"İranın Azərbaycana qarşı müharibəyə başlaması realdır"


Sülhəddin Əkbər: "DTX-nın antiterror qurumu terror təhlükəsi risklərini yüksəltməlidir"

Azərbaycanın yerləşdiyi geosiyasi coğrafiyada vəziyyət hər gün bir qədər də gərginləşir. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi davam etdiyi bir zamanda cənub qonşumuz İran yeni müharibə təhdidlərini artırmaqdadır. İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi Tehran rejimini sarsıtmış oldu. Bu, müharibədən sonra İranın Azərbaycana qarşı davranışlarında, rəsmi Tehrandan Bakıya yönəlik verilən bəyanatlarda açıq şəkildə görünür. Ötən il sərhədlərimizdə İran ordusunun genişmiqyaslı hərbi təlimlər keçirməsi, təhdid dolu mesajlar verməsi Tehran rejiminin gərginliyin artan xətlə getməsində maraqlı olduğunu göstərirdi.

Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" silahı ilə terror hücumu, səfirliyin əməkdaşlarından birinin qətli, ikisinin yaralanması diplomatik gərginliyi pik həddə daşıdı. Artıq Azərbaycan Tehrandakı diplomatik nümayəndəliyin fəaliyyətini dayandırıb, terror aktının dəqiq araşdırılmasını, cinayətkarların cəzalandırılmasını tələb edir.

Əsas məqamlardan biri ondan ibarətdir ki, səfirliyə hücum olduğu gün İsraildə sinaqoqda terror aktı törədildi və 8 nəfər qətlə yetirildi. İsrail qeyri-rəsmi şəkildə bu terrorun İran tərəfindən həyata keçirildiyinə işarə etdi. Hadisədən bir gün sonra İranın müxtəlif şəhərlərində hərbi obyektləri, bazalar, strateji əhəmiyyətli obyektlər dronlardan atəşə tutuldu. Hücumun İsrail tərəfindən həyata keçirildiyi təsdiqlənməsə də, əksər ekspertlər hesab edirlər ki, bu, sinaqoqdakı terrora cavab idi.

Məsələ ilə bağlı İran hələ ki, susqunluq nümayiş etdirir. Lakin gözlənilir ki, Tehrandan buna qarşı cavab veriləcək. Analitiklər hesab edirlər ki, bu cavabla İsraillə İran arasında mübaribə aktiv fazaya keçə bilər ki, bunun Azərbaycana təsiri qaçılmaz olacaq.

İsrail-İran müharibəsinin anonsu artıq rəsmi Təl-Əvəv tərəfindən də verildi. Belə ki, İsrail Baş naziri Benyamin Netanyahu ölkəsinin İrana qarşı hərbi güc tətbiqini mümkün hesab etdiyini vurğulayıb. İsrail hökumətinin başçısı CNN telekanalına müsahibəsində deyib ki, "nəzarətə götürmə uğurlu alınmasa, hərəkətə keçməkdən başqa çarə qalmayacaq".

Ekspertlərin qənaətincə, istəsək də-istəməsək də, İran müharibəyə Azərbaycanı da cəlb edəcək. İran mediasında "Azərbaycanın hərbi obyektlərini raketlərlə vuraq, yoxsa vurmayaq?" sorğusunun keçirilməsi, ictimai rəydə Tehranın Azərbaycanı düşmən kimi, "sionist rejimin dostu" kimi qələmə verməsi də vəziyyətin gərgin olduğundan xəbər verir.

Regiondakı gərginlik, müharibə təhlükəsi ilə bağlı AYNA-nın suallarını cavablandıran ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) başçısının sabiq müavini, Azad Demokratlar Partiyasının rəhbəri Sülhəddin Əkbər in sözlərinə görə, İranda hərbi obyektlərin vurulması və hazırda davam edən qüeyri-müəyyənlik strategiyadır ki, bu, psixoloji müharibənin komponentlərindən biridir:

- İndi İran açıq şəkildə desə ki, bunu İsrail kəşfiyyatı həyata keçirib, adekvat cavab verməlidir. Bəyan etmək konkret hədəf göstərməkdir ki, bunu edirsənsə, konkret cavab verməlisən. Yəqin ki, İran tərəfi buna cavab verməyə hələ hazır deyil. Baş verənlərdən danışmaq üçün saatlarla vaxt lazımdır. Məsələlərə hadisələrdən əvvəl və sonra baş verənlər kontekstində yanaşmaq lazımdır. Əvvəl bundan ibarətdir ki, İsrailin həm təkbaşına, həm də ABŞ-la birgə qərarı var ki, İranın nüvə silahı əldə etməsinə imkan verilməyəcək. Bu qərarı İsrail və ABŞ gizlətməyib. Bunun üçün hazırlıqlar da görülüb, təlimlər də keçirilib. Bu hadisələr ərəfəsində İsrail-ABŞ birgə təlimləri keçirildi. Bu təlimlərdə də məqsəd İrana zərbələrin vurulmasının işlənməsi idi. Pentaqonun açıqlamasına, ABŞ mediasında yazılanlara nəzər salsaq, görərik ki, Vaşinqton deyir: "İrana raket hücumlarında biz iştirak etməmişik".

Bununla işarə edilir ki, əməliyyatı İsrail həyata keçirib. Bəzi media orqanlarında açıq şəkildə bu əməliyyatı İsrailin həyata keçirdiyi yazılır. Aydın məsələdir ki, İran obyektlərini İsrail vurub. Yanvarın 27-si axşam saatlarında İsrailin hərbi-siyasi kabineti toplantı keçirdi, 28-i gecə saatlarında da belə bir əməliyyat keçirildi. Hesab edirəm ki, baş verənlərlə bağlı Azərbaycan faktoru da var.

- Burada Azərbaycanın hansı rolu ola bilər ki?

- Siyasətdə, ümumiyyətlə, geosiyasətdə təsadüflər yoxdur. Məsələ burasındadır ki, yanvarın 27-də həm də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu edildi. Bu, İranın Azərbaycana qarşı kəşfiyyat hücumu idi. Eyni zamanda, sinaqoqdakı terror da kəşfiyyat hücumu idi. Bu hücumlara cavab İsrail tərəfindən verilmiş oldu. Bununla Azərbaycana "qorxmayın, yanınızdayıq" mesajı verilmiş oldu. Biz bir çox məsələləri deyirik, amma deyə bilmədiklərimiz də çoxdur. Demək istədiyim odur ki, kəşfiyyat müharibəsi başlayıb və bunun inkişafı da gözləniləndir. Çünki tərəflərin heç birinin geri çəkiləcəyi görünmür. Nə İran, nə israil, nə də Azərbaycan geri çəkilmək niyyətindədir. Ona görə də biz məsuliyyətli və hazırlıqlı olmalıyıq – həm xalq olaraq, həm dövlət olaraq.

- Söhbət hansı hazırlıqdan gedir?

- Elə bir dövrə daxil olmuşuq ki, bu dövr bizdən maksimum məsuliyyət, birlik və hər bir addımımızı ölçülü-biçili atmağı tələb edir. Təəssüf ki, Azərbaycanda milli siyasət işləmir. Milli siyasət milli konsensus əsasında işlənib-hazırlanmış olmalıdır. Bizdə belə bir milli siyasət konsepsiyası yoxdur. Milli siyasət konsepsiyamız olsaydı, biz bilərdik ki, hansı hadisə baş verəndə biz hansı addımı atmalıyıq. Hesab edirəm ki, Milli Təhlükəsizlik Şurası bu konsepsiyanın üzərində işləməlidir. Planlar olmalıdır və şəraitə uyğun davamlı şəkildə dəyişməlidir.

Açıq demək lazımdır ki, İran Azərbaycanı müharibə ilə təhdid edir və kəşfiyyat müharibəsi başlayıb. Səfirliyə qarşı terror bunu deməyə əsas verir. Təbii ki, bu kəşfiyyat müharibəsinin davamı gələcək. Düşünürəm ki, bundan sonra İranın addımları öz ərazisində olmayacaq. Ehtimal var ki, İran növbəti addımı ya Azərbaycan ərazisində həyata keçirəcək, ya da üçüncü ölkədə Azərbaycan maraqlarına qarşı atacaq. Yaxud da Xəzər dənizində Azərbaycanın neft-qaz infrastrukturuna qarşı addım atıla bilər. Çünki İran vaxtilə bu yöndə təlim keçirib. Azərbaycanın hava məkanı pozula bilər. Xalqımızı qorxutmaq üçün demirəm, amma Azərbaycan ərazisində çox ehtiyyatlı olmaq lazımdır. Xüsusən də insanların sıx toplaşdığı yerlərdə nəzarət güclü olmalıdır. Azərbaycana qarşı törədilən terror aktlarının geniş siyahısı var. Metroda çox diqqətli olmaq lazımdır. DTX-nın antiterror qurumu terror təhlükəsi risklərini yüksəltməlidir. Bu zaman görülən antiterror tədbirləri həm yüksəlir, həm də ciddiləşir.

- Azərbaycanın müttəfiqlərinin bu təhdidlərə qarşı baxışı necədir?

- Bizim bəxtimiz onda gətirib ki, geopolitik, geostrateji və geoekonomik kanyuktura bizim xeyirimizədir. Azərbaycanın strateji önəmi artıb. Üstəlik, İran və Rusiya eyni destruktiv hərəkəti edir və Azərbaycan yeganə ölkədir ki, bu iki dövlətlə sərhəddir. Ona görə hər zaman deyirəm ki, Qarabağ məsələsinin həllini geopolitik konyuktura çərçivəsində qoymalıyıq.

Tehrandakı səfirliyimizə hücuma beynəlxalq reaksiyanı gördük. Düzdür, hücumun diplomatik nümayəndəliyə edilməsinin də Azərbaycana dəstəkdə rolu var. Amma yenə də verilən reaksiyalar müsbətdir. Terroru hansı ölkələr pislədi, hansı bəyanatlar verildi - bunlar hamısı önəmlidir. İndi Azərbaycan xarici işlər naziri bunları təhlil etməlidir. Verilən bəyanatlara əsasən, Azərbaycana dost və düşmən ölkələri, beynəlxalq təşkilatları sıralamaq olar. Buna uyğun da siyasətimizi qurmalıyıq.

- Dediniz ki, İran kəşfiyyat müharibəsinə başlayıb. Bunun Azərbaycana qarşı açıq müharibəyə çevrilməsi ehtimalı nə qədərdir?

- Çox realdır. Müharibə bir neçə məsələdən asılıdır. Birincisi, İrana qarşı hazırda başlayan və getdikcə inkişaf edəcək əməliyyat hansı miqyası alacaq? Lokal əməliyyatlarmı olacaq, yoxsa geniş əməliyyatlarmı? Ola bilsin ki, əməliyyatlar ancaq İranın hərbi obyektlərinə qarşı olsun, yaxud da SEPAH-a, onun Qüds briqadasına zərbələrlə məhdudlaşsın. İran cavab verməsə, belə məhdud əməliyyatlar olacaq. Əgər İrana qarşı irimiqyaslı zərbələr endirilərsə, burada təkcə İsrail yox, ABŞ da iştirak edərsə, o zaman yalnız hava zərbələrindən yox, artıq qurudan və dənizdən də əməliyyatlar keçiriləcək. Bu zaman da İraq ərazisindən, Kəngər körfəzindən, Hind okeanından zərbələr vurulacaq.

Təbii ki, bundan Azərbaycan kənarda qala bilməz. İranın Azərbaycana qarşı müharibə elan etməmişdən öncəki hərəkətlərinə baxmaq lazımdır. İran müharibəyə başlamadan öncə Azərbaycanın strateji obyektlərinə dronlarla hücum edə bilər, raket zərbələri endirə bilər. Heç bir dövlət birdən-birə müharibəyə başlamır. Əvvəlcə uzun müddət kəşfiyyat işləyir, məlumatlar toplanır, sonra kəşfiyyat döyüşləri aparılır. Bütün məlumatlar toplanandan, güc nisbəti yoxlanıldıqdan, əminlik yarandıqdan sonra müharibəyə qərar verilir. Məncə, İran hələlik kəşdiyyat prosesini başa vurmayıb. İran kəşfiyyat hücumları ilə yoxlamağa çalışacaq ki, görsün, bu addımlara Azərbaycan necə reaksiya verir, Azərbaycanın strateji müttəfiqi Türkiyə necə reaksiya verir, Britaniya, İsrail və ABŞ necə reaksiya verir.

- Dediyinz dövlətlərin reaksiyası necə olacaq?

- Məncə, artıq bu dövlətlər reaksiyalarını bildiriblər. Səfirliyə qarşı edilən terror aktına reaksiya bunu göstərdi. Azərbaycana "yanındayıq" mesajı verilib. Azərbaycan hava hücumundan müdafiə sistemini tam mükəmməl şəkildə qurmalıdır. İndi bunun tam zamanıdır.


MANŞET XƏBƏRLƏRİ