Kreml Zelenskinin komandasına necə sızıb? – "Putin yeni plan üzərində işləyir"


"Rusiya Prezidenti Vladimir Putin Ukrayna hakimiyyəti daxilində parçalanma planı üzərində işləyir".

Turkustan.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, qeyd edib ki, Putinin Zelenskinin aradan götürülməsi istiqamətində əməliyyatları da davam edir:

"Rusiya hakimiyyət daxilində ziddiyyətlər yaratmaqla Qərbin dəstəyini kəsmək və Ukraynanın hücum potensialının qarşısını almağa çalışır. Ukraynanın Daxili işlər nazirinin həyatını itirdiyi helikopter qəzası, son günlər müşahidə edilən istefalar məhz Moskvanın apardığı işin nəticəsidir. Demək olar ki, Ukrayna hakimiyyətinin yuxarı eşalonunda təmsil olunanlar Kremlin oyununda yer alıblar".

Ekspert qeyd edib ki, hakimiyyət daxilində parçalanma və istefalar Ukraynanın zəifləməsinə aparır:

"Son bir ayda ordu daxilində ciddi fikir ayrılıqları yaşanır. Bu da Ukrayna qoşunlarının irəliləyişlərinə mane olub. ABŞ Ukrayna hakimiyyətinə siyasi, kəşfiyyat və hərbi dəstəyi yeni müstəviyə çıxarıb, Rusiyaya qarşı yeni bir hücum əməliyyatı reallaşacaq. İki ay ərzində Ukrayna hakimiyyəti monolitliyini qoruya bilərsə, Rusiyanın kəşfiyyat təzyiqlərindən müdafiə olunmaqla gücünü toparlaya biləcək".

Xatırladaq ki, bazar ertəsi Zelenski öz ofisinin rəhbərinin müavini Kirilo Timoşenkonun istefası haqqında fərman imzalayıb. O, Kiyev vilayəti administrasiyasının keçmiş rəhbəri Aleksiy Kulebanı özünə yeni müavin təyin edib. Çərşənbə axşamı prezident üç rayonun, eləcə də Kiyevin nəzarətində olan Xerson və Zaporojye vilayətlərinin bir hissəsinin rəhbərini vəzifəsindən azad edib. Bundan əlavə, müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov çərşənbə axşamı ölkənin silahlı qüvvələrinin ehtiyacları üçün ərzaq alınması ilə bağlı korrupsiya qalmaqalı fonunda istefa verib. Həmçinin çərşənbə axşamı baş prokurorun müavini Aleksiy Simonenko vəzifəsindən azad edilib, icmaların, ərazilərin və infrastrukturun inkişafı nazirinin müavini İvan Lukerya istefa verib. (sfera.az)


MANŞET XƏBƏRLƏRİ