Böyük oyun qızışır: Hədəfdə Azərbaycan da var – Müsahibə


Politoloq Natiq Miri Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Avropa Birliyi Ermənistana iki illik müşahidə missiyası göndərəcək. Sizcə, Brüsselin bu qərarı nələri dəyişəcək, bölgədə gedən proseslərə necə təsir göstərəcək?

- Düşünürəm ki, bu, Avropa Birliyinin bölgə ilə bağlı uzağa gedən hədəflərini ortaya qoyan gəlişmədir. Əgər kimsə düşünürsə ki, bu, adi mülki monitorinq missiyasıdır, yanılır. Bunun bünövrəsi 2022-ci ilin oktyabrında Praqda keçirilən dördtərəfli görüşdə qoyulub. İndi aydın olur ki, Fransa Prezident Makron həmin görüşdə niyə israrla iştirak edib. İlk olaraq, Avropa Birliyinin Ermənistana gəliş yolunu açmaq üçün qısamüddətli missiya göndərdilər. Yəni iki aylıq missiya daha uzunmüddətli missiyanın qapısını açdı. Düşünürəm ki, bu, son deyil. Qənaətimə görə, bu addım gələcəkdə Avropa Birliyinin bölgədə həm siyasi, həm də hərbi baxımdan yerləşməsinin yolunu açacaq.

Açığını desəm, Avropa Birliyinin bu missiyasının müsbət nəticələrin əldə edilməsi üçün çalışacağını düşünmürəm.

- Avropa Birliyinin qərarı Azərbaycanda birmənalı qarşılanmadı, etiraz yaratdı. Hesab etmək olarmı ki, Brüssel "obyektiv vasitəçilik"dən imtina edir?

- Təəssüf ki, Avropa Birliyi kimi böyük bir güc bu gün Fransanın ambisiyalarının qurbanına çevrilir. Artıq Avropa Birliyi bu kontekstdə ikili oynamağa başlayıb. Bir tərəfdən geoiqtisadi və enerji təhlükəsizliyi maraqlarını Azərbaycan vasitəsilə təmin edərkən, digər yandan siyasi dəstəyini Ermənistana verir. Təbii ki, bu, Azərbaycan tərəfindən müsbət qəbul oluna bilməz. Düzdür, Azərbaycan hələlik bu missiyanın nəticələri ilə bağlı bəri başdan fikir bildirmir, ancaq bu prosesdən sui-istifadə davam edərsə, bu, Brüssel və Bakı arasındakı münasibətlərin pozulmasına gətirib çıxara bilər. Belə bir durum da, Avropa Birliyinin bölgə ilə bağlı geosiyasi maraqlarının həyata keçməyəcəyinin bariz nümunəsi olacaq.

Əgər Avropa Birliyi kimi böyük bir güc öz geosiyasi maraqlarını cırtdan və zəif bənd Ermənistanla təmin edəcəyini düşünürsə, bu, axmaqlıqdan başqa bir şey deyil.

- ABŞ da Azərbaycana qarşı Qərbdə başlamış bədnam çağırışına qoşuldu. Bəs ABŞ niyə neytrallığını pozur?

- Əslində, bu, böyük bir planın tərkib hissəsidir. İndi Cənubi Qafqazla yanaşı, dünyanın ayrı-ayrı bölgələrində davam edən müharibələr və geosiyasi qarşıdurmalar bu planın tərkib hissəsi kimi özünü göstərir. Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsi, yanvarın 26-da Avropa Şurasında ölkəmiz əleyhinə keçiriləcək dinləmələr, Brüsselin Ermənistana müşahidə missiyası göndərməsi, ardınca ABŞ dövlət katibinin Bakıya telefon zəngi bir-birini tamamlayan məsələlərdir. Bütün bu faktlar göstərir ki, bu dünya güclərinin vasitəçiliyi ilə aparılan sülh danışıqları Azərbaycanın maraqlarına uyğun deyil. Çünki bu platformalardan heç biri indiyədək heç bir bölgəyə sülh gətirməyib, indiyədək dünyada belə bir təcrübə mövcud deyil.

Hesab edirəm ki, Azərbaycanın özü müstəqil şəkildə hadisələr yaratmağa davam etməlidir. Fikir verin ki, Ermənistan və ona havadarlıq edən dövlətlər beynəlxalq səviyyədə anti-Azərbaycan mövqeyi formalaşdırmaq üçün hərəkətə keçiblər. Bəs biz nə etdik? Laçın yolunda etiraz aksiyasına başlamaqla bir hadisə yaratdıq. Ancaq bununla kifayətlənməli deyil. Hadisələr ard-arda baş verməlidir ki, bizim əleyhimizə başladılan bu proseslərin arxasınca getməyə məcbur olmayaq. Əksinə, özümüz hadisələrin və tələblərin dozasını o qədər artırmalıyıq ki, Ermənistan və havadarları bir daha düşünmək və bizim yaratdığımız prosesin arxasınca sürünmək məcburiyyətində qalsınlar. Bu baxımdan, Laçın yolundakı etiraz aksiyasının yetərli olmadığını düşünürəm.

Növbəti addımlar atılmalıdır. Məsələn, ilk növbədə, Laçın yolunda sərhəd-gömrük məntəqəsi qoymalıyıq ki, hər kəs bu faktla barışsın. Ardınca, bütün dünyaya antiterror əməliyyatının siqnalı verilməlidir. Bu hadisələr ard-arda olmalıdır ki, həm Ermənistan, həm də havadarları başlarını yuxarı qaldıra bilməsinlər.

- Qərbin Azərbaycan və ya Cənubi Qafqazla bağlı nə kimi hədəfləri ola bilər?

- Birinci hədəf, Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və bundan sonra hərbi-siyasi baxımdan Cənubi Qafqazda yerləşməkdir. Bunun üçün Rusiyanı birədəflik regiondan çıxarmağı hədəfləyirlər. İkinci məsələ budur ki, bu prosesə Azərbaycanı da daxil etmək istəyirlər. Çünki Azərbaycansız bunu etmək mümkün deyil və mümkün də olmayacaq. Bu kontekstdə süni şəkildə Qarabağ məsələsi yenidən gündəmə gətirilir, "humitar böhran" cəfəngiyyatı ortaya atılır. Bütün bunlardan da planlarını həyata keçirmək məqsədilə Azərbaycanı tərəflərinə çəkmək üçün təzyiq vasitəsi kimi istifadə edirlər.

Ermənilərin "müstəqil Artsax" sərsəmləməsinə gəldikdə, bu, mümkün deyil. Çünki beynəlxalq birlik və bütün dünya dövlətləri Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar. Sadəcə olaraq, Azərbaycandan Qarabağ ermənilərinə "xüsusi status" və bu fonda onların təhlükəsizliyi ilə bağlı təminat almaq istəyirlər. Bununla da Azərbaycana bölgədə təsir imkanları saxlamaq niyyəti güdürlər. Əvvəllər bunu Rusiya edirdisə, indi Qərb dövlətləri bunu etməyə çalışırlar.


MANŞET XƏBƏRLƏRİ