"Doğma evim, yad evim"


Nağıllarımızın ən sevdiyim yeriydi uşaqlıqda "bağlı qapını aç, açıq qapını ört" öyüdləri. Və mən bunları nənəmin dilindən eşitdikcə baxışımla o qədər tumar çəkmişdim ki, qapılara...

Böyüdüm...Həyatın, taleyin önümə çıxardığı çox bağlı qapını açdım, çox bağlı qapıların önündə boynumu bükdüm...Bəlkə, həyatda da nağıllarda olduğu kimi, bağlı və açıq qapıların sayı eyniydi, bilmirəm; ya saymağı unutmuşam, ya da heç saymaq lazım olduğunu anlamamışam...

Bütün bunları orda - Gəncənin "ən romantik küçəsi"ndə xatırladım... Keçmiş Sabir küçəsindəki-indiki Cavadxan küçəsindəki o tağlı dölməyə girdim, addımladım uşaqlığımdakı açıq qapıya doğru. Amma qapı bağlıydı... Niyə bağlıydı ki? Həmişə üzümə açılan, "Leyla gəlib!" sözlərindəki sevincə xəfif cırıltısı qarışan bu qapını içəridən kim kilidləmişdi ki?!

Əslində, bilirdim bu sualların cavabını... Bilirdim, sadəcə, o an orda-Gəncənin ən xəyallı dölməsindəki rəngbərəng xatirələrimin saçaqları arasında mən o boyda həqiqəti qəbul etmək istəmirdim. "Leyla gəlib!" -deyənim yox idi...

O sehirli iki söz deyilməsə bu qapı necə açılacaqdı axı?!

Geri qayıtmaq, dölmədən çıxmaq, uşaqkən nənəmin əlimdən tutub apardığı yerləri gəzmək istədim. Amma baxışlarım qapıdan ayrılmırdı... Çəkəmmirdim baxışlarımı qıfıl yerindən... Bəlkə də, çəkmək istəmirdim... Bunu da anlayammırdım. İnsan öz təzadının içində azanda gücü bircə şeyə çatır; o da anı dondurmaqdır, vəssəlam!

-Bağışlayın...Kimsiniz? Kimi gözləyirsiniz?

Nəzakətlə, bir az da çəkincənliklə deyilmiş sözlər məni düşüncələrimdən ayırır. Qarşımda dayanan orta yaşlı qadına, bir addım ondan arxada dayanmış, saçlarına adda-budda dən düşmüş kişiyə baxıram. Qəhərimi udub sözlərimi ehtiyatla seçir, onlara bu evin keçmiş sahibləri olduğumuzu anladıram.

Qadın duruxur, kişiyə baxır... Kişi irəli yeriyir, cibindən çıxardığı açar topasından nisbətən irisini seçir, qapını açır... Açarlıqdakı dəmir ayparanı da tanıyıram; nənəmə Gəncənin Misgərlər məhəlləsində yaşayan bir dostu hədiyyə etmişdi o vaxt...

-Buyurun, keçin. Keçin, həyətə. Həmişə siz gələsiniz. –Qadın əliylə açıq qapıdan içəriyə işarə edir.

İlk addımdanca bu həyətin, bu evin heç dəyişmədiyinin-uşaqlığımda necəydisə, o cür də qaldığının fərqinə varıram. Divarların çəmən rəngi boyası belə, yerindədi. Pilləkənin qarmaqlığından yapışdığım, üzümü bu qarmaqlığın arasından çıxarıb həyətdəki gilas ağacına tərəf baxdığım düşür yadıma. Üstü boz-qəhvəyi çiçəkli divan o ağacın altına qoyulardı yay axşamlarında...

Böyüklər orda oturar, paxlavayla çay içər, arabir də, kimsə ayağa durub ağacdan gilas dərərdi. Uşaq xəyalımda o paxlavanın qoxusu da, o gilasın dadı da mənim doğmam idi...

Məhəllədə bir küncdə nənəmin toyuq hini var idi. Xoruzu, toyuğu və cücələri çox idi. Nənəm hamısına dən verərdi, onlara yaxşı baxırdı, onlarla hərdən söhbət də edirdi. Yadımdadır uşaqlıqda Gəncəyə gedəndə mən də həmişə toyuq və cücələri yedizdirərdim.

İndi daha orda nə toyuq cücə var idi, nə də hin. Daha doğrusu, toyuq hini qalmışdı, amma boş idi...

İllərdir təmir edilməmiş, ovulub-tökülən divar suvağına baxıram... Novdanın çatlarından sızılan suyun pilləkənin önündə göllənməsi dərd olur ürəyimə... Bilmirəm bu dərdimin qaynağı təəssüfümdü, yoxsa itirdiklərimin göynəyi?

-Biz burda kirayədə qalırıq...

Bunu qadın deyir... Baxışlarımı ayaqlarıma dikirəm; istəmirəm ki, evimizin baxımsızlığına görə, onu qınadığımı düşünsün...

Aşağıda dayanıb, həyətimizə baxırdım. Hər qarışına, tininə baxırdım. Uşaqlığım gəldi göz önümə...

Gəncəli şair Səadət Asəfin bir misrasını xatırlayıram: "Kirayə mənziltək çox yadlaşmısan..." Kirayənişinlərə yad olur evlər, heç doğmalaşa bilmir. Bu yadlığa görə də, onları qınamaq olmur.

Qınadığım zaman idi o anda...Nənəmin əllərinin qabarıyla sığal çəkdiyi divarlar doğmasıydı, nənəmin hər gün içinə düşən yarpaqları əlləriylə yığdığı novdan doğmasıydı... Və zaman bu doğmalığın qəniminə çevrilmiş, bu evin əsl sahiblərini əcəl qatarına mindirib yola salmış, arxasınca xatirələr yelləmişdi...

Səssiz-səmirsiz ayrıldım o dölmədən. Bir az da kövrəldim, bir az gözlərim doldu...

Üzü Gəncəçaya doğru getdikcə yenə dönüb oluram nənəmin nağıllarındakı şahzadə qız... Hə, nənəmin bütün nağıllarındakı gözəl şah qızlarının adı Leyla idi... Və bütün qapılar onun gözəlliyinin xətrinə açılardı...

P.S. Qadın israrla bizi evə qalxmağa dəvət etsədə, biz imtina etdik. Bəlkə gələn dəfə düşündüm. Gələn dəfə keçmiş evimizdə çay da içərik. Ya Qismət...

Leyla Turan.


MANŞET XƏBƏRLƏRİ