AMEA Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun böyük elmi işçisi,
fəlsəfə doktoru, dosent Faiq Ələkbərov
Bu günlərdə bütün dünya müsəlmanları kimi Türk-İsdam dünyasının bir parçası olan Azərbaycan xalqı da Məhəmməd peyğəmbərin (s) mövlud, yəni doğum gününü qeyd etmişdir. Ümumiyyətlə, son zamanlar azərbaycanlıların Peyğəmbərin (s) doğum gününə diqqətləri daha çox artmışdır. Bu da, insanlarımızın İslam dininin mahiyyəti və Peyğməbərimizin (s) fəlsəfi-ictimai fikirləri ilə yaxınlıqdan qaynaqlanır. Artıq azərbaycanlılar Peyğəmbər (s) və İslam dini ilə bağlı fikirləri mənbələrdən öyrənir ki, bu da dinə münasibətdə sağlam bir nəslin yetişməsinə səbəb olur.
Bu nəslin dinə münasibətdə mütərəqqi ruhunun daha da gəlişməsində Azərbaycan mütəfəkkirlərinin yaradıcılıqlarında Məhəmməd peyğəmbərlə (s) bağlı məsələləri öyrənməsi də vacibdir. Xüsusilə, yeni dövr mütəfəkkirlərimiz (19-20-ci əsrlər) Allahın rəsulu ilə bağlı ayrıca şeirlər və məqalələr yazmışlar. Belə ki, onlar peyğəmbərmizin həyat yolunun öyrənilməsinə, onun əqidəsinin mahiyyətinin dərk olunmasına və bu mənada, onun mövludunun bəşəriyyət üçün əhəmiyyətinə yönəltmişlər.
Hələ, 19-cu əsrdə tanınmış Azərbaycan mütəfəkkiri Seyid Əzim Şirvani yazırdı ki, Peyğəmbər (s) dünyaya yalnız yeni bir din gətirməmiş, həm də bir sülh və əminamanlığın təməlini qoymuşdur. Onun fikrincə, Allahın rəsulu öz ideyaları insanların qəlbinə yol tapmış böyük və dahi şəxsiyyətdir:
Ol ki, nəleyni vermiş ərşə rəvac,
Ənbiya cümlə feyzinə möhtac.
Zatına yox zəmanə içrə nəzir,
Mehdiyü hadiyü bəşirü nəzir –
Kim, odur şəmsi-Yəsribü Bətha,
Şəbi-dacə cəmalı verdi ziya.
Münkəşəf ondan oldu sübhi-əzəl,
Münxəsəf ondan oldu Latü Cəsəl.
Odur ecazə mənbəyi-mütləq,
Barmağından qəməl olub münşəq.
Ona Qurani möcüzi-baqi –
Ki, qoyub aciz əhli-afaqi.
Gərçi ümmidi zahir ol mövla,
Leyk oldu müəllimi-əsma.
İlləti-mayəkunü məniyi-uün,
Mənbəyi-çeşməsari-elmi-lədün.
Sirri-tövhidü nəfsi-sərməddir,
Əhədü Əhmədü Məhəmmədir.
20-ci əsr Azərbaycan xalqının tannımış mütəfəkkiri, milli ideoloq Məhəmməd Əmin Rəsulzadənin Peyğəmbərimizin (s) mövlud bayramı ilə bağlı «İrşad» və «Açıq söz» qəzetlərində müvafiq olaraq yazdığı «Bu gün» və «Mövlud bayramı» adlı məqalələri xüsusilə diqqətəlayiqdir. «Bu gün» adlı məqaləsində Rəsulzadə ilk növbədə, Allahın Rəsulunun dünyaya gəlməsi ilə bəşər tarixində yeni bir səhifənin açılmasını qeyd etmişdir: «Bu gün bir mübarək gündür ki, aləmi-islamiyyətdə ondan artıq, ondan müqəddəs, ondan əziziraq gün olmasın gərək. Bu gün aləmi-islamiyyət üçün əziz və giramidir, onün üçün ki, bu gündə bəşəriyyətin ağlı olan hörmətli peyğəmbərimizin taxta çıxma günü olub, cümlə müsəlmanların qaranlıq və heyrət vadisindən xilas olaraq, nuraniyyət və mərifət bağçasına keçdikləri gündür. Bu gün haman gündür ki, onda dəryayi-cəhl və vəhşətdə qərq olan ərəblərə mərhəməti-ilahi izal olub, tarixi bəşəriyyətdə parlaq bir səhifə ittixaz etməklərinə səbəb olan Məhəmməd ibn Abdullah əleyhissəlam həzrətləri cümlə insanları vadiyi-cəhalətdən qurtarıb, elm və mərifət irişdirmək üçün məbus oldu».
Eyni zamanda, o Peyğəmbərmizin (s) böyüklüyünü, müqəddəsliyini qeyd etməklə yanaşı, ona olan sevgisini və məhəbbətini də ifadə etmişdir. Rəsulzadənin fikrincə, peyğəmbərin doğum tarixi elə bir mübarək gündür ki, həmin gündə cəhalət və səfalət ucundan neçə on illər gizlin olub, təcəli etməkdən məhrum qalan həqqaniyyət nuru cilvələnib, zülmətpərəst olan yarasa təbiətlilərə dünyanı daraldıb: «Bu gündən əsasi-islam olan hüquqpərəstlik "lailahəilləlah" cümlə həqiqətkəranəsi ilə işar edilib cəhalət məhz və küfran olan bütpərəstlik fəsxinə hökmü ilahi sadir oldu. İslamiyyət nöqteyi-nəzərindən bu günün nə qədər heysiyyəti varsa, insaniyyət nöqteyi-nəzərindən də bir o qədər var və bəlkə də artıqdır. İslam dininin vəzi ilə bir çox insanlar təriqi-zəlal və əsəbiyyətdən qurtarıb rahi-nicat və fəlahə düşdüyünü heç kəs dana bilməz, zənn ediyorum».
«Açıq söz» qəzetində qələmə aldığı «Mövlud bayramı» məqaləsində isə M.Ə.Rəsulzadə yazırdı ki, mövlud müsəlmanlar arasında milli bayram kimi keyfiyyətli şəkildə qeyd olunmalıdır. Başqa sözlə, orucluq, qurbanlıq bayramları islam aləmində hansı şəkildə qeyd olunursa, mövlud bayramı da həmin mənada həyata keçirilməlidir. Rəsulzadə yazırdı: «Hər şeydən əvvəl mövlud rəsmiyyətdən ziyadə səmimi və mənəvi simaya malik bütün xüsusiyyatı ilə ruhlu və tam milli bir gün olmalıdır. Buna «reut» (tamaşa) rəngi vermək, bu gün başqa millətlərin, rəsmi hökumət adamlarının, bələdiyyə və sair müəssisat rəisinin də məclisimizə gəlib bizi təbrik etmələrini gözləmək bicadır. Bərabər yaşadığımız ruslar, ermənilər dəxi milad bayramında böylə rəsmi bir «reut» düzəltdikləri yoxdur. Bu «reut» ancaq tazə ildə oluyor ki, buna müqabil bizim əskidən novruz «reut»imiz vardır. Orucluq, qurbanlıq bayramları nə kibi milli və dini bir mənada isə, mövlud da öylə olmalıdır. Eydi-fətr ədasında, bayram namazı qıldıqda və yainki aşura matəmi saxladıqda, necə ki, rəsmiyyət gözləmiyor, kimsədən təvəqqi etmiyoruz ki, məclisimizdə bulunsun, mövludda da böylə yapılmalıdır. Hətta demək istiyorum ki, mövlud mərasimi xüsusi binalarda yapılacağına məsciddə, məscidi-camedə icra olunursa, daha münasib və daha müvafiq olur».
Azərbacyan türk mütəfəkkiri Əli bəy Hüseynzadə də «Mövludi-Nəbi» məqaləsində yazırdı ki, Peyğəmbərimizin (s) mövludu bəşriyyət tarixində ən dəyərli günlərdən biridir. Onun fikrincə, artıq bu gün heç bir məzhəb fərqi olmadan, bütün müsəlmanlar üçün birliyə çevrilmişdir: «Bu sənə Mövludi-Nəbi münasibətilə Bakı əhli ikinci dəfə olaraq bilafərqi-məzhəb müttəhidən bayram eliyor və ittihadın binasına müəyyən bir təməl daşı atıyor. Keçən sənəki ilk xütveyi-ittihadımız, 13 əsr əvvəl viladəti – Nəbiyə rast gələn hadisati-əziməyə müşabeh vəqaye içində vüqu buldu ki, «Həyat» bunu vəqtilə zikr etmiş idi. Burada şayani-diqqət bir şey daha varsa, o da bu illər peyğəmbərin təvəllüd etdiyi tarixi – şəmsi ayı ilə tarixi-qəməri ayının yekdigərə təfavuq etməsidir. Bu da əmri-ittihadın ibtidası üçün ayrıca bir fali-xeyr əddə olunsa səzadır. Məlumdur ki, peyğəmbərin viladəti həm rəblüləvvəl, həm də nisan ayının ortalarında vüqu buldu. Peyğəmbərimiz asimandan barani-rəhmətin yağdığı və dənizlərdə dürlərin təkəvvün etdiyi bir zamanda dünyaya bir dürri-yetim olaraq gəldi».
Milli operamızın banisi Üzeyir Hacıbəyli «Mövlidi-Nəbi bayramı» məqaləsində (1916) yazırdı ki, indiyə peyğəmbərin mövludunun istənilən səviyyədə qeyd olunmamasının günahkarı özümüz olmuşuq: «Mürsəli-xuda olan zəlalət qaranlığını hidayət nuri ilə işıqlandıran bu gün «islam» adında üç yüz milyon nəfər nüfuslu böyük bir aləm vücudinin səbəbi olan zişan bir peyğəmbərin mövlid günü nə üçün eydi-əzha, eydi-fətr və eydi-novruz kimi rəsmi bir surətdə bayram edilmiyormuş, deyə sual olunduqda cavabı nə olursa-olsun heyrət və təəccübə səbəb olacaqdır. Uşaq, böyük, kişi, arvad, fəqir, dövlətli, cahil, alim – hər kəscə izzü ehtirami fərz bilinən və ismi həmişə səlavat ilə yad olunan peyğəmbərimiz səlavətullahın vücudi-pakına qarşı hörmət və ehtiramımızı inkar etmək olmaz».
Tanınmış Azərbaycan türk mütəfəkkiri Məhəmməd Hadi isə Peyğəmbərimizin (s) movlüd gününə həsr etdiyi «Mövlüdi-fəxri-aləm» şeirində (Füyuzat №15, 1907, 13 aprel) yazırdı ki, onun doğum günü dünyada yeni bir mərhələnin başlanğıcı olmuşdur. Qaranlıq içində inləyən dünya nura boyanmışdır. Hadi yazırdı:
Bu gün sübhi-əzəldən doğdi bir şəmsi-ziyapərvər,
Sərasər qura qərq oldi bu zülmətgahi-insiyyət.
Təməvvüc eylədi dəryayi-fəyazaneyi-qüfran,
Kənarə düşdi bir dürri-səfadari-yetimiyyət.
Bu gün fəxri-cahan pirayeyi-məhdi-vücud oldi,
Bu gündə bəxş olundi kainatə tazə bir zinət.
Zəlami-şirkdə puyani sərgərdani ikən aləmi,
Bu gündə şölədar oldi çiraği-məclisi-vəhdət.
Hadi «Lövheyi-təsviri-maarif» şeirində isə göstərirdi ki, peyğəmbərimiz elm öyrənməyi hər şeydən üstün saymışdır:
Beşikdən qəbrədək təhsil edək adabu irfani,
Əgər Çin ölkəsində olsa cuyəndə olaq elmi,
Qılıb kəsbi-fəzail, edəlim tövsii-ruhani.
Ülumə talib olmaq fərzdir mərdanü nisvanə,
Edib məmur elmə bizləri məhbubi-yəzdani…
Hadinin fikrincə, Peyğəmbərmiz (s) yüz min əzab çəkən bir insan olmamışdır. Ona görə də, müsəlmanlar heç vaxt Allahın rəsulunun yolundan dönməməlidir. Çünki yalnız onun gəlişi ilə dünya dəyişmiş və işıqlı bir yola qədəm qoymuşdur:
Cənabi-Əhməd əsri: xalq biürfan halında,
Cəhalət cisimlənmişdi əbucəhlan halında.
Həmişə qətlü qarət, adətən bir şan halında.
Əvət, gördüm o dövrü dövri-xunxaran halında.
İşıqlı yol da gəldi həzrəti-Quran halında.
Azərbaycan türk mütəfəkkirlərindən Əlabbas Müznibin də Məhəmməd peyğəmbərə (s) həsr etdiyi şeirlər diqqəti cəlb edir. O, «İqrari-iman» adlı şeirində yazırdı ki, peyğəmbərin (s) mövludu insanlar üçün nicat yolu olmuş, onun üzünün nuru ilə Allah Quranı müsəlmanlara göndərmişdir:
Açıldı mehrin ilə çeşmi-iman, ya Rəsulullah,
Silindi nurun ilə qəlbi-əzan, ya Rəsulullah.
Bəşərsən, zahirən, lakin məqami-həqq məkanındır,
Lisani-xaliq aləmi-həqiqətdə lisanındır.
Sən əvvəli-zati-məailisən ki, Quran mədhi-xanındır,
Bunu təsdiq edər Quranü Fürqan, ya Rəsulullah.
Qədəmi-pakin ilə izzəti-insan füzun oldi,
Yığıldı Kəbədən əsnam, o saqi-sərnigun oldi.
Təcəlləyi-cəmalından ədular bağri xun oldi,
Cahana bəxş qıldın feyzü ehsan, ya Rəsulullah.
Qurtardi iqrari-biismi-rəbbinə xəlqi cəhalətdən,
Sən əvvəlki zati-müəzzimsən, məlaik ərşi-izzətdən.
Enib oldi qapıda cümlə dərban, ya Rəsulullah….
Başqa bir Azərbaycan türk aydını Yüsif Ziya Talbızadə isə hesab edirdi ki, Məhəmməd peyğəmbərin (s) gətirdiyi din və ayin üsulları müsəlmanlar üçün bir örnəkdir. Onun fikrincə, Allahını tanıyan fərd millətini, milli birliyini və ən əsası «İslam birliyi»ni dərk etmiş olur: «Xudavəndi aləmin… məxluqatı xəlq etməkdə əsl məqsədi xəlayiqi təşkil etməkdir… Bu səbəbdəndir ki, Xudavəndi aləm əsl fitrət insaniyyəni ümuma bir təriqi-müstəqim üzrə xəlq edibdir». Talıbzadə yazırdı ki, Peyəmbərimizin bizə miras qoyduğu İslam heç vaxt dünyəvi elmlərin öyrənilməsinin əleyhinə olmamış, əksinə müasirliklə ayaqlaşmış və özünün yenilikçi ruhunu qoruyub saxlamışdır. Çünki Allahın rəsulu bunu, inadla müsəlmanlara tövsiyə etrmişdir: «İslam dininin müqəddəs kitabı Quranı-şərifə nəzərən ümumən elm və mərifət, tərəqqi və mədəniyyət islamın ümdə əsasıdır. Və islam dinində rəhbaniyyətin haram olduğu və Çinəcən elm dalınca getmək tövsiyəsi bu mətləbə dəxi şahiddir».
Ümumiyyətlə, Azərbaycan mütəfəkkirləri hesab edirdilər ki, hər bir millət bayram saxlamağı ilə də dünya millətlər sırasında yaşamağa qadir olduğunu ifadə edir. Bu mənada azərbaycanlılar da «ən böyük, ən işıqlı» bayram hesab etdikləri mövlud gününü layiqincə qeyd etməlidirlər. Onların fikrincə, bu baxımdan Azərbaycan türkləri mövlud bayramını rəsmi və quru bir şəkildə deyil, əsl xalq bayramı kimi keçirməli, həmin gündə peyğəmbərin şəninə musiqilər səslənməli, milli şeirlər oxunmalı, mənalı nitqlər söylənməli, bir sözlə bayram əhval-ruhiyyəsində keçirilməlidir. Fikrimizcə, bütün bunlar bu günümüh üçün də keçərlidir. Çünki Allahın rəsulunun əsas ideyalarından biri dünya insanlarının inanclarından asılı olmayaraq, barış və xoşbəxtlik içində yaşaması olmuşdur.
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;
QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur