İranın Azərbaycandakı media gücü


Vüqar Zifəroğlu

Filologiya elmləri doktoru vəBakı Dövlət Universitetinin Jurnalistika fakültəsinindekanı

Müasir dövrdə iri dövlətlərin qonşu ölkələrə mədəni ekspansiyası 21-ci əsrin adi reallığına çevrilib. Müxtəlif üsullardan istifadə edilməsinə rəğmən, bu ekspansiya "informasiya texnologiyaları əsri"ndə, daha çox informasiya müharibəsi və manipulyasiyası vasitəsi ilə aparılır. Media vasitəsi ilə gündəlik şəkildə evimizə daxil olan, ailəmizi, yaxınlarımızı, cəmiyyətimizi öz təsiri altına alan informasiya, bu gün ən qiymətli və təsirli silahdır. Aparıcı dövlətlər müxtəlif bölgələrdə öz təsir dairələrini genişləndirmək üçün kütləvi informasiya vasitələrindən istifadə etməkdədirlər. Məhz bu silah vasitəsi ilə qurulan təbliğat, bəzən bütöv bir cəmiyyəti tam mənası ilə nəzarət altına almaq üçün kifayət edir.
Müstəqillik əldə etdikdən sonra Azərbaycan da bu cür informasiya manipulyasiyası və təzyiqini hər zaman öz üzərində hiss edib. Təəssüf ki, 1991-ci idə müstəqilliyimizi qazandığımız illərdən başlayaraq İran Azərbaycan media məkanına nüfuz etmək, müəyyən təsir imkanları qazanmaq məsələlərinə ciddi önəm verib. Təbii ki, bu zaman başlıca məqsəd özünə uyğun elektorat formalaşdırmaq, maraqlarına uyğun informasiya dövriyyəsini təşkil etmək və bununla da təsir imkanlarını genişləndirmək olub. Yad təsir və təbliğat mezanizminin təsiri altına düşən beyinlər üçün milli dövlətçiliyin təməl prinsipləri anlayışı olmur. Belə bir ictimai bəla və problemlərdən daha çox İran və Ermənistan yararlanır. Bu iki dövlətin təməl prinsipi isə antitürk, antiAzərbaycan mahiyətində bütünləşməkdədir. Bu isə təsadüfi deyil. İran hər zaman Azərbaycanı Cənubi Qafqaz siyasətində başlıca hədəf kimi görüb.
1978-ci ildə İranda "Dünya Müsəlmanlarının Dini Lideri" dövlət idarəetmə institutu yaradıldıqdan sonra, bu dövlətin əsas strateji hədəflərindən biri də, qonşu dövlətlərdə din pərdəsi altında fars şovinizmi və paniranizmə xidmət edən dərin qatların qurulması oldu. Fələstin, Oman, Sudan, Yəmən, Pakistan, Əfqanıstan, Suriya, Türkiyə və İraq dövlətlərində Tehrandan yönləndirilən çox sayda infrastrukturlar formalaşdırıldı. SSRİ imperiyası dağıldıqdan sonra, keçmiş sovet məkanına daxil olan və əhalinin mütləq əksəriyyətini müsəlmanlar təşkil edən ölkələr də - Azərbaycan, Türkmənistan, Gürcüstan, Tacikistan, Özbəkistan, Qırğızıstan və Qazaxıstan – bu layihəyə daxil edildi. Bu dövlətlərdən İrana təhsil almaq adı altında aparılan gənclər dini təhsillə yanaşı, həm də "şiə təlimi" modelində fars şovonizminin psixologiyasına uyğunlaşdırıldılar. İndi həmin gənclərin çoxu İranın təsir dairəsi altında olmaqla həm də sosial baza məzmun və xarakterini daşıyırlar.
1991-ci ildə isə İranın Qum şəhərində "Qafqaz-Orta Asiya Araşdırma Mərkəzi"nin nəzdində Azərbaycanla bağlı formalaşdırılan xüsusi strukturlarda işə cəlb edilən və İran xüsusi kəşfiyyat orqanlarını təmsil edən mütəxəssislər regional infrasturkturları yaratmaqla yanaşı, gənclərimizin həm Qum, Qəzvin, Kərəc, Məşhəd, Ərdəbil, Tehran, İsfəhan, Mazəndaran və digər şəhərlərindəki xüsusi mərkəzlərdə təhsil almalarını təmin etdilər, həm də sonrakı mərhələlərdə media vasitəsi ilə informasiya sizdirilması, informasiya vasitələrinin yaradılaraq bundan təbliğat və təsiretmə vasitəsi kimi istifadə edilməsi işinə də start verilir.
Təəssüf ki, bu gün dünyada internet və informasiya texnologiyalarının sürətli inkişafından yararlanan İran Azərbaycanla bağlı bütün (siyasi, hüquqi, mədəni, maliyyə, iqtisadi, hərbi, xarici əlaqələr, hakimiyyət, mətbuat və s.) informasiya məkanında artıq müəyyən şəbəkəyə malikdir ki, bu gün keçirilən əməliyyatlar da bunun ən bariz nümunəsi hesab edilə bilər.
Bu cür media kanalları vasitəsi ilə qarşıya məqsəd kimi əslində Azərbaycanın informasiya məkanını nəzarətdə saxlamaqla, lazım gəldiyi təqdirdə Tehranın maraqlarına uyğun sosial zümrəni səfərbər etmək kimi strateji hədəflər qoyulur. Azərbaycanda İrana məxsus informasiya şəbəkələrinin fəaliyyətlərini diqqətlə araşdırdıqda bəlli olur ki, rəsmi Tehran çağdaş informasiya texnologiyalarının bütün vasitələrindən çox asanlıqla yararlanır. Belə ki, virtual radio, informasiya, təbliğat, televiziya kanalları, dərgi, qəzet, kitab yayını və digər kütləvi informasiya və kommunikasiya vasitələrindən geniş şəkildə istifadə edilməkdədir.


MANŞET XƏBƏRLƏRİ