Azərbaycanın məşhur rəssamının əsərləri 18,5 milyon dollara satışa çıxarıldı - FOTO


Türkiyəli Oğuz Tolga adlı bir kolleksioner azərbaycanlı rəssamSəttar Bəhlulzadənin əsərlərini satışa çıxarıb.

Turkustan.az bildirir ki, bu barədə sosial şəbəkə istifadəçisi Haldun Novruzzadə məlumat yayıb.

O qeyd edib ki, sözügedən şəxs rəssamın 650 əsərini 18,5 milyon dollara "Ebay" adlı platformada satışa təqdim edib. Paylaşımla bağlı müxtəlif insanlar fikir bildiriblər. Bir qism düşünür ki, dövlət olaraq belə dəyərli sənət əsərlərini alıb ölkəmizə qaytarmaq məqsədəuyğundur. Digərləri isə satışa çıxarılma prosesini normal qiymətləndirib. Vaxtilə bu cür əsərlər Mədəniyyət Nazirliyinin arxivində saxlanılırdı.

Maraqlıdır, əsərlər kolleksionerlər tərəfindən necə əldə olunub? Onların satışa çıxarılması nə dərəcədə doğrudur?

Bununla bağlı Sfera.az-a açıqlama verən sənətşünas Ziyadxan Əliyev deyib ki, satışa çıxarılan həmin əsərlər qrafika işinə bənzəyir:

"Səttar Bəhlulzadənin belə işləri kifayət qədərdir. Ola bilər ki, emalatxanasını köçürəndə, yeniləyəndə həmin qrafika işlərini atıblar və ya əldən-ələ keçib. Yəni satışa çıxarılanlar arasında önəmli şeylər görmədim. 650-yə yaxın rəsim əsərinin olması inandırıcı deyil. Əvvəllər Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı Turqut Ər də buradan çox şeylər almışdı – Mikayıl Abdullayevdən və s. O zaman yadıma gəlir ki, satmaq istəyirdi. Ümumiyyətlə, Türkiyədə belə işlər çoxdur. İnişil Türkiyədəki şəxsi kolleksiyalardan Mikayıl Abdullayevin işlərini yığıb sərgi təşkil etmişdilər. Ancaq qeyd etdiyiniz 650 əsər rəngkarlıq işi olmaz, dediyim kimi qrafik işləridir, əksinə inanmıram".

Müsahibimiz qeyd edib ki, ümumiyyətlə, kolleksioner şəxsi malını sata da bilər:

"Amma hər halda, biz dövlət olaraq həmin işləri özümüz alsaq, daha yaxşı olardı. Çünki onsuz da çox şeyləri itirmişik. Səttar əliaçıq adam idi, amma o, heç kimə işini satmayıb. Həmin türkiyəli kolleksioner də kimlərdənsə ala bilər. Səttar mülki şəxslərin heç birinə öz əsərlərini satmayıb. O, nə satıbsa da, 200-ə qədər rəngkarlıq və qrafika işini dövlət tərəfindən alıblar. Qalan işlərin hamısı hədiyyə edilib. Ancaq çox istəyərdim ki, hazırda satışa çıxarılan işlər dövlət tərəfindən alınsın. İnanıram ki, bu məsələ işıqlandırılsa, müvaqif qurumlar tərəfindən nəzarətə götürüləcək".


Türkiyəli kolleksioner Səttar Bəhlulzadənin əsərlərini 18,5 milyon dollara satışa çıxardı - FOTO + AÇIQLAMA


MANŞET XƏBƏRLƏRİ