İsraildən əzələ nümayişi: İranı daha nələr GÖZLƏYİR


Xəbər verdiyimiz kimi, yanvarın 29-na keçən gecə İranda bir sıra strateji obyektlərdə güclü partlayışlar olub. İlkin məlumata görə, İsfahanda sursat fabrikinin anbarında partlayış baş verib, hadisə nəticəsində tələfat olmayıb. Ardınca Azərşəhrdə avtomobil istehsalı zavodunda yanğın qeydə alınıb. Güclü yanğın nəticəsində məhsulla dolu çənlər partlayıb, xilasetmə maşını yanaraq sıradan çıxıb. Daha sonra Təbriz şəhərində pilotsuz uçuş aparatları (PUA) istehsal edilən zavodda da yanğın olduğu bildirilib, lakin detallar ictimaiyyətə açıqlanmayıb.

Partlayışlar barədə məlumat yayan İran Müdafiə Nazirliyi sursat zavodlarından birinə mikro ölçülü PUA ilə hücum edildiyini bildirib. Nazirlik hücum edən PUA-lardan birinin vurulduğunu, digər ikisinin zavod üzərində qurulan tora düşdüyünü açıqlayıb, eyni zamanda zavodun damına ziyan dəydiyi nəzərə çatdırılıb.

Ölkənin Xarici İşlər Nazirliyi isə hücumun İranda təhlükə mühiti yaratmaq məqsədilə həyata keçirildiyini qeyd edib. "Bu cür hərəkətlər ekspertlərimizin dinc nüvə fəaliyyətimizdə irəliləyiş əzminə təsir etməyəcək", - İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.

Maraqlıdır, İrandakı partlayışların İsrail tərəfindən həyata keçirildiyi deyilsə də, nə Tehran, nə də Təl-Əviv bu informasiyaları təsdiq edib. Lakin görünən odur ki, İsrail İranı cəzalandırmaq üçün ciddi şəkildə hərəkətə keçib. Tehran rəhbərliyi isə hadisələrin üstündən səssizcə keçməyə çalışır.

Bəs, regionumuzu hansı hadisələr gözləyir? İsrail-İran qarşıdurması nə vəd edir?

Mövzu ilə bağlı Modern.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, İsrailin aviazərbələr endirməsi İranın destruktiv yanaşmasına cavab mahiyyəti daşıyır:

"İranın davranışları, bəyanatları sözügedən hadisənin yaşanmasına səbəb oldu. Mən vaxtilə deyirdim ki, İran Azərbaycana qarşı apardığı mübarizəni yaxşı fikirləşsin. Bəlli idi ki, böyük güclər bu mübarizədən ona qarşı istifadə edəcək. İranın Rusiyaya PUA-lar verməsinə, regionda vəziyyəti gərginləşdirməyə yönəlmiş addımlarına görə, bu ölkənin cəzalandırılacağını demişdik. Belə də oldu. Bu gün baş verən hadisələrin Azərbaycana zərrə qədər də aidiyyatı yoxdur. Baş verənlər İsrail-İran, ABŞ-İran münasibətlərinin təzahürüdür. Bu münaqişədə İsrail daha çox gözə batsa da, ABŞ-ın buradakı fəaliyyəti diqqətdən yayınmamalıdır. ABŞ aviazərbələrin atılmasında İsrailin yanında olub. İranın bəzi səfeh komandanlarının, genarallarının açıqlaması vəziyyəti daha da qızışdırdı. Eyni zamanda İsraildə Sinaqoqda törədilən terror aktı hadisələri bir az da alovlandırdı".

Ekspertin sözlərinə görə, İran bir müddət sakitləşəcək: "Tehranın özündə, İsfahanda və digər şəhərlərdə İranın Müdafiə Nazirliyinə məxsus strateji əhəmiyyətli obyektlərinə hücum edilib. Əgər İran bu hadisənin daha da gərginləşməsində maraqlı olsa, böyük itkilərlə üzləşəcək. Bu baxımdan İran yaxşı-yaxşı fikirləşməlidir. Düşünürəm ki, İran bir müddət sakit qalacaq".

Ü.Cəfərovun fikrincə, İranın İsrailə sərt cavab verməyə cəhd etməsi onun üçün ağır nəticələrə səbəb olacaq:

"İranın böyük güclərlə mübarizə aparmaq imkanı yoxdur. Burada söhbət yalnız İsraildən getmir. Söhbət həm də İsrailə müttəfiq olan dövlətlərdən gedir. Onlar dəfələrlə İrana xəbərdarlıq etmişdilər. İran bu məsələni daha da dərinləşdirməkdən qaçmalıdır. Əks təqdirdə İranın hərbi və iqtisadi itkiləri böyük olacaq. İran çox güman ki, bəyanat və hədə-qorxu dolu çıxışlarla kifayətlənəcək. Hansısa ərazilərdə xırda toqquşmalar da özünü göstərə bilər. Hadisənin dərinləşməsi isə regionda gərgin olan vəziyyəti daha da kəskinləşdirəcək".

İsrail-İran qarşıdurması üçüncü dünya mühaibəsinə gətirib çıxara bilərmi?

Üzeyir Cəfərov suala cavabında deyib: "Mən belə bir hadisənin yaşanacağına inanmıran. Artıq Ukraynada 12 aydır müharibə gedir. Bir çoxları deyirdilər ki, nüvə silahından istifadə ediləcək, qlobal xarakterli müharibə olacaq. Ancaq belə olmadı. Çünki böyük dövlətlər başa düşürlər ki, necə çətin dövrə daxil olunub. Nüvə silahından istifadə edilməsi, müharibənin qlobal xarakter daşıması məsələlərin yaxşılaşmasına xidmət etməyəcək. Beləliklə, böyük dövlətlər İranla mübarizəni lokal şəkildə davam etdirəcəklər".


MANŞET XƏBƏRLƏRİ