"Qızılalma" nəyə qadirdir? – VİDEO


"Bayraqdar Qızılalma" bir çox parametrlərinə görə dünyada ən müasir pilotsuz qırıcı sinfindədir. Belə ki, "Bayraqdar Qızılalma" 500 dəniz mili, yəni 925 km dərinliyə girə bilir, səsdən sürətlidir. Səsdən sürətli olması onun radarlar tərəfindən təsbit olunmasını və vurulmasını çətinləşdirir.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz "Qızılalma" PUA-sının ilk sınaq uçuşu haqda deyib.

General bildirib ki, yeni PUA avtomatik qalxma və enmə sisteminə malikdir:

"1,5 ton faydalı yük daşıya bilir. Bunlarla yanaşı, "Bayraqdar Qızılalma"nın 10-12 km yüksəklikdə uçma, eyni zamanda, həm yerə, həm də ölkəmizin öz milli imkanları ilə istehsal etdiyi "TCG Anadolu" gəmi platformuna enmə xüsusiyyəti var. PUA Hava Qüvvələrimizin istifadəsinə verildikdən sonra regional təhdidlərə qarşı çox böyük güc qazanmış olacaq. Təyyarə həm quruda, həm də dənizdə 925 km dərinlikdə sərhədlərimizin təhlükəsizliyinin təmin olunmasında iştirak edəcək. Bu bizə Egey, Qara dəniz və Aralıq dənizində ölkəmizin təsir dairəsini gücləndirmək imkanı verəcək".

General xatırladıb ki, cəmi on il öncə təmirə göndərdiyimiz kiçik çaplı təyyarələri geri vermədilər:

"İllər boyu Amerikanın kəşfiyyat və müşahidə təyyarələri vasitəsilə hazırlanan hesabatlara möhtac qaldıq. Artıq belə deyil. Ölkəmiz qısa müddətdə pilotsuz döyüş təyyarəsi istehsalında liderlərdən biridir. Milli qırıcı təyyarəmiz də istehsal olunandan sonra Türkiyə Hava Qüvvələri dünyanın ən güclülərindən olacaq. "Tayfun" və digər raketlər də gücümüzə güc qatacaq. Millətimizə, dövlətimizə xeyirli-uğurlu olmasını arzulayıram. Bir də vurğulamaq istəyirəm ki, "Bayraqdar Qızılalma" da yalnız Türkiyənin deyil, eyni zamanda, qardaş Azərbaycanın təyyarəsidir. Bunu hamı bilməlidir".


MANŞET XƏBƏRLƏRİ