Lavrovun gecikmiş etirafı - Moskva İrəvandan nəyin qisasını alır


Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu gün "Rossiya - 24" kanalına verdiyi müsahibədə Qarabağla bağlı səsləndirdiyi fikirlər Ermənistanda şok effekti yaradıb. Rusiya XİN başçısı Qarabağın 30 illik işğalından sonra ilk dəfə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən ələ keçirildiyini açıqlayıb və bunu media vasitəsilə açıqlayıb.

"Ermənistan Azərbaycan ərazilərini işğal etmişdi. Azərbaycan öz ərazilərini işğaldan azad etdi", - deyə Rusiya XİN başçısı Qarabağdan danışıb.

Nazir həmçinin KTMT-nin iki ölkə sərhədinə qrup yerləşdirməsi təklif etsə də, Ermənistandan cavab olmadığını bildirib:

"KTMT Qafqazda vəziyyəti sabitləşdirmək yollarını tapmaqda Ermənistan və Azərbaycana kömək etməyə hazırdır. Ötən ilin sentyabrında baş verənlərdən sonra orada hər iki tərəfdən ümumilikdə 300-ə yaxın insan həlak oldu, biz dərhal qrup göndərdik. Biz Ermənistandan sorğu aldıq, KTMT-nin baş katibinin xüsusi ekspert missiyası Ermənistanın Azərbaycanla sərhəddə olan hissəsində yerləşdirilməsi barədə plan təqdim etdik. Plan çoxdan hazırlanmışdı, amma Ermənistan tərəfi bizi tələsdirmədi. Nəticədə İrəvanda keçirilən sammitdə müvafiq qərarın mətni hazırlandı. Lakin İrəvan bildirdi ki, Azərbaycanın hərəkətləri qəti şəkildə pislənərsə, buna razı ola bilər. Heç də bütün ölkələr buna hazır deyildilər".

Rusiya XİN başçısı ilk dəfə idi ki, Ermənistan haqqında belə qəti danışırdı.

Maraqlıdır, Lavrovun erməniləri işğalçı adlandırması nədən irəli gəlir? Moskva bununla İrəvana hansı mesajı vermək istəyir?

Rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix Modern.az-a açıqlamasında bildirib ki, Rusiyanın Erəministanla bağlı fikirləri artıq dəqiqləşib və XİN başçısının Qarabağın işğalı ilə bağlı fikirləri səbəbsiz deyil.

"Bu gün Rusiya xarici işlər naziri artıq açıq şəkildə Ermənistan hakimiyyətinə qəti mesajını vermiş oldu. Ermənistan son vaxtlar nə etdiyini bilmir. Ermənistan bilməlidir ki, NATO ilə münasibətləri yaxşılaşdırmaqla və KTMT-dən çıxmaqla Rusiyanı hədələyə bilməz. Bunu qəti şəkildə dayandırıb və tərəfini seçməlidir. Rusiyanın təkəbbürlü baş nazir Nikol Paşinyanı necə cilovlamaqla bağlı dəqiq strategiyası var. Bu gün yalnız ilk addım atıldı. Sonrakı proseslər daha ciddi olacaq", - deyə rusiyalı politoloq əlavə edib.


MANŞET XƏBƏRLƏRİ