"Bizdəki dindarlar deyir ki, Sistani ağa dini liderimizdir: Ondan imtina olunmalıdır"


Xəbər verdiyimiz kimi, yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə hücum nəticəsində mühafizə rəisi həlak olub, iki təhlükəsizlik əməkdaşı yaralanıb. Bir çox ölkə bu silahlı hücumu pisləyib.

Hücumdan sonra tələsik açıqlama verən Tehranın polis rəisi Hüseyn Rəhimi hadisənin motivini təhrif etməyə cəhd göstərdi. O, bildirdi ki, guya hadisəni törədən şəxs səfirliyə iki uşağı ilə gəlib, hücum ailə-məişət zəminində baş verib. Hadisələrdən sonra Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini tam dayandırdı.

Bəs görəsən, Azərbaycandakı dindarlar İrana etiraz olaraq oradakı ziyarətgahlara getməkdən imtina edə bilərmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan ilahiyyatçı Elşad Miri Azərbaycanda bəzi dindarların dini lider olaraq İrandakı din xadimlərini əsas götürdüyünü deyib:

"Baş verən hadisələrdən sonra İrandakı ziyarətgahlara azərbaycanlı dindarların gedib-getməyəcəyini onların özündən soruşmaq lazımdır. Çünki bizdəki dindarlar din xadimi olaraq təqlid etdikləri şəxslərin İrandakı dini liderlər, Sistani ağa olduğunu deyir və onu əsas alırlar. Ona görə də onların sözləri ilə oturub-dururlar, onların hər şeydən önəmli olduğunu iddia edirlər. Bu məsələ ilə bağlı konkret olaraq Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri özü dəfələrlə İrandakı şəxsləri dini lider olaraq qəbul etdiyini açıqlamışdı. İndi çıxıb özü şəxsən açıqlama versə ki, mən artıq onu dini rəhbər olaraq qəbul etmirəm, onu təqlid eləmirəm desə, ümid edirəm ki, digərlərində də belə bir yanaşma olacaq. Onlarda da bir fikir formalaşacaq və ona uyğun addım atacaqlar".

Onun sözlərinə görə, həmin şəxslər hələ də baş verən terror hadisəsi ilə bağlı heç bir münasibət bildirməyiblər:

"İndiki vəziyyətdə Azərbaycanda özünü İranda mövcud olan məzhəbə uyğun hesab edən, özünü o məzhəbin təmsilçisi olaraq qeyd edən insanlar oradakı dini lideri özlərinin rəhbəri olaraq qəbul edirlər. Bu hadisələr zəmnində də heç biri bu günə qədər çıxıb İranın əleyhinə heç bir reaksiya, fikir, münasibət bildirməyiblər".


MANŞET XƏBƏRLƏRİ