I Proqramın icrası Böyük Qayıdışın gerçəkləşməsinə xidmət edəcək


Aqil Məmmədov

Milli Məclisin deputatı

44 günlük Vətən müharibəsinin Zəfərlə başa çatması nəticəsində 30 il işğal altında qalmış torpaqlarımızın azad edilməsi ilə paralel olaraq həmin ərazilərdə böyük quruculuq işlərinə start verildi. Azad olunmuş ərazilərimizdə həyatın yenidən canlandırılması və Böyük Qayıdışa hazırlıq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər", həmçinin, Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edildi.

Dövlət Proqramının başlıca məqsədi 30 ildə doğma yurd-yuvasından didərgin düşmüş 1 milyona yaxın vətəndaşımızın yenidən öz torpaqlarına qayıdışını mümkün qədər tez bir zamanda təmin etməkdir. Proqramda bu məqsədə xidmət edən və bu məqsədi yaxınlaşdıran bütün xüsusatlar əhatə olunub.

Proqranmın icrasında əsas götürülən prinsiplərdən biri yerli və beynəlxalq standartlara əməl olunmasıdır. Bu baxımdan, işğaldan azad olunmuş ərazilərin bərpası zamanı Birləşmiş Millətlər Təşkilatının və başqa beynəlxalq təşkilatların əsas götürdüyü qlobal inkişaf prioritetləri nəzərə alınır. Xarici ekspertlər proqramın icrasına cəlb olunub.

Məlumdur ki, işğaldan azad edilmiş ərazilədə böyük içməli və suvarma suyu potensialı mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 2594 nömrəli Sərəncamı ilə su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyaya işğaldan azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı, habelə yağış sularının idarə olunması ilə bağlı tədbirlərin əlaqələndirilməsinin Əlaqələndirmə Qərargahı ilə birlikdə təmin edilməsi tapşırılmışdır. Cənab Prezident azad edilmiş ərazilərdəki su potensialımızı yüksək qiymətləndirərək Tanrının ölkəmizə əvəzsiz töhfəsi olan su ehtiyatlarından səmərəli şəkildə istifadəsi ilə bağlı zaman-zaman öz tapşırıq və göstərişlərini verib.

Bu gün işğaldan azad edilmiş ərazilərdə inzibati idarəetmənin və təhlükəsizliyin təşkili olduqca vacib məsələlərdən biridir. Bu məqsədlə işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili məqsədilə inzibati ərazi bölgüsünə uyğun olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri formalaşdırılır. Həmçinin bölgədə təhlükəsizliyin təmin olunması üçün minalardan, partlamamış hərbi sursatdan, digər partlayıcı qalıqlardan təmizlənməsi əhalinin gələcək təhlükəsizliyinə, ərazilərdə iş həyatının aktivləşməsinə səbəb olacaq.

İşğaldan azad olunmuş ərazilərdə icra olunun nəqliyyat xətləri bu bölgənin logistik əhəmiyyətini artıracaq. Buraya həm avtomobil yolları, tunellər, dəmir yolu, həmçinin hava limanları aiddir. Azərbaycan qısa müddətdə - cəmi 2 ilə bölgədə 2 müasir hava limanı inşa etdi, yeni yollar çəkildi və çəkilməkdə davam edir. Hazırda, inşası sürətlə həyata keçirilən – Murov dağının altından keçəcək tunel yolunun istifadəyə verilməsii, bütün xalqımız kimi kəlbəcərlilər də böyük səbirsizliklə gözləyirlər.

Böyük qayıdışla bağlı dövlət Proqramının strateji məqsədləri əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyasına hədəflənib. İşğaldan azad edilmiş ərazilərdə aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl modellərin tətbiqi ilə həyata keçiriləcək.

Proqramda tarixi və mədəni abidələrin qorunması xüsusi vurğu ilə qeyd edilir ki, tarixi abidələrin bərpası və qorunması işinin təşkili, abidələrin inventarlaşdırılması, pasportlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsi qarşıda duran əsas vəzifələrdəndir.

İşğaldan azad olunmuş ərazilərdə yerləşən rayonlarının iqtisadi ixtisaslaşdırılmasının aparılması olduqca vacib məsələlərdəndir. İşğaldan azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq, Kəlbəcər və Laçın rayonları kənd təsərrüfatı və turizm, Ağdam rayonu emal, Şuşa mədəniyyət və turizm,Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları isə logistika, kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəzlər kimi qiymətləndirilə bilər.

Bütövlükdə Proqramın icrası xalqımızın onilliklərə hesablanan gələcək tarixinə xidmət edərək Böyük Qayıdışın mümkün qədər tez və keyfiyyətli şəkildə gerçəkləşməsinə gətirib çıxaracaq.


MANŞET XƏBƏRLƏRİ