Kameralarla yazılan cərimə bu məbləğdə olacaq - Açıqlama


İnzibati Xətalar Məcəlləsinə bu gün edilən və sabahdan qüvvəyə minən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmağa görə kameralar vasitəsilə də cərimə yazmaq olacaq.

Edilən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmaya görə BNA-nın cərimə yazmaq səlahiyyəti ləğv edilib.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov BNA-nın kameralar vasitəsilə cərimə yazmaq səlahiyyətinin sabahdan ləğv ediləcəyini deyib:

"İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsi üzrə yəni kameralar vasitəsilə cərimə yazmaq səlahiyyəti onsuz da Dövlət Yol Polisində var idi, onlar cərimələri yazırdılar. Sadəcə, Bakı Nəqliyyat Agentliyi də xüsusi elektron cihazlar, dirəklərə quraşdırılmış kameralar vasitəsilə əsassız olaraq cərimələr edirdi. Bununla bağlı biz də dəfələrlə qeyd etmişdik ki, Bakı Nəqliyyat Agentliyinin bu cür cərimələri əsassız və qanunsuzdur. Daha sonra vətəndaşlar məhkəməyə müraciət etdilər və bir neçə məhkəmə işində cərimə olunan vətəndaşlar qalib gəldilər. Məhkəmə təsbit etdi ki, yazılan cərimələr qanunsuzdur.

Yeni qərara görə Bakı Nəqliyyat Agentliyinin bu növ cərimə etmək səlahiyyəti ləğv edilir".

Onun sözlərinə görə, dəyişiklikdən sonra cərimələrin məbləği dəyişməyəcək:

"Cərimələrin məbləği olduğu kimi qalır. Ötən il cərimə qaydalarına dəyişiklik edilmişdi – dayanma-durma qaydalarının pozulmasına görə 20 manat cərimə yazılır. Sadəcə dayanma-durma qaydalarının kobud pozulmasına görə cərimə 40 manata qaldırılıb".

https://yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ