Bölgədə gərginlik "qırmızı xətt"ə yaxınlaşır: "Nüvə silahı ilə vuracağıq"


ABŞ müdafiə naziri Lloyd Ostinin Cənubi Koreyaya səfərinin əks-sədaları davam edərkən, Şimali Koreyadan Amerika və müttəfiqlərinə hədələyici mesaj gəlib.

Turkustan.az xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyi bəyanat verib.

"ABŞ və müttəfiqlərinin ehtiyatsız münaqişə tərəfdarı manevrləri və düşmənçilik hərəkətləri nəticəsində Koreya yarımadasında və regionda hərbi-siyasi vəziyyət "qırmızı xətt"ə çatıb", - bəyanatda deyilir.

Ostinin Seula səfərinə istinad edilən bəyanatda qeyd olunub: "Bu, ABŞ-ın Koreya yarımadasının böyük müharibə cəbbəxanasına və kritik müharibə zonasına çevrilməsi ilə nəticələnəcək təhlükəli ssenarisinin güclü göstəricisidir".

Bəyanatda Pxenyanın "nüvə silahına qarşı nüvə silahı" prinsipi çərçivəsində ABŞ-ın mümkün hərbi addımlarına ən sərt reaksiyanı verəcəyi bildirilib.

ABŞ-ın Koreya yarımadası və ətrafına strateji vasitələr yerləşdirməyə davam edəcəyi təqdirdə Pxenyanın çəkindirici fəaliyyətlərini davam etdirəcəyi vurğulanaraq, Şimali Koreyanın Vaşinqtonun düşmənçilik siyasətinə görə Vaşinqtonla heç bir dialoqa can atmadığı deyilib.

ABŞ müdafiə naziri bu həftənin əvvəlində Cənubi Koreyaya səfər edib və Seulda danışıqlar aparıb. Müzakirələrin sonunda Vaşinqton və Seulun Şimali Koreyanın hərbi təhdidlərinin qarşısını almaq üçün bölgədə F-22 və F-35 təyyarələri də daxil olmaqla qabaqcıl hərbi vasitələrin yerləşdirilməsi barədə razılığa gəldiyi açıqlanıb. Həmçinin iki ölkənin birgə təlimlərinin davam etdiriləcəyi bildirilib.


MANŞET XƏBƏRLƏRİ