Yanvar ayı bitdi, pensiyalar niyə artırılmadı?


Pensiyaların indeksləşdirilərək artırılmasının fevralın ikinci həftəsinə təsadüf edəcəyi gözlənilir.

Turkustan.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, pensiyalar əvvəlki ildə orta aylıq əmək haqqındakı artıma indeksasiya olunur.

"Bu göstərici isə fevral ayının ilk yarısında elan edilir. Ötən ilin ilk 11 ayında Azərbaycanda orta aylıq əmək haqqı 14,6 faiz artıb. Bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb. Əmək haqqındakı artım faizi əmək pensiyalarının indeksasiyasında istifadə edilən əsas meyardır. Gözlənilir ki, təxminən fevralın 12-dək Dövlət Statistika Komitəsi rəsmi artım rəqəmini elan edəcək və daha sonra indeksləşdirmə ilə bağlı sərəncam imzalanacaq. Bu baxımdan, indeksləşdirmənin yanvarda baş tutmaması heç də pensiyaların artırılmayacağı anlamına gəlməməlidir", - V.Bayramov qeyd edib.

Millət vəkili əlavə edib ki, sərəncamın fevral ayında imzalanmasına baxmayaraq, pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək:

"2022-ci ilin 11 aylıq yekunları təsdiq edir ki, pensiya məbləğlərində yeni artımlar 15.0 faizə yaxın olacaq. Pensiyaçılara bu ay yanvar üçün hesablanmış artım da ödəniləcək. Mart ayından etibarən isə artırılmış standart aylıq pensiya məbləğini alacaqlar". (publika.az)


MANŞET XƏBƏRLƏRİ