NATO-nun Ukrayna PLANI: "Avropanın İsrailini yaradacağıq"


"Financial Times" nəşrinin məlumatına görə, NATO-nun keçmiş baş katibi Anders Yörq Rasmussen təklif edib ki, Ukrayna Şərqi Avropanın İsrailinə çevrilsin.

Ukrayna hakimiyyəti artıq müharibədən sonrakı təşkilatlanma və onun təhlükəsizliyini təmin edə biləcək beynəlxalq təminat məsələlərini müzakirə edir. Bu barədə danışan Rasmussen ABŞ-İsrail razılaşmalarını nümunə götürməyi təklif edib.

Bu müstəvidə də NATO-nun keçmiç şefi Ukraynanın İsrailin ABŞ-dan aldığı dəstəyi almasına imkan verəcək sənədi təbliğ etmək üçün Avropa paytaxtlarında səfərdədir.

Qeyd edək ki, İsrail NATO daxil hər hansı bir hərbi blokun üzvü olmasa da, ABŞ onun təhlükəsizliyinin təminatına hərtərəfli dəstək verir. Onlar arasında təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq, Vaşinqtonun Təl-Əvivə dəstəyi hətta bu müstəvidə bir sıra NATO ölkələrinə edilən dəstəkdən daha yüksəkdir. Görünür, mövcud vəziyyətdə Kiyevin NATO-ya üzvlüyünün hələlik mümkünsüz olduğunu görən Avropa siyasiləri çıxış yolunu Ukraynanın Şərqi Avropanın İsrailinə çevrilməsində görürlər.

Bizim.Media-ya açıqlama verən konfliktoloq Üzeyir Şəfiyevin fikrincə, Rasmussenin açıqlaması onu göstərir ki, İsrail bir ordu dövləti kimi necədirsə, Ukraynanı da o qəbildən olan dövlət halına gətirəcəklər.

Açıqlama həmsöhbətimizə görə, həm də Kiyevin yaxın perspektivdə NATO üzvü olmayacağına işarədir:

"İsrail bir ordu dövləti kimi assosiasiya olunur. Qərb Ukraynanı da bu müstəvidə görmək istəyir. Ukraynaya gəldikdə, legitim baxımından o NATO ölkəsi olmasa da, de-fakto həmin hərbi quruma üzv ölkə vəziyyətindədir. Çünki NATO ölkələri müttəfiqlərinə necə dəstək verirsə, müharibədə birbaşa iştirak etməsələr də, Ukraynaya da həmin dəstəyi göstərir.

NATO hərbi, sursat, hərbi planlama, kəşfiyyat məlumatları, informasiya təhlükəsizliyi, maddi baxımdan, yəni bütün mənalarda Ukraynaya da müttəfiqlərinə etdiyi dəstəyi verir. NATO dövlətlərinə məxsus bir sıra silahların Ukraynaya transferi artıq göz qabağındadır. Bu da səbəbsiz deyil. Çünki Qərb bilir ki, Rusiya tək Ukrayna ilə kifayətlənməyəcək. Hətta bu günlərdə Kreml Moldovanı da hədələyib".

Ekspert qeyd edir ki, belə yanaşma Rusiyanı yeni aneksiyalardan çəkindirmək üçün Ukraynaya birmənalı şəkildə sipər kimi baxırlar:

"Çünki Ukraynanın təhlükəsizliyi həm də NATO ölkələrinin təhlükəsizliyi deməkdir. Ona görə də Qərb Ukraynanı gücləndirməkdə maraqlıdır. Rasmussenin açıqlaması həm də ona işarədir ki, Kiyev yaxın perspektivdə NATO-nun tam hüquqlu üzvü olmayacaq. Amma o da var ki, hazırda bir sıra NATO ölkələri belə Ukrayna qədər qurumun potensialından o qədər də yararlana bilmir. Buna misal olaraq Türkiyəni göstərmək olar".


MANŞET XƏBƏRLƏRİ