İrana qarşı yeni koalisiya - Yeni dünya müharibəsinin astanasında


ABŞ və İsrail İrana qarşı genişmiqyaslı koalisiya yaratmağa başlayıb.

ABŞ dövlət katibinin Yaxın Şərqə səfərinin bu məqsədə xidmət etdiyi iddia olunur. İsrail isə ərəb dövlətlərində ibarət koalisiyanı yaratmağa çoxdan cəhdlər edir.

Politoloq Elşən Manafov Bakupost.az -a açıqlamasında deyib ki, ABŞ-ın İrana qarşı koalisiya yaratmaq istəyi artıq tarixin süzgəcindən keçmiş bir tendensiyadır və bölgədə gərginliyin artmasına hesablanmış bir siyasətdir:

"Amma onu deyim ki, İran İraq deyil. Konkret ideologiya ətrafında, İslamın şiə ideologiyası ətrafında mütəşəkkil qüvvə təsiri bağışlayır". Onun sözlərinə görə, ABŞ əslində, İrana endirilən PUA zərbələrini beynəlxalq hüquqa görə qınamalı idi. Bu zərbələri İsrail, yoxsa ABŞ-ın bölgə üzrə müttəfiqi olan ərəb dövlətlərindən hansısa edib fərq etməz. Əgər ABŞ həqiqətən, demokratiya uğrunda mübarizə aparan dövlətdirsə suveren dövlətin ərazisinə endirilən zərbələrə görə hücum edən dövlətin məsuliyyətə cəlb olunması ilə bağlı tədbirlərin görülməsini diqqətə çatdırmalı idi".

Elşən Manafov bildirib ki, ABŞ-ın başçılığı ilə koalisiyanın İrana qarşı apara biləcəyi müharibə sivilizasiyalar müharibəsi ortaya çıxara bilər:

"Mən inanmıram ki, İranın vurulacağı təqdirdə siyasi müttəfiqləri olan Rusiya, Çin, bəzi ərəb dövlətləri sussunlar. Ona görə də koalisiya İranla müharibənin başlaması ərəfəsində bütün imkanlarını götür-qoy edəcək. Ona qarşı başlanmış müharibə regional deyil, qlobal problemlər yarada bilər".

Politoloq hesab edir ki, İranla hər-hansı silahlı toqquşma Azərbaycanın maraqlarına uyğun deyil:

"İran Azərbaycanla həmsərhəd bölgədə yerləşir. Təbii ki, regionda vəziyyətin ağırlaşması Azərbaycanın maraqlarına cavab vermir. Baxmayaraq ki, bu gün Azərbaycan İran münasibətləri gərginlik var. Məlum hücumdan sonra səfirliyimiz Tehranda bağlandı. Bununla belə düşünürəm ki, Azərbaycan regionda vəziyyətin daha da ağırlaşması, öz ərazisindən İran ərazisinə zərbələr endirilməsinə yol verməməlidir. Bu mənada İran və Rusiyanı birləşdirən bir vacib məsələ də bölgədə Qərb dövlətlərinin hərbi anlamda üstünlüyünə və inteqrasiyasına yol verməməkdi. Bunu rəsmi Bakı da gözəl başa düşür. Ona görə də bizim İranla münasibətlərimiz kifayət qədər ölçülüb-biçilmiş, təmkinli və Azərbaycanın milli maraqlarına hesablanmış bir siyasətdir. Baxmayaraq ki, İsrail Azərbaycanın yaxın müttəfiqlərindən biridir. Güman eləmirəm ki, rəsmi Bakı güclənə biləcək qarşıdurmada Qərbin xeyrinə ola bilən hər hansı bir addım atsın".

Əfsanə Rəcəb

BakuPost


MANŞET XƏBƏRLƏRİ