Misir şahzadəsi necə İran şahzadəsinə çevrildi? - HİYLƏ SİYASƏTİ


Dünyanın ən gözəl qadınları arasında göstərilən Misir şahzadəsi Fevziye həyatına təsir edən bu qərarı verərkən başına nə gələcəyindən xəbərsiz idi. İran kraliçası olarkən başına gələn film kimi hadisədən sonra da heç vaxt təslim olmayan Fevziyə gözəlliyi ilə yanaşı güclü xarakteri ilə də bu gün də bir çox qadına ilham verməyə davam edir.

İngiltərədən müstəqillik qazanan ilk Misir kralı I Fuad və ondan 26 yaş kiçik ikinci həyat yoldaşı Nazlı Səbrinin aylardır gözlədikləri gün gəlib çatmışdı. 5 noyabr 1921-ci il səhəri İsgəndəriyyədə dünyaya göz açan Fevziyə böyüyəndə əfsanəvi gözəlliyi ilə adını bütün dünyaya tanıtdıracaqdı. O, sonradan Misir kralı olacaq I Farukdan sonra dörd bacının ən böyüyü idi. O, doğulduğu gündən ciddi bir təhsil prosesindən keçdi və evdə xarici baxıcılar tərəfindən böyüdü. Universitetdə təhsil almaq üçün İsveçrəyə getməzdən əvvəl sarayda xarici dil və musiqi dərsləri də almışdır. Ərəb dilindən əlavə fransız və ingilis dillərini də mükəmməl bilirdi. O, İsveçrəyə gedəndə yolu İran şahı Rza Pəhləvinin oğlu Məhəmməd Rza Pəhləvi ilə kəsişirdi. İsveçrədən ölkəsinə qayıtdıqdan sonra aldığı qərarla həyatı alt-üst oldu. 18 yaşına qədər xoşbəxtlik içində keçən Fevziyəni ömrünün sonuna qədər ağrılı günlər gözləyirdi.

İRAN ŞAHININ OĞLU İLƏ EVLƏNMƏYƏ RAZI OLDU

1900-cü illərin birinci yarısında İran şahı Rza Pəhləvi Türkiyə Cümhuriyyətinin qurucusu ulu öndər Mustafa Kamal Atatürkü nümunə götürürdü. Atatürkün islahatları və uzaqgörənliyi həmişə İran şahı Rza Pəhləvinin ölkəsində edəcəyi sıçrayışlara rəhbərlik etmişdir. Mustafa Kamal bir görüşdə Pəhləviyə bildirmişdi ki, Yaxın Şərqdə iki güclü ölkə bölgə üçün çox yaxşı nəticələr verəcək qohumluq bağı qura bilər. O dövrdə I Farukun hakimiyyəti altında olan Misir Yaxın Şərqdə sürətlə inkişaf edir və müasirləşirdi. İran şahı Pəhləvi bu fikri varisi Məhəmməd Rza Pəhləviyə izah edərək, işlərin yaxşı getməsi ölkəsinin üçün Misirlə qohumluq əlaqələrinin qurulmasının yaxşı olacağını düşünürdü.

Məhəmməd Rza Pəhləvi atasının fikrini müsbət qarşılayanda gənc varisə Misir şahzadələrinin fotoşəkilləri nümayiş etdirilib. Daha doğrusu, iranlı qıza aşiq olan vəliəhd bir ingilis jurnalının üz qabığında Misir şahzadəsi Fevziyəni görüb və onunla evlənmək istəyib. O dövrdə təhsilini başa vurub ölkəsinə qayıdan, sonralar gözəlliyinə görə "Asiya Venerası" olaraq anılacaq Fevziyə darıxdırıcı gördüyü saray həyatına uyğunlaşmağa çalışırdı. Fevziyə özünü bu monoton həyatdan xilas edə biləcəyini düşünərək Məhəmməd Rza Pəhləvi ilə evlənməyə razılaşdı.

MİSİR ŞAHZADƏSİ İRAN KRALİÇASI OLDU

İki ölkə arasında hazırlıqlar hər iki tərəfin razılığı ilə dərhal başladı. Toydan əvvəl Məhəmməd Rza və Fevziyə bir-birlərini ancaq nişan mərasimində gördülər. Təhsilli və gözəl şahzadənin həyatı indi dəyişirdi. Misirin son şahzadəsi və İranın son imperatriçası Fevziye ilə Məhəmməd Rza 1939-cu il martın 15-də Qahirədə Abdin sarayında 40 gün 40 gecə davam edən mərasimlərlə evləndilər. Şahzadə Fevziyenin kədərli günləri bu evliliklə başladı.

Cütlüyün övladları evləndikdən təxminən il yarım sonra dünyaya gəldi. Təqvimlər 27 oktyabr 1940-cı ili göstərəndə Fevziyə və Məhəmməd Rıza Pəhləvi Şehnaz adını verdikləri qızlarını qucaqlarına aldılar. İran şahı Rza Pəhləvi taxtda oturduğu son ilində idi. Balaca Şehnaz cəmi 11 aylıq olanda atası taxtdan əl çəkdikdən sonra şahzadə Məhəmməd Rza Pəhləvi İranın başçısı oldu. Növbəti il ​​Kraliça Fevziyənin İngilis fotoqrafı Sesil Biton tərəfindən çəkilmiş fotoşəkili dövrün məşhur xəbər jurnalı "Life"ın 21 sentyabr 1942-ci il sayının üz qabığına çevrildi.

İllər sonra İran şahı Rza Pəhləvi tərəfindən planlaşdırılan bu evlilik haqqında Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatında deyilirdi: "Əslində bu, siyasi bir addım idi. Sünni şahzadə ilə şiə vəliəhd şahzadəsinin bu evliliyi müxtəlif məzhəblərə mənsub olan iki sülalə arasında əlaqələri gücləndirəcək.

QIZ UŞAQ DÜNYAYA GƏTİRDİYİ ÜÇÜN SEVİLMİRDİ

Bütün gözlər onun üzərində idi, amma Fevziyə xoşbəxt deyildi. Yaxın Şərqin ən inkişaf etmiş şəhərlərindən biri olan Qahirədən sonra Tehran "Asiyanın Venerası" üçün heç də cəlbedici deyildi. Kraliçanın İran iqliminə uyğunlaşa bilməməsi səbəbindən səhhətinin pisləşməsi və şahın başqa qadınları Gülüstan sarayına açıq şəkildə gətirərək aldatması kimi səbəblər əslində nikahın bitməsi üçün kifayət idi. Üstəlik, əfsanəvi gözəlliyi və kədərli baxışları ilə hər kəsi məftun edən Fevziyə oğlan yerinə qız dünyaya gətirdiyi üçün sarayda və saraydan kənarda sevilməməyə başlamışdı.

Asiyanın Venerası tez-tez təzyiq və psixoloji zorakılığa məruz qalırdı. Gözəl Kraliça İranı tərk etməzdən əvvəl depressiyadan müalicə almaq üçün Bağdaddakı ABŞ psixiatrına müraciət etmək qərarına gəldi. Bədbəxt günlərdən sonra o, boşanmaq qərarına gəldi. Təqvimlər 1945-ci il göstərildikdə o, boşanmaq üçün başlayacağı prosesin kifayət edəcəyini düşünürdü. Lakin onun hesablaya bilmədiyi çox vacib bir şey var idi.

Başına gələcəklərdən xəbərsiz idi

Qızı Şehnazı götürüb Qahirəyə qayıtmağa qərar verdi. Həyat yoldaşı Məhəmməd Rza Pəhləvi arvadının bu istəyinə etiraz etmədi və qəbul etdi. Fevziyə ərinin bu istəyində heç bir çətinlik yaratmamasına təəccüblənib, hətta gözləmədiyi müsbət reaksiya almasına sevinib. Amma işlər əslində Fevziyənin düşündüyü kimi olmadı.

Qızı ilə birlikdə təyyarəyə minən "Asiyanın Venerası" indi Qahirəyə uçuşu gözləyirdi. Əri Şah Məhəmməd Rza Pəhləvi həmin vaxt havalimanında idi. Qızı Şehnazı bir daha öpmək istədiyini Fevziyəyə çatdırdı. Fevziyə qızı Şehnazı atasının yanına göndərməyə razılaşdı.

FİLM KİMİ SƏHNƏ

Balaca Şehnaz təyyarədən düşəndə ​​qapılar tez bağlandı və Şah Məhəmməd Rza Pəhləvinin əmri ilə Fevziyə qızı olmadan Qahirəyə uçmağa başladı. Ərinin qurduğu tələni çox gec anlayan və vəziyyətdən şübhələnməyən Fevziyə Qahirdə ki həyatına bu film kimi səhnə ilə başladı. Qızı olmadan Qahirədə bədbəxt günlərini keçirməyə davam edən Fevziyə yalnız 17 noyabr 1948-ci ildə böyük böyük çətinliklə də olsa əri Məhəmməd Rza Pəhləvidən rəsmi olaraq boşana bildi. Şah Məhəmməd Rza Pəhləvi Fevziyədən boşandıqdan sonra əvvəlcə Sürəyya Bəxtiyari, sonra isə Fərəh Diba ilə evləndi.

Fevziye, Məhəmməd Rza Pəhləvidən boşandıqdan beş ay sonra, 28 mart 1949-cu ildə Qahirədəki Qübbə sarayında çərkəz əsilli diplomat və I Farukun adyutantı İsmayıl Şirinlə evləndi. Cütlüyün bir qızı və bir oğlu oldu. 1952-ci ildə onun böyük qardaşı Kral Faruk taxtdan salınıb sürgün edildikdə, respublika elan edildi və kral ailəsi ölkədən köçdü. Lakin Fevziyə ailəsindən fərqli olaraq doğulub boya-başa çatdığı Misirdə qalmağa üstünlük verdi. Ömrünün qalan hissəsini İsgəndəriyyə və Qahirədə keçirdi. Onun həyat yoldaşı 1994-cü ildə, qızı Nadia isə 2009-cu ildə vəfat etdi. Misirin ən gözəl şahzadəsi Fevziyənin şərəfli və kədərli həyatı 2 iyul 2013-cü ildə çox sevdiyi İsgəndəriyyədə 94 yaşında sona çatdı.

Fevziye Şehnazla illər sonra qızı ilə İsveçrədə görüşdü, onunların hələ 6 yaşında ikən yollarını ayırmışdılar. Lakin bu danışıqlar Fevziyənin gözlədiyi kimi getmədi. Qızı Şehnaz anasından uzaq idi. Bir neçə dəfə görüşdükdən sonra ikisi bir daha görüşmədi.

Gözəlliyi ilə hər kəsi valeh edən Fevziye keçmiş ərinə görə ilk qızının həsrətini illərdir yaşayıb. Qızına qovuşmaq fürsəti tapanda Şehnazın onunla münasibət qurmaq istəmədiyini anladı və vəziyyəti qəbul etdi. Yaşadığı böyük əzablara baxmayaraq, heç vaxt təslim olmadı. Fevziye qarşılaşdığı çətinliklərə baxmayaraq, qətiyyətli duruşu və güclü xarakteri ilə bir çox qadına ilham verməyə davam edir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ