dikildi. XX yüzilin 80-ci illərinin sonunda düşmənin yenidən alovlanan torpaq tamahı, 20 Yanvar faciəsinin ardınca Qarabağ müharibəsinin gətirdiyi fəlakətlər xalqımızı bir daha güclü olmağa, Vətənə sahib çıxmağa sövq etdi. Azərbaycanın şücaətli oğulları cəbhədə düşmənlə üz-üzə döyüşərək torpaqlarımız uğrunda şəhid olanda, neçə-neçə qələm sahibi də sözü ilə bu savaşın iştirakçısına, fədaisinə çevrildi. Müharibənin yeni başladığı vaxtlarda cəbhə həqiqətlərini mətbuatda işıqlandıran, geniş oxucu auditoriyasını düzgün bilgiləndirən jurnalistlərdən biri də Salatın Əsgərova (1961-1991) idi.

Cəsarətli jurnalist, "Molodyoj Azerbaydjana" ("Молодёжь Азербайджана") qəzetinin müxbiri, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərova qələminin gücü və bütün vətənpərvərlik ruhu ilə Vətənin müdafiəsinə qalxmışdı. Qeyd etmək lazımdır ki, bu illərdə səngərdə düşmənlə üz-üzə dayanan oğulların hünərini yaxından müşahidə edib cəbhə hadisələrini operativ surətdə xalqa çatdırmaq üçün çox az sayda jurnalistin qaynar bölgəyə yollanmaq cəsarəti vardı. Salatın Əsgərova isə müharibənin ilk günlərindən sadiq bir əsgər kimi cəbhə bölgəsinə getmişdi. Evində yolunu gözləyən azyaşlı oğlunun olmasına baxmayaraq o, vətənin harayına ilk səs verənlərdən olmuş, cəbhə həqiqətlərini xalqına çatdırmaq üçün Qarabağa tələsmişdi. O, qanlı-qadalı yollardan keçib 90-cı illərdə vətənin odlu-alovlu bölgələrini qarış-qarış dolaşaraq təkcə cəbhə xəbərləri yazmamışdı, həm də kəndləri dolaşaraq əhalini bilgiləndirməyə çalışmış, hər cür təxribatdan uzaq olmağa səsləmişdi. Namərd düşmən gülləsi onu elə cəbhə yollarında haqlamışdı... Salatın Əsgərova Azərbaycanın cəbhədə şəhid verdiyi ilk jurnalist kimi tarixə düşmüş, vətən öz qəhrəman qızının adını köksünə qızıl hərflərlə yazmışdı.

Salatın Əziz qızı Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində dünyaya göz açmışdı. 1979-cu ildə Bakı şəhəri Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərlə başa vuraraq Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuş, geofizik ixtisasına yiyələnmişdi. Mühəndis diplomu alsa da, ədəbiyyata olan həvəsi onu jurnalistika aləminə yönəltmiş, qələmi ilə vətənə xidmət etməyə qərar vermişdi. Öncə qələmini ştatdankənar müxbir kimi sınamış, sonra "Baku" və "Molodyoj Azerbaydjana" qəzetlərində güncəl mövzularda çıxışlar etməyə başlamışdı. Onun yazıları Azərbaycan həyatının müxtəlif sahələri ilə bağlı məsələləri əhatə edir, ən vacib problemləri işıqlandırırdı. İxtisasca geofizik olsa da dərin müşahidə, gördüklərini təhlil etmək qabiliyyəti, vətənə qələmiylə xidmət etmək arzusu onu mükəmməl bir jurnalist kimi yetişdirmişdi.

Qarabağ problemi, Azərbaycanın bütövlüyü, erməni qəsbkarlarına qarşı igidliklə vuruşan oğullarımızın şücaəti həyatının son üç ilində Salatın Əsgərovanın jurnalistik fəaliyyətinin aparıcı mövzularını təşkil edirdi. O, tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı. Ailəsi, iş yoldaşları, yaxınları ondan bərk nigaran qalar, döyüş bölgəsinə getməyinə mane olmağa çalışardı... lakin bu cəhdlər heç bir nəticə verməzdi. Çünki Salatın Əsgərovanı cəbhə xəttinə çağıran səs daha qüvvətli idi. Bu, darda qalan, övladlarının sevgi və fədakarlığına ehtiyac duyan vətənin səsi idi. Onun köksündə vətən sevgisi ilə dolu bir ürək döyünürdü, buna görə də o səsə biganə qala bilməzdi. Ailəli idi, bir oğlu vardı, hər gün öpüb-qucaqlayıb bağrına basdığı, həyatının anlamı bildiyi övladı üçün canını qurban verərdi. Amma o, övladını azad və xoşbəxt vətəndə böyütmək istəyirdi. Buna görə də Qarabağda gedən gərgin döyüşləri aləmə hayqırmaq, səsini hamıya çatdırmaq üçün cəbhə bölgəsinə gedirdi. Peşəsinə sadiq olan bu qorxmaz qadın Qarabağın ən odlu nöqtələrində olurdu. "Molodyoj Azerbaydjana" qəzetinin oxucuları onun doğma torpağa məhəbbət, azğın düşmənə nifrətlə dolu oçerklərini, yol qeydlərini səbirsizliklə gözləyirdilər. Onun həqiqəti söyləyən, erməni faşizminin iç üzünü açan yazıları düşmənin qəlbinə ox kimi sancılırdı.

Qarabağ onun üçün vətənin döyünən ürəyi idi. Və bu ürəyə tuşlanan saysız-hesabsız düşmən gülləsinin önünə sipər çəkən vətən övladları vardı. Azərbaycanın ən qeyrətli övladları kimi Salatın Əsgərovanın da qəlbi, ruhu daim Qarabağda idi. Ona görə Bakıda, cəbhə xəbərləri ilə çalxalanan paytaxt həyatında özünə rahat bir guşə tapıb qələminə sarıla bilmirdi. Qarabağın ucsuz-bucaqsız çöllərindən, meşələrindən, dərələrindən tapılan qulaqsız, gözsüz, qolsuz, tanınmaz hala salınmış, yandırılmış neçə-neçə azərbaycanlının dəhşətli cəsədləri onun qəlbini parçalayırdı, yuxusunu ərşə çəkirdi. Bütün bu vəhşətin doğurduğu sarsıntıdan özünə gələ bilmirdi; gördüyü ağır həqiqətlər bir an belə gözləri önündən getmirdi. Müharibə yazılarını ürəyinin ağrısı, gözünün yaşı, ruhunun sarsıntıları ilə yazırdı. O, Qarabağ müharibəsindən rahat mənzildə oturub yaza bilməzdi. Yazılarının yolu Qarabağın, döyüş gedən torpaqların, şəhid qanı tökülən səngərlərin içindən keçirdi. Hətta bəzən oğlu Ceyhunu da özü ilə o odun-alovun içinə aparırdı...

Bu qorxmaz, fədakar, ürəkli jurnalist qadının Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən, çətin döyüş əməliyyatlarından bəhs edən, "Molodyoj Azerbaydjana" qəzetinin 1991-ci il 3 yanvar tarixli sayında dərc olunan "Omonçular" ("Omonovı") adlanan sonuncu yazısı da belə bir cəbhə yolçuluğunun bariz örnəyidir. Salatın Əsgərova bu yazısında "müharibənin başlanması ilə taleyi 180 dərəcə bucaq altında dönmüş" bu döyüşçülərin igidliyini tərənnüm etməklə yanaşı, müharibəyə səbəb olan, dəstək verən, Azərbaycanda törədilən fəlakətlərə laqeyd qalan qüvvələri də kəskin şəkildə tənqid edirdi.

Belə odlu-alovlu günlərdən birində Salatın Əsgərova bir rus zabitinin maşınına əyləşərək erməni kəndlərinin birinə yollanmışdı. O, kənd dükanının yanında adamlarla söhbət edir, onları təhrikə uymamağa, barışığa çağırırdı; lakin sülhə səsləyən bu çağırış azğınlaşmış erməni yaraqlılarını daha da qəzəbləndirirdi. Atəş açılanda rus zabiti Salatını güclə aradan çıxarsa da, özü aldığı yaralardan dərhal həlak olmuşdu...

1991-ci il yanvarın 8-dən 9-na keçən gecə Salatın Əsgərova Bakıdan Şuşaya, batalyon komandiri, podpolkovnik Oleq Larionovun yanına getməyi qərara alır. Bu onun sonuncu gedişi idi. Sanki bunu öncədən hiss edirmiş kimi, vətənə son borcunu vermək üçün şəhidliyə əsgər geyimi ilə getmək istəmişdi. Hərbi geyimdə evdən çıxanda yuxuda olan oğlu Ceyhunu alnından öpmüşdü. Yaxınlarının onu yoldan çəkindirmələrinə baxmayaraq fikrindən dönməmişdi. Həmin vaxt başına 10 min rubl mükafat vəd edilən Larionovun əlindən erməni terrorçuları zəncir çeynəyirdi. Batalyon komandirini aradan götürmək üçün düşmən qüvvələri günlərlə pusquda dayanırdı. Yevlax-Laçın yolunun 141 km.-də Qaladərəsi kəndi yaxınlığında Gəncə şəhərindəki 44682 saylı hərbi hissəsinə məxsus, Salatın Əsgərəovanın da içində olduğu "UZ 469" markalı "30-14 NB" dövlət nömrə nişanlı avtomaşın yaxın məsafədən şiddətli atəşə tutulur. Avtomat və snayper güllələri avtomobili deşik-deşik edir. Avtomobilin üzərində 113 güllə yeri vardı. Larionov gülləsi bitənə qədər döyüşmüş, mayor İqor İvanov, serjant İ.Qoyek isə açılan güllələrdən sonra yerindəcə keçinmişdi... Hamısı "bronejilet" ("zirehli içlik") geyinsə də, düşmən hədəf nöqtələrini nişan alıb onları həlak etmişdi. Avtomobilin qapısını açan qatillər hələ də sağ olan Salatın Əsgərovanın düz gicgahından vuraraq həlak etmişdi.

İstedadlı jurnalist, Azərbaycanın qeyrətli qızı Salatın Əsgərovanın vətən sevgisiylə döyünən ürəyi düşmən gülləsi ilə susdurulsa da, onun örnək ömür yolu neçə-neçə gənci Qarabağ torpaqları uğrunda inadlı mübarizəyə ruhlandırdı. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilən Salatın Əsgərovanın məzarı bu gün xalqımız tərəfindən ehtiram və minnətdarlıqla ziyarət olunur.

Qarabağın ən odlu nöqtələrində peşə borcunu yerinə yetirən, Azərbaycanın cəbhədə şəhid verdiyi ilk jurnalist Salatın Əsgərovanın şərəfli ömür yolu, qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək dəyərləndirilib. Azərbaycan Respublikası Prezidentinin 06 noyabr 1992-ci il tarixli 294 saylı Fərmanı ilə Salatın Əziz qızı Əsgərovaya Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Bakı şəhərində onun adına küçə var. Bakı buxtasındakı gəzinti kateri onun adını daşıyır. "Təfəkkür" Universitetində büstü qoyulub. Yaşadığı binaya barelyefi vurulub. Yaxınlığında həlak olduğu kənd "Salatınkənd" adlanır. Bu gün jurnalistik fəaliyyəti ilə fərqlənənlərə "Lider qadınlar" İctimai Birliyinin təsis etdiyi "Salatın Əsgərova mükafatı" təqdim edilir.

Salatın Əsgərovanın həlak olmasından az sonra Laçın və Şuşa polisləri Milli Qəhrəman İsrafil Şahverdiyevin də fəal iştirakıyla erməni quldurlarına qarşı geniş əməliyyat keçirərərək 12 yaraqlını məhv edir. Salatın xanımın qətlinin bilavasitə təşkilatçı və icraçıları isə 1991-ci ilin mayında tutulur.

Bəli, Salatın Əsgərova qələmiylə mübarizəyə atılanların ön cərgəsində addımladı. Müharibəyə ilkin yollanan jurnalistlərdən biri kimi böyük cəsarət göstərdi. Fədakarlığı ilə daha bir Azərbaycan qadınının adını tarixə yazdı, canından çox sevdiyi Vətəni uğrunda şəhid oldu. Azərbaycan övladlarına miras qoyub getdiyi isə şərəfli bir ömür dastanı oldu.

Oğlu Ceyhun anası haqqında xatirələrində onun işıqlı obrazını belə xatırlayır: "O, çox qayğıkeş, mehriban, ədalətli bir insan idi. Qocalara, əlillərə, kimsəsizlərə bacardığı qədər kömək edərdi. Poeziyanı, musiqini və kitab oxumağı çox sevərdi. Bir sözlə, insana xas olan ən müsbət keyfiyyətlərin hamısı onda var idi. Məni isə hamıdan, hər şeydən çox istəyirdi. Anam məni hər gün bağrına basıb əzizlərdi. Özümü dünyanın ən xoşbəxti sanardım. Məni atamın atası və anası böyüdüb. Onların ilk nəvəsi olduğumdan məni çox istəyirdilər. Mənə böyük qayğı göstərirdilər. Heç nəyə ehtiyacım olmurdu, təkcə Ana qayğısından, Ana nəvazişindən başqa. Analı günlərimi indi də axtarıram, özü də o günlər üçün burnumun ucu göynəyir. Hərdən öz-özümə fikirləşirəm ki, mən tez-tez anamdan qaçıb gizlənərdim, o, məni elə həmin andaca tapardı. Amma anam məndən elə gizləndi ki, mən onu ömrümün axırına kimi tapa bilməyəcəyəm...

Mən onunla qürur duyuram"!

Böyük Zəfər qazandığımız bu günlərdə düşməndən azad olunmuş, müharibə od-alovundan qalib çıxmış Vətən torpaqlarında körpələrimiz rahat nəfəs aldıqca Qarabağ uğrunda canını fəda edən şəhidlərimizin, Salatınların ruhu da rahatlıq tapır. Neçə-neçə şəhid övladları Milli Qəhrəmanımız Salatın xanımın oğlu Ceyhun kimi vətənin şərəfi, fəxri olan ata-analarının adı ilə qürur duyaraq böyüyür! Bu gün bütün Azərbaycanın şəhidlərimizlə qürur duyduğu kimi!..

Bütün şəhidlərimizin əziz ruhlarına dərin sayğılar!


MANŞET XƏBƏRLƏRİ