SSRİ-ni parçalayan çat – İran da həmin uçuruma yuvarlanır


"Bu gün İranda sitemə qarşı etirazlar rejimi geri addım atmağa məcbur edirsə, bu da sonun başlanğıcı, sistemin çat verərək zəifləməsi deməkdir".

Turkustan.azxəbər verir ki, bunu ReAl partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

Partiya rəsmisi İranda baş verən son ictimai-siyasi gəlişmələrə diqqət çəkib:

"İranda bu gün baş verənlər SSRİ-nin son dövrünü, təxminən 1986-87-ci illəri xatırladır. Əslində İran və SSRİ sistem, ideologiya, metadologiya olaraq bir-birinə çox yaxındır. SSRİ millət, kimlik anlayışını unutdurub hamıdan "sovet adamı" düzəltmək, davranış qaydalarını, hətta geyimlərini, düşüncə tərzini dizayn etmək istəyirdi (sovet vaxtı "stilyaqaları" geyimlərinə görə təqib edirdilər). Eyni zamanda, imperiyanı qorumaq üçün kommunist, əslində cəlbedici olan sol ideologiyanı ifrat hala salıb, istismar etməyə çalışdı.

İndi İran da müqəddəs dini, inancı öz dövlət ideologiyasına xidmət etmək, fars imperiyasının inersiyasını qorumaq üçün istismar edərək insanların davranış qaydalarına, geyim tərzinə, düşüncəsinə nəzarət etməyə başladı. İran rejimi də millət, etnik kimlik anlayışlarını "ümmətlə" əvəz edərək yeni insan tipi yaratmağa çalışır.

1985-86-cı illərdə SSRİ-də "Qlasnost", "Perestroyka" kimi anlayışlar ortaya çıxan kimi sistem çat verməyə başladı. Bundan sonra bütün qanlı əməllərlə imperiyanı qorumaq cəhdlərinə baxmayaraq (Almatı, Tiflis, Vilnüs, Bakıdakı xalq etirazları) sistem çökdü.

Bu gün İranda əgər sitemə qarşı etirazlar rejimi geri addım atmağa ("Əxlaq polisi"nin ləğvi xəbəri, konstitusiyaya dəyişiklik təklifi) məcbur edirsə, bu da sonun başlanğıcı, sistemin çat verərək zəifləməsi deməkdir. Yəni SSRİ analogiyasına görə 1986-87-ci illərdir, 1990-91-ci illərə çox az qalıb".


MANŞET XƏBƏRLƏRİ