İt haqda meyxanaya görə neçə manat şabaş verilib? – Açıqlama/VİDEO


"Mən heç kimin itinə meyxana deməmişəm".

Bu sözləri Globalinfo.az-a açıqlamasında meyxanaçı Mehman Əhmədli şadlıq saraylarının birində biznesmenin itinə meyxana deyilməsi haqda danışarkən deyib.

O, itlə bağlı qafiyəyə qarşı çıxdığını bildirib:

"Mənim itə meyxana deməməyim həmin videoda aydın şəkildə görünür. Orada açıq dedim ki, mən it-pişikdən meyxana demirəm. Meyxana ilə sözümü belə çatdırdım ki, "mən itdən-pişikdən meyxana demirəm, çünki həmişə yaşamışam Əhmədli Mehman kimi". Heç kim mənim adımı itə meyxana deməkdə hallandırmasın!"

M.Əhmədli qeyd edib ki, heç bir məbləğ qarşılığında it haqqında meyxana deməz:

"Tutaq ki, lap böyük şabaş veriblər. Tüpürüm o şabaşa ki, mən hansısa heyvana meyxana deməliyəm. İkincisi isə, heç böyük şabaş verilməmişdi, yəni məbləğ az idi. Sadəcə, kimdənsə xahiş etdilər, o da gəldi qafiyə açdı. Səhv etmirəmsə, dedilər, bu it çempion olub, 235 min pul qazandırıb".

Qeyd edək ki, "Bakupost" ötən gün Bakıdakı şadlıq saraylarının birində meyxana ustadlarının itə meyxana deməsi haqda məlumat yayıb. Bildirilib ki, hadisə meyxana ustası Mübariz Maştağalının ad günündə baş verib. Belə ki, Sadiq adlı biznesmen meyxana sifariş verib və itinin təriflənməsini istəyib. Məclisdə meyxana ustadları – Ağamirzə, Mehman Əhmədli, Akif Arif, Mübariz Maştağalı iştirak ediblər.


MANŞET XƏBƏRLƏRİ