İrana gözlənilməz yerdən zərbə: Yaxın müttəfiqi də ona qarşı çevrildi


"Tehran Azərbaycanı İsraillə sıx münasibətlərdə ittiham edir, amma Fransanın "kiçik bacı"sı olan Ermənistanın ünvanına təhdid səsləndirmir".

Turkustan.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert İranın Fransa ilə də münasibətlərinin gərginləşdiyini bildirib:

"İsrail Baş naziri Binyamin Netanyahu hökuməti formalaşdırdıqdan sonra ilk xarici səfərini Fransaya edib. Fransa Prezidenti Emmanuel Makron Netanyahu ilə İrana qarşı birgə hərəkət etmək barədə qərara gəlib. Makron və Netanyahu görüş zamanı İranın nüvə fəaliyyətlərini davam etdirməsindən narahatlıqlarını bildiriblər. Hər ikisi o fikirdədir ki, İranın nüvə proqramını davam etdirməsi bölgədə gərgin vəziyyət yaradacaq. İsrail və Fransa liderləri İranın regionda sabitliyi pozan fəaliyyətləri ilə bağlı ciddi narahatlıqlarını da səsləndiriblər.

Beləliklə, Makron Netanyahunun İrana qarşı sərt siyasətinə dəstək verdiyini nümayiş etdirib. Bu o deməkdir ki, Makron İsrailin İranın hərbi mərkəzlərinə endirdiyi zərbələri də dəstəkləyib. İran üçün Fransanın İsraildən fərqi qalmayıb.

Elxan Şahinoğlu molla rejiminin Azərbaycana qarşı riyakar münasibətinə də diqqət çəkib:

"Tehranın ikiüzlü siyasəti burada da özünü büruzə verir. Tehran Azərbaycanı İsraillə sıx münasibətlərdə ittiham edir. Ancaq Fransanın "kiçik bacı"sı olan Ermənistanın ünvanına təhdid səsləndirmir. Halbuki Fransanı Cənubi Qafqazda fəallığa təşviq edən, o cümlədən əsasını fransalı müşahidəçilər təşkil edəcək Avropa İttifaqının monitorinq qrupunu Zəngəzura, yəni İranın yaxınlığına sürükləyən İrəvandır".

Ayrıca, politoloq İran və Ermənistanın Azərbaycana qarşı birgə dezinformasiya kampaniyası apardığını da vurğulayıb:

"Deməli İran rəsmiləri açıqlama veriblər ki, İsrail İrandakı hərbi mərkəzlərə hücumu İraqın şimalından həyata keçirib, erməni ekspertləri isə elə hey bildirirlər ki, "İsrail Azərbaycan ərazisindən istifadə edib".

Ermənistandakı dairələrin məqsədi aydındır, İrəvan yaydığı dezinformasiyalar vasitəsilə İran-Azərbaycan münasibətlərindəki gərginliyin daha artmasına çalışır. İranla yanaşı, Ermənistandan ötürülən dezinformasiya tələsindən də özümüzü qorumalıyıq. Azərbaycan başqa dövlətlərin mübarizə poliqonu deyil və olmayacaq, bunu İrandakı dairələr də anlayırlar. Sadəcə iranlı "ekspert"lər də erməni qardaşlarıyla birləşərək, ölkəmiz əleyhinə təxribatlarını davam etdirirlər". (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ