Səs bulağı yarım əsrdən çox çağlayan Şövkət xanım


Aynur Turan

Musiqi elə böyük bir aləmdir ki, ona maraq göstərən hər bir kəsə burada yer var. Biri musiqi aləminə bəstəkar kimi, o birisi ifaçı kimi, digəri isə dinləyici kimi gəlir. Lakin bu insanların hamısını musiqiyə olan sonsuz məhəbbət birləşdirir. Musiqi elə bil insanın içində yaşayır: sevinən, kədərlənən, arzuya qovuşan məqamlarında, başqa sözlə desək o, daima bizimlədir.

İnsanın sənətə aidiyyatı elə bir sərvətdir ki, onu ilahi hər kəsə bəxş etmir. Təsadüfi deyil ki, istedada malik olan insanı "Allah tərəfindən seçilmiş", "taleyin istəklisi" adlandırırlar. Şövkət xanım Ələkbərova məhz Allah tərəfindən qeyd olunan insanlardandır. Onun baxışında olan dalğınlıq, üzündə olan sakitlik, həyat dolu gülüşü, xanım təbiəti və insaniyyəti səsinin

gözəlliyi qədər təkrarolunmazdır. Şövkət xanımın şəxsiyyətində dahi rus yazıçısı Anton Pavloviç Çexovun dediyi kimi, insanın zahiriynən batilinin gözəlliyi və həmahəngliyi öz əksini tapır. ŞÖVKƏT xanım ƏLƏKBƏROVA... Bu ad xalqımızın qəlbində həzin bir mahnı kimi səslənir...

1922-ci il oktyabrın 20-də Bakının Mirzə Fətəli küçəsində yerləşən bir evdə, zəhmətkeş insan - Feyzulla kişinin ailəsində Mirbağır ağanın nəvəsi olan əsl bakılı qızı dünyaya göz açdı. Bu körpə - gələcəyin dahi müğənnisi Şövkət Ələkbərova idi. Payızda həyata qədəm qoymasına baxmayaraq Şövkət xanımın siması bahar təravəti ilə yoğrulmuşdu. Bu bahar təravəti sonradan Şövkət xanımın yaradıcılığına da bahar nəfəsi gətirdi...

Oxu, gözəl-Şövşət Ələkbərova

Şövkət xanım yaxşı mənada vaxtın nəbzini tuta bilən müğənni olmuşdur. O, sənətdə nəsillər arasında körpü yaradan bir müğənni idi. Şövkət xanım həmişə təravətli və ecazkar səsilə həm yaşlı nəslin nümayəndələri olan ölməz sənətkarlarımız Səid Rüstəmovun, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, Qənbər Hüseynlinin, Tofiq Quliyevin, Cahangir Cahangirovun, Ağabacı Rzayevanın, Şəfiqə Axundovanın, Zakir Bağırovun və başqalarının əsərlərini, həm də yeni nəsli təmsil edən Emin Sabitoğlu və Polad Bülbüloğlu kimi bəstəkarların mahnılarını eyni məharətlə ifa etmişdir.

Şövkət xanım Azərbaycan xalq musiqisində ənənələrə sadiq qalan və eyni zamanda ənənələr silsiləsini davam etdirən bir şəxsiyyət olmuşdur. O, səhnəyə özünə məxsus ifa tərzi və davranış qaydaları gətirmişdi. Məhz bunlar onu sənət zirvəsinə ucaltdı və əlçatmaz etdi, bunlara görə onun oxuduğu mahnılar xalqımızın tarixi yaddaşına yazıldı, müğənninin sənətini hər bir qəlbi kövrək insana doğma etdi.

Repertuarında olan mahnılarda söz, musiqi və ifa bir-birini tamamlayaraq, vəhdət təşkil edirdi. Elə buna görə də, müğənninin ifa etdiyi mahnılar ilk ifadan dinləyicilərin ürəklərinə yol taparaq yaddaşlarda həkk olundu. Şövkət xanımın konsertlərində tamaşaçı salonuna nəzər saldıqda tamaşaçıların dodaqlarının tərpənməsinin şahidi olurduq, çünki müğənninin ifa etdiyi mahnılar dillər əzbəri idi. Musiqidə belə bir məqam var: xalq tərəfindən sevilən mahnılar illər keçdikcə xalq mahnıları kimi qəbul olunurlar. Sözsüz ki, belə mahnıları yaradan sənətkarlar üçün bu böyük xoşbəxtlikdir. Onun ifa etdiyi mahnılar məhz bu qəbildən idi.

Şövkət xanımın yaradıcılığı haqqında hələ geniş analitik təhlilə malik monoqrafiya yazılmasa da, müğənninin sənəti bir çox sənət adamlarını, jurnalistləri onun haqqında fikir yürütməkdən usandırmayıb. Bunun da səbəbi odur ki, Ələkbərova şəxsiyyəti yanından biganə keçmək olmaz. Bu sehrli səsin yiyəsi barədə ancaq xoş sözlər demək, xoş təəssüratlar söyləmək olar. Şövkət xanım o nadir şəxsiyyətlərdəndir ki, sağlığında özü haqqında xoş təəssürat, dünyasını dəyişəndən sonra isə xoş xatirələr qoyub. Bu isə insanın fətx etdiyi ən yüksək zirvədir.

Şövkət Ələkbərovanın rəvan səsində çox aydın, çox səlis bir musiqi var. Elə bil müğənninin sinəsində qüdrətli bir dirijor tərəfindən idarə olunan miniatür bir simfonik orkestr yerləşmişdir. Şövkət Ələkbərova bu gur səsi, bu güclü səsi, bu yumşaq səsi, bu ilıq səsi böyük sənətkarlıq və elmlə idarə edən yüksək mədəniyyətli bir müğənnidir. Onu dinlədikcə müğənnilik sənətinin olduqca böyük gücünə inanırsan; nəğmə müəllifləri – bəstəkar və şair yaddan çıxır. Nəğməkarın odlu nəfəsi şerin sözlərini və musiqisini əridib bir-birinə qatır, sanki şair də, bəstəkar da müğənninin özüdür".

Şövkət xanım təbiətcə həddən artıq sadə və təvazökar idi. Onun xasiyyətinə məxsus bu xüsusiyyətlər insanlarla ünsiyyətindəözünü çox qabarıq şəkildə biruzə verirdi. Şövkət xanımın nadir xüsusiyyətlərindən biri o idi ki, əsl xanım olan bu insan böyüklə-böyük, uşaqla – uşaq olmağı bacarırdı. Məlumdur ki, cəmiyyətdə kişi mərdliyi ilə seçilib sayılan xanımlar var. Bizim Şövkət xanım belə insanlardandır. Sözü bütöv, dostluqda möhkəm, fikir yürütməkdə ürəkli olan başı bəlalar çəkmiş, mərdliyi qədər zərif, zərifliyi qədər mərd bir qadın.

Şövkət Ələkbərova son dərəcə güclü bir şəxsiyyət idi. Onun həyat yolu heç də hamar olmamışdı. Həyatın onun qarşısına çıxartdığı faciələr (həyat yoldaşı - Lətif Səfərovun qəfil dəhşətli ölümü, qızı - Natellanın ağır xəstəlikdən sonra vaxtsız həyatdan köçməsi), üstəlik səhnə fəaliyyətində onun qarşısında süni surətdə yaradılan çəpərlər bir qadının çiyinlərində qaldırılası yük deyildi. Məhz qızı Natellanın ölümü Şövkət xanımın səhhətini çıxılmaz vəziyyətə saldı. Amma xəstəliyinin ağırlığına baxmayaraq, 1990-cı il yanvarın 20-də Almaniyada müalicədə olan Şövkət xanım son qüvvəsini toplayaraq xalqına yardım göndərmək məqsədilə oradakı Azərbaycan cəmiyyətinin təşkil etdiyi xeyriyyə konsertlərini verdi. Müğənni iki gün dalbadal yataqdan qalxıb səhnəyə çıxdı. Bunu ancaq güclü şəxsiyyət edə bilərdi.

Şövkət xanım Ələkbərovanın yaradıcılığı Azərbaycanın musiqi ifaçılığına elə bir töhfə olmuşdur, sənət tarixində elə bir dərin iz qoymuşdur ki, qərinələr dəyişsə də, Şövkət xanıma və onun ifaçılıq irsinə olan sevgi və pərəstiş dəyişməyəcək. 1993-cü il fevral ayının 7-də Azərbaycan qəlbi nəğmələrlə yoğurulan bir övladını, mələk kimi uçub gedən Şövkət Ələkbərovanı itirdi. O, Şövkət xanım ki, tarixdə öz yerini tutmuş nadir şəxsiyyət bizim üçün, xalqımız üçün, bütün dünyada olan Şövkət sənətinin pərəstişkarları üçün daima sağdır.

Əsl müğənni, əsl sənətkar

Əsl müğənni, əsl sənətkar ömrü ozan ömrünə bənzəyir. Şövkət xanım da ozan ömürlü sənətkar idi. O, odlar yurdunu oymaq-oymaq, oba-oba, mahal-mahal dolaşmışdı. Ona günəşin yandırıb tunca döndərdiyi pambıqçı qızlar da qulaq asmışdı, yazıçı, alim də, çiyni yapıncılı çobanlar da dinləmişdi, neftçilər də. Hər kəs də müğənninin səsindən, nəğməsindən öz payını götürmüşdü. Və elə bu qənaətə gəlmək olur ki, Şövkət xanımın səsi mənəvi sərvətimizdir, və bu sərvət heç vaxt tükənməyən bir sərvətdir.

Əsl müğənninin səsi isə heç vaxt qocalmır, əksinə zaman keçdikcə cilalanır, püxtələşir, büllurlaşır. Şövkət Ələkbərovanın səsi də ömrü boyu qocalmadı. Ona görə ki, ustad bir müğənnin kimi fəaliyyətini heç vaxt dayandırmamışdı.

Dünyanın bir çox şəhərlərində uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına "Segah", "Qatar", "Şahnaz" kimi muğamlar, Azərbaycan bəstəkarlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi. Şövkət xanım haqqında bir çox bəstəkarlarımız, o cümlədən Tofiq Quliyev, Arif Məlikov, Cahangir Cahangirov, Ramiz Mirişli və başqaları öz xatirələrini bölüşüblər. Bu sənət adamlarının dediklərində bir ümumi xətt var. O da Şövkət xanımı əsl professional kimi xarakterizə etməkdir. Burada ümumi bir fikirlə də rastlaşırıq: "Şövkət Ələkbərova istər xalq lirik mahnılarının, istərsə də bəstəkarlarımızın yaratdıqları lirik mahnıların bənzərsiz ifaçısıdır".

"Dərələr", "Ağ çiçəyim", "Bir könül sındırmışam", "Gedək üzü küləyə", "Ağlaya-ağlaya", "Haradasan", "Məhəbbət", "Tez gəl", "Süsən sünbül", "Dəli Ceyran", "Ay qadası", "Yar gəldi", "Kürdün gözəli", "Ceyran" və digər onlarla mahnı böyük sənətkarın ifasında möhürlənib. Şövkət xanımın repertuarında olan mahnılarda söz, musiqi və ifa bir- birini tamamlayaraq, vəhdət təşkil edib. Elə buna görə də, müğənninin ifa etdiyi mahnılar ilk ifadan dinləyicilərin ürəklərinə yol taparaq yaddaşlarda dərin iz buraxıb. Onun konsertlərində iştirak edən insanlar etiraf edirlər ki, Şövkət Ələkbərovanın mahnıları dillər əzbəri olduğundan tamaşaçıların dodaqlarının tərpənməsini müşahidə etməmək mümkünsüz idi.

Unudulmazifa

Təbiətin müğənniyə verdiyi ən böyük hədiyyə onun səsidir. O, yenicə əkilən bir ağaca bənzəyir. Əgər onun sahibi bu ağaca vaxtı-vaxtında qulluq etsə, ağac qol-budaq atıb, bar verər. Şövkət xanıma bəxş olunan səsi başqalarından seçən onun xüsusi məlahəti və gözəl tembrə malik olması idi. Şövkət xanım təbiətin qarşısında borclu qalmadı. Ona verilən hədiyyənin qiymətini bildi, səsini qorudu, öz üzərində hər gün işlədi. Gözəl səsi də ona sədaqətli qalaraq yarım əsr müğənninin üzünü ağ etdi. Nəticədə Şövkət xanımın ifaçılıq sənəti böyük bir məktəb oldu. İbrətə layiq bir məktəb. Həmişə bənzərsiz ifa tərzindən söz açılanda gözümüzün önündə Şövkət xanımın sönməz obrazı durur. Xoşbəxt müğənni obrazı. Bu, biz dinləyicilərin də xoşbəxtliyidir desək yanılmarıq. Azərabaycanın radio və televiziyasının qızıl fondunda Şövkət xanımın yarım əsr ərzində oxuduğu misilsiz sənət nümunələri saxlanılır. İnanmaq istərdik ki, musiqi tariximizin bu inciləri qayğıkeşliklə qorunub gələcək nəsillərə ötürüləcək.

Düzdür, bu gün biz onilliklər məsafəsindən Şövkət Ələkbərova sənətinə qiymət verə bilərik. Lakin bu sehrli səsin əsl qiyməti hələ daha uzun zaman keçdikdən sonra veriləcək. Və biz əminik ki, zaman ötdükcə, Şövkət xanımın ölməzliyə qovuşan sənəti yaşayacaq. Şövkət xanımın ömrü ləyaqətli insan olan oğlu Bəşirin, nəvələri Fərhad, Fərid və Fuadın, yeganə qız nəvəsi olan, nənəsinin adını dayışan balaca, zərif gülə bənzər Şövkətin, nəticələri Natella və Ayanın ömürlərində davam edəcək. Bu isə o deməkdir ki, Lətif Səfərovun və Şövkət Ələkbərovanın ocağı heç bir zaman sönməyəcək.

Məhz xalqın sevgisi Şövkət xanımı ölməzlik zirvəsinə çatdırmışdır. Onun gözəl səsi bu gün də xalqımızın xidmətində, sənət qədrini bilənləri məftun etməkdədir.

O, nadir şəxsiyyətlərdəndir ki, sağlığında özü haqqında xoş təəssürat, dünyasını dəyişəndən sonra isə xoş xatirələr qoyub. Bu isə insanın fətr etdiyi ən yüksək zirvədir.

Şövkət xanım bu dünyaya gəldiyi kimi, bir qış səhərində bizi tərk etdi. Ondan nə ləl-cəvahirat, nə də mal-mülk, miras qaldı. Ancaq Şövkət xanım bizə SƏS adlı bir dünya qoyub getdi. Dünya boyunca da bu SƏS qalacaq. Bütün rəng-boyası, axar- buxarı ilə. Nəsillər bir-birini əvəz edəcək, amma Şövkət xanımın bu dünyada qoyub getdiyi SƏSİ heç zaman köhnəlməyəcək, həmişə tər çiçəyə, təbiətdən rəng almış qövsi-qüzehə bənzəyəcəkdir.

Onun cismən bizi tərk etsə də, oxuduğu mahnılar, muğamlar həmişə bizimlədir. Ş.Ələkbərova 1993-cü il fevralın 7-də 70 yaşında vəfat edib.

Musiqidə belə bir məqam var ki, xalq tərəfindən sevilən mahnılar zaman keçdikcə xalq mahnıları kimi qəbul olunur. Sözsüz ki, belə mahnıları yaradan sənətkarlar üçün bu, böyük xoşbəxtlikdir. Şövkət xanımın ifa etdiyi mahnılar məhz bu qəbildən idi. Onun mahnıları səsləndikcə Şövkət xanımı da yaşadacaq.

Şövkət xanımın səs bulağı yarım əsrdən çox çağladı.Nə qədər azərbaycan xalqı var, Şövkət Ələkbərovanın adı hörmətlə çəkiləcəkdir. Əsl sənətkar heç vaxt ölmür. Şövkət xanımın da nəğməli səsi zaman-zaman səslənəcəkdir. Fəxarət hissi ilə demək olar ki, bu gün artıq Şövkət Ələkbərova sənətinin varisləri, davamçıları vardır.

MEDİA Agentliyi

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ