İstanbulda terror təhlükəsi: Almaniya və İsveçin konsulluqları bağlandı


Almaniyanın İstanbuldakı Baş Konsulluğu təhlükəsizlik təhdidləri səbəbindən çərşənbə günündən fəaliyyətini dayandırıb.

Turkustan.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik bildirib.

"Almaniya konsulluğu fevralın 1-dən bağlı olacaq. Bütün viza və pasport məsələləri dayandırılıb", - deyə Baş Konsulluqdan bildirilib.

Bundan əvvəl Böyük Britaniya və Niderlandın İstanbuldakı baş konsulluqları şəhərin mərkəzində terror aktları təhlükəsi səbəbindən ziyarətçi qəbulunu dayandırdıqlarını açıqlayıblar.

Bununla yanaşı İsveç Baş Konsulluğu ziyarətçilərin qəbulunu dayandırıb.

Niderland diplomatik missiyası 2022-ci ilin noyabrında terror aktının baş verdiyi şəhərin mərkəzi rayonu olan Bəyoğlu rayonunun İstiqlal küçəsində, Almaniya və Böyük Britaniyanın konsulluqları isə İstiqlal küçəsi yaxınlığında yerləşir.

ABŞ səfirliyi bazar ertəsi vətəndaşlarına İstanbulun mərkəzində terror aktları təhlükəsi barədə xəbərdarlıq edib. Hədəflərin İstanbuldakı kilsələr, sinaqoqlar, diplomatik nümayəndəliklər və ya əcnəbilər arasında məşhur olan digər yerlər, xüsusən də İstanbulun Bəyoğlu, Qalata, Taksim rayonları, İstiqlal küçəsi ola biləcəyi qeyd olunub.

ABŞ səfirliyi ötən həftə də Avropada ifrat sağçıların "Quran" nüsxələrini yandırması fonunda terror aktlarının baş verə biləcəyi barədə xəbərdarlıq etmişdi. Daha sonra Fransa diplomatik missiyası Amerika səfirliyinin məlumatlarına istinadən oxşar xəbərdarlıq edib. (publika.az)


MANŞET XƏBƏRLƏRİ