Banklardakı puldan vergi tutmaq... Hansı risklər var? - Ekspert


"Fevral ayından etibarən banklar müştəriyə faiz ödəyəndə onun bir hissəsini hökumətə vergi kimi saxlayacaqlar".

Bunu iqtisadçı ekspert Xalid Kərimli Bakupost.az -a açıqlamasında bildirib.

Onun sözlərinə görə, 2016-cı ildə bu güzəşt tətbiq ediləndə ölkədə maliyyə sabitliyi yox idi:

"İnsanlar sürətlə depozitlərini banklardan çəkirdilər və xarici valyutaya çevirirdilər. Həm depozitlərin strukturunda manatın payı kəskin azalırdı. Manata etibar yox idi. Həm də banklara etibar aşağı düşmüşdü. Həmin dövrdə vəziyyəti stabilləşdirən qərarlardan biri bu idi. Bu güzəşt müddətli güzəşt idi. Yəni vergi həmişə olub. İnsanları bank sektoruna əmakdaşlığa cəlbi ilə əlaqədar arada güzəştlər olurdu. Məsələn, neftin qiymətinin düşməsi ilə əlaqədar güzəşt tətbiq olunmuşdu".

Xalid Kərimli həmçinin deyib ki, təkcə buna yox, səhm və istiqraz gəlirlərinə də güzəşt tətbiq edilmişdi:

"Burada müddət 2023-cü il fevralın 1-nə qədər idi. Fevralın 1-dən sonra səhm və istiqrazın güzəşt müddəti daha 5 il artırıldı. Səhmlə istiqrazın gəlirlərinin vergiyə cəlb olunmasına verilən güzəştli müddət uzadıldı ona görə ki, ölkədə kapital bazarının formalaşması ilə əlaqədar problem var. Demək olar ki, bazar zəifdir. Ona görə də hökumət daha 5 il bu bazara güzəşt verir ki, bu bazar inkişaf etsin. Amma depozitlərdə bu güzəşt müddəti bitdi. Bunun əsl səbəbi odur ki, bu dövrdə manatın stabilliyi ilə əlaqədar manata güvən yaranıb. İnsanlar resurslarını artıq daha rahat bank sektoruna qoyurlar. Həmin dövrdə qəbul edilmiş qərar zamanı insanların depozit məbləği 8 milyard manat idi. İndi qalxıb 11 milyard manatdan yuxarı, yəni 3 milyard manatlıq bir artım var".

Ekspert qeyd edir ki, depozitlərin strukturunda manatın xüsusi çəkisi dollar və digər valyutaları üstələyir:

"Yəni, 60%-dan çox manatla depozitlər yatırırlar. Dövlət istədiyi güzəşt vasitəsilə istədiyi nəticəni əldə etdi. İndi bunu davam etdirməyi məqsəd uyğun görmür. Çünki bankların pul cəlbində problemi yoxdur. Hal-hazırda bankların əlindəki artıq vəsaitlərin iqtisadiyyata yerləşdirmək, kreditləri satmaq kimi problemləri var. Bu baxımdan hökumət bunları nəzərə alaraq verginin uzadılmasını məqsədəuyğun hesab etmir və ordan vergi cəlb etməyi fikirləşir.

Beləliklə, fevral ayından etibarən banklar hesablayıb müştəriyə faiz ödəyəndə onun bir hissəsini hökumətə vergi kimi verəcəklər. Mən düşünmürəm ki, bu qərar ciddi surətdə banklardan pul çıxarılmasına gətirib çıxaracaq. Çünki alternativ yoxdur. Bu, bank sektorunda problem yaratmayacaq. Manatında qarşımızdakı ən azı bir il ərzində etibarı yüksək olduğuna görə manatın məzənnəsinə də hər hansı təzyiq formalaşdırmayacaq. İqtisadiyyat üçün həç bir problem yaratmayacaq".


MANŞET XƏBƏRLƏRİ