10 gün sonra: Azərbaycanda nələr bahalaşacaq?


2022-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-noyabr aylarına nisbətən 113,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 108,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 faiz təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,0 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 115,1 faiz təşkil edib.

2022-ci ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,2 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 120,1 faiz təşkil edib.

Cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, manna yarmasının, makaron məmulatlarının, peçenyenin, mal və toyuq ətinin, balıq konservlərinin, qatılaşdırılmış şəkərli südün, pendirin, yumurtanın, qarğıdalı yağının, bananın, xiyarın, pomidorun, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, meyvə şirəsinin, ucuzlaşma isə əsasən narın, heyvanın, xurmanın, almanın, naringinin, limonun, kələmin, çuğundurun, sarımsağın qiymətlərində müşahidə olunub.

2022-ci ilin noyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 112,1 faiz təşkil edib.

Cari ilin noyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma geyimin, ayaqqabıların, polietilen su və kanalizasiya borularının, paltaryuyan maşınların, soyuducuların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dərman vasitələrindən validol və yodun qiymətlərində müşahidə olunub.

Göründüyü kimi 2022-ci il "bahalaşma ili" kimi yadda qaldı. Cari ildə nəinki ərzaq bazarında, digər məhsullarda da başlayan bahalaşma bu gün də davam etməkdədir.

2023-cü ilə cəmi bir neçə gün qaldığını nəzərə alsaq, mövcud bahalaşma yeni ildə hansı məhsullarda özünü göstərəcək?

İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info - ya bildirdi ki, yeni ildə əsasən ərzaq məhsullarının bahalaşması gözlənilir:

"2022-ci ildə daha çox un və un məhsullarının bahalaşması sürprizi ilə qarşılaşdıq. Bu il hesab edirəm ki, un və un məhsullarının qiyməti sabitləşəcək. Çünki dünyada bol məhsul yetişib, Azərbaycanda istehsalda bir qədər artım var.

Ancaq digər ərzaq məhsullarında, yağın, ətin bahalaşması gözlənilir. Mövsümi məhsullar qış aylarında baha olacaq. Bostan, meyvə-tərəvəz bitkiləri həm qış mövsümü olduğuna, həm də bu il meyvə-tərəvəzin istehsalında artım qeydə alınsa da, bu məhsullar faktiki olaraq ölkədə ötən ilə nisbətən daha az yetişdirilib.

Gələn il ərzaq məhsulları daha çox bahalaşacaq. Ola bilsin ki, nəqliyyat xərcləri bahalaşsın. Yəni ictimai nəqliyyatın bahalaşacağının anonsu xeyli müddətdir dolaşmaqdadır. Yəqin ki, bu ilin əvvəlində, fevral-mart aylarında bu məsələ də gündəmə gələcək. Çünki ölkədə ifrat inflyasiya gedir. Sözsüz ki, o sahələrdə də qiymətlərin uyğunlaşdıırlması üçün hökumət cəhdlər göstərəcək".


MANŞET XƏBƏRLƏRİ