Milli, dini və beynəlmiləl ideyalar - Yaxud, din adı altında Azərbaycanda xarici təsirlər


Faiq Ələkbərli

Bütün hallarda, hansı kimliyi çox ifadə etməsindən asılı olmayaraq ziyalı hər bir toplumda mühüm yerə malikdir. Çünki ziyal demək, mövqe demək, nüfuz demək və millətin siması deməkdir. Bu mənada, hər bir cəmiyyətdə ziyalının nüfuzunun hansı səviyyədə olması, həm də onun milli şüurunu göstəricisdir. Əgər cəmiyyət arasında ziyalı yüksək nüfuza malikdirsə, milli şüurun formalaşması prosesində aparıcı yer tutacaqdır. Ancaq hər hansı toplumda ziyalının nüfuzu istənilən səviyyədə deyilsə, o zaman milli şüurun formalaşması prosesi həm ləng gedəcək, həm də ciddi problemlərə yol açacaq.

Azərbaycan toplumunda ziyalının nüfuzuna başlıca zərbə kütlə üzərində təsirinin çox aşağı olmasıdır. Hər hansı cəmiyyətdə kütlə artıq ziyalıya inanmırsa, yaxud da bu inam aşağı səviyyədədirsə, o toplumda ziyalı məğlub durumdadır. Bunun əksi o deməkdir ki, əgər kütlə ziyalıya inamır, etimad göstərmirsə, bu zaman özünün haqlı olduğu qənaətinə gələr. Bu isə ona gətirib çıxarır ki, ziyalı kütləyə deyil, əksinə kütlə ziyalıya təsir göstərir, öz nüfuzu altına salır. Başqa sözlə, ziyalı kütlənin dediyi ilə oturub durmağa başlayır. Bu zaman ziyalı bir növ özünü də inandırmağa çalışır ki, xalq, kütlə nə istəyirsə ona onu da vermək, onunla hesablaşmaq lazımdır.

Bu çox incə məsələdir. Doğrudanmı kütlənin hər bir istəyi ilə dərhal razılaşmaq, demokratiya əlaməti, yaxud da insan hüquq və azadlıqlarına hörmət etmək deməkdir? Bizə elə gəlir ki, kütləyə hər istədiyini deyil, ümummilli mənafeyə zərərli olmayan, millətin bu gününə və gələcəyinə xeyirli olanlarla razılaşmaq lazımdır. Kütlənin zərərli ola biləcək istəklərinə qarşı dayanmaq üçün, ilk növbədə ziyalının itirilmiş nüfuzunu bərpa etmək lazımdır. Çünki milli şüurun formalaşmasında başlıca rol ziyalılara məxsusdur.

Fikrimizcə, ziyalılar bir növ hakimiyyətlə xalq arasında mühüm bir bağdır. Ziyalı kütlənin zərərli olmayan istəklərini hakimiyyətə çatdıraraq qəbul etdirməklə yanaşı, zərərli olanları da kənarlaşdıra bilər.

Bunun üçün ziyalının kütlə üzərində nüfuzu olmalıdır. Əgər artıq belə bir nüfuz yoxdursa, kütlə ziyalısız öz istəklərini (zərərli, yaxud zərərsiz) hakimiyyətə qəbul etdirməyə çalışacaqdır. Bu zaman müəyyən problemlərin yaranması qaçılmazdır.

Bu baxımdan hakimiyyət çalışmalıdır ki, cəmiyyət daxilində ziyalının müəyyən nüfuzu olsun. Burada söhbət, süni nüfuzdan deyil, təbii nüfuzdan gedir. Yəni hakimiyyətin ziyalıya münasibətindən çox şey asılıdır. Əgər hakimiyyət ziyalıya layiq olduğu dəyəri verərsə, kütlə də də bunu görəcək və nəticə çıxaracaqdır.

Fikrimizcə, ümumilikdə üç cür ziyalıdan: 1) milli; 2) dini; 3) bəşəri, bəhs etmək mümkündür. Əlbəttə, bu nisbi bir bölgüdür. Bu mənada, "milli ziyalı", "dini ziyalı" və "bəşəri ziyalı" anlayışları münasib görünməyə bilər. Yəni deyilə bilər ki, ziyalı ziyalıdır, bunun nə millisi, nə bəşərisi? Ancaq ümumi ziyalılıq keyfiyyətlərinə malik olmaqla yanaşı, ziyalının bir sıra önəmli məsələlərə münasibətdə tutduğu mövqedən çox şey asılıdır. Başqa sözlə, bəşəri dəyərlərdən çıxış edən edən ziyalı da milli və dini hisslərin olması nə qədər təbiidirsə, onlardan hansına daha çox meyil göstərməsi çıxış nöqtəsidir. Fikrimizcə, toplumun müxtəlif təbəqləri arasında ziyalılıq bu meyillənmələrə görə müəyyənləşdirilə bilər. Yəni ziyalının əsil simasının müəyyənləşməsində ictimai şüurunun daha çox dini, milli və yaxud da bəşəriliyin üzərində köklənməsindən asılıdır. Belə ki, özündə ziyalılığa aid olan ümumi keyfiyyətləri əks etdirən aydının, cəmiyyətin taleyinə ciddi şəkildə təsir göstərə biləcək hər hansı önəmli məsələ ilə bağlı tutduğu mövqeyi onun əsil simasını müəyyənləşdirir. Xüsusilə, son addım atılarkən ziyalının millətin, dinin, yoxsa bəşəri dəyərlərin çıxarlarından çıxış etməsi mühüm bir nöqtədir. Çünki ziyalı istər-istəməz bəzən bunlardan birini nisbi də olsa, irəli çəkmək məcburiyyətindədir.

Bu mənada, "milli ziyalı" anlayışındakı "milli" sözü heç də ziyalının elmlikdən və obyektivlikdən kənara çıxması anlamına gəlməməlidir. Bu da, nisbi xarakter daşıyır. Fikrimizcə, milli ziyalı demək, elmliyi və obyektivliyi də gözləməklə milli maraqlardan çıxış etməkdir. Başqa sözlə, milli ziyalının dünyagörüşündə millətinin çıxarları və gələcəyi, müəyyən qədər də olsun öz əksini tapmalıdır. Məsələn, Nizami Gəncəvinin Azərbaycan, yoxsa İran şairi olması məsələsində onun uyğun olaraq Azərbaycan və ya İran şairi olmasını iddia edənlər bütün mənalarda milli mövqe tuturlar. çünki hər iki tərəf elmlik və obyektivlikdən çıxış etdiklərini bəyan etsələr də, onu özünküləşdirmək istəyirlər. Təbii ki, bizə görə biz, onlara görə onlar haqlıdırlar. Əgər Azərbaycandan biri tapılıb deyəndə ki, Nizami İran-fars şairidir, bu zaman o nə qədər obyektiv (bunun özü də mübahisəlidir) olsa belə, artıq onun milli düşüncə sahibi olması sual altına düşür. Tarixən belə ziyalılar (Türkiyədə Orxan Pamuk, Azərbaycanda Əkrəm Əylisli və b.) olmuşdur ki, obyektivlikdən çıxış etmək adı altında öz xalqlarını zərbə altında qoymuşlar. Burada hakimiyyətlə xalq anlayışını eyniləşdirmək doğru deyildir. Çünki tarixən elə ziyalılar da olmuşdur ki, onlar təmsil olunduqları xalqı deyil, hakimiyyəti tənqid etmişlər. Bunlar tamamilə fərqli şeylərdir.

Deməli, "milli ziyalı" üçün milli maraqlar dini və bəşəri dəyərlərlə müqayisədə bir addım öndə ola ilər. Ancaq "bir addım öndə" olmaq heç də ziyalının obyektivliyi və elmliyi itirməsi anlamına gəlməməlidir. Milli ziyalı sözündə və yazısında populist və quru şüuarlardan yan qaçmalı, obyektivlik və elmliyə əsaslamalıdır. Ancaq bu obyektivlik və elmliyin özü də müəyyən əndazədə də olmalıdır. Yəni hər bir şeydə ifrat obyektivlik və elmliyin özü də mənasızdır.

Bütün hallarda, istənilən məsələyə münasibətdə ziyalı zəmanəyə uyğunlaşmaqdan daha çox, yəni gah ateist, gah millətçi, gah da dinçi olmağı bir kənara qoyub, zəmanənin tələblərinə də nəzərə almaqla yanaşı, əsasən sabit bir mövqe nümayiş etdirməlidir. Burada "zəmanənin tələblərinin nəzərə alınması" dedikdə, dövrün inkişaf xüsusiyyətlərinin təhlili əsasında addımların atılmasını nəzərdə tuturuq. Bu o demək deyil ki, ziyalı-alim şəraitə, dövrə, mühitə (yəni mövcud olan rejimin həyata keçirdiyi ideologiyaya) hökmən uyğunlaşmalı, ona görə hərəkət etməlidir. Əgər ziyalı-aydın sovet dövründə ateist, müstəqillik dövründə dindar və millətçidirsə, artıq o ziyalılıqdan çox uzaqlaşmışdır. Əlbəttə, ziyalılar zaman-zaman özlərini gəlişdirib müəyyən fikir dəyişiklərinə gəlib çıxa bilər. Ancaq bu, onların dünyagörüşüündə baş verən dəiyşiklikdən daha çox, ictimai varlığın dəyişməsi ilə bağlıdırsa, o zaman obyektivlik və elmlilik öz əhəmiyyətini itirmiş olur.

Fikrimizcə, Azərbaycan ziyalılarınnı böyük əksəriyyətində belə bir problem vardır. Onların əksəriyyətinin şüurları bu günə qədər sovet təfəkküründən kənara çıxamamış, yalnız ictimai varlığın dəyişməsi baxımından zahirən özlərini dəyişdirmiş kimi göstərməyə çalışırlar. Bu mənada, bugünkü Azərbaycan ziyalılarının əksəriyyətinin "sovet ziyalı"sından "milli ziyalı"ya, hətta bəzilərinin "dini ziyalı"ya çevrilməsi zəmanəyə (dövrə və mühitə) uyğunlaşmaqdan başqa bir şey deyildir. Onlar üçün "zəmanəyə uyğunlaşmaq" ən doğru addım olsa da, ancaq cəmiyyətin maraqları və çıxarları baxımından yanlışdır. Çünki ziyalı bir yandan zəmanəyə uyğunlaşıb özünə nə qədər "milli" və "dini" don geyindirməyə çalışsa da, onun şüurunun sovet təffəkkürünün yeni bir forması olması, cəmiyyətin böyük əksəriyyəti üçün sirr deyildir. Hər halda, həmin ziyalıların əksəriyyətinin "milli", "dini" çıxışlarının və yazlarının zahiri xarakter daşıması əməllərində o dəqiqə hiss olunur. Xüsusilə, sovet dövründəki kimi özlərindən yuxarıdakıların köləsi olmaq, özlərindən aşağını isə qul kimi görmək bu cür ziyalıların əksəriyyətinin təfəkkür tərzidir. Üstəlik, yalançı sovetpərəstlik və atetistlik kimi, yalançı millətpərəstlik və dinpərəstlik sadəcə, zəmanəyə (dövr və mühitə) uyğunlaşmaq "amalı"dır.

Halubki ziyalılıq zəmanəyə uyğunlaşmaq, yəni kor-koranə məddahlıq və yaltaqlıq formasında olmamalıdır. Ziyalı hər hansı fikrini yazmaq və ifadə etmək üçün kimsədən göstəriş və yaxud da, icazə gözləməməlidir. Başqa sözlə, alim taftalogiya ilə məşğul olmamalıdır. Əksinə əsil ziyalı odur ki, onun fikrinə hörmət göstərsinlər, onunla razılaşmağa məcbur olsunlar.

Cəmiyyətin müəyyən bir hissəsində ziyalı anlayışını daha çox din nəzər nöqtəsindən qəbul eldirlər. Yəni ziyalı dedikdə, dini dünyagörüşlü şəxslərə üstünlük verirlər. Bu, heç də sadə və ötəri bi məsələ deyildir. Bununla da, kütlə daxilində dini şüura yönələn bir təbəqə formalaşdırılmağa çalışılır. Şübhəsiz, həmin təbəqə də daha çox dini ideyaları təbliğ edən insanları ziyalı kimi qəbul edirlər. Əlbəttə, dini ideyalar altında kütləyə, xüsusilə gənclərə hansı dəyərlərin təbliğiı bir o qədər dəqiq olmadığı üçün burada düşündürücü məşamlar kifayət qədərdir. Bu zaman "dini ideyalar" adı altında İslam dininə aidiyyəti olmayan fikirlər də gənclərə sırınır. Bu formada, "dini ideyaların" təbliği bəzi gənclər arasında daha erkən yaşlarında başlayır ki, bununla da "beyninin yuyulması" prosesi baş verir. Əlbəttə, hansısa təriqətlərin təsiri altına düşən gənclər yetkinlik yaşına çatdıqda artıq, müstəqil düşünməyə çətinlik çəkir və şüur baxımdan asılı vəziyyətə düşür.

Xüsusilə, bu zaman hansısa təriqətin "dini şüuru" İslam dini adı altında milli şüurdan üst mövqeyə çıxarmağa çalışması, istənilən dövlət, o cümlədən Azərbaycan kimi müstəqilliyini yenicə bərpa etmiş gənc bir dövlət üçün çox təhlükəlidir. Çünki dini şüur milli şüurla müqayisədə ilk baxışda daha çox birləşdiricilik təsiri bağışlasa da (yəni etnik kimliyi "müsəlmanlar qardaşdırlar" prinsipi içində əritməklə), mahiyyət etibarilə burada konkret nəyin nəzərdə tutulması həddən artıq mürəkkəbdir.

Bu mənada, elə etmək lazımdır ki, milli və dini şüur arasında qırmızı cizgi deyilən xətlərə diqqət yetririlsin. Yəni din şüura aid məsələlər həddən artıq ideallaqdırılaraq milli şüurdan üst səviyyəyə qədər yüksəldilməsin. Buna nümunə kimi, "müsəlmanlar qardaşdırlar" prinsipini göstərə bilərik. Fikrimizcə, milli, yaxud dini şüura daha çox meyil etməsindən asılı olmayaraq "müsəlmanlar qardaşdırlar" prinsipi müxtəlif cür yozula və dəyərləndirilə bilər. Milli şüurdan çıxış edənlər üçün bu anlayış bir dövlət daixilində yaşayan müsəlmanların milli şüur ətrafında daha da sıx şəkildə birləşməsi anlamını verir. Xüsusilə, çoxetnoslu ölkədə bu daha çox zərurət kəsb edir. Bu zaman fərqli etnik kitmliyə malik olan vətəndaşlar ortaq dəyər kimi dini şüura aid "müsəlmanlar qardaşdırlar" prinsipindən çıxış edə bilərlər.

Ancaq bu prinispi dini ideyalara meyilli olaraq dəyərləndirənlər ondan daha çox "müsəlmanların birləşməsi" kimi nəticə çıxarırlar. Hətta, ayrı-ayrı təriqətlər (vahabilər, xəlvətilər və b.) bu prinsipi yalnız öz birlikləri mənada izah edirlər. Məsələn, bu günə qədər İran adlı ölkədə əsarət altında yaşayan Azərbaycan türkləri farsyönlü "şiəliyi"n əziyyətini bu günə qədər də çəkirlər. Belə ki, İranın fars ideoloqları "dini şüuru" şiəlik və iranlılıq adı altında təbliğ etməklə Azərbaycan türklərinin milli şüurunun formalaşmasını qarşısını bütün vasitələrlə alırlar. Üstəlik, İranın şövinist ideoloqları "dini şüuru" bu formada Quzey Azərbaycanda da təbliğ edirlər.

MEDİA Agentliyi

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ