Vasif Talıbovun deputatları: Maraqlı siyahı...


Bu günlərdə diqqətlər Naxçıvana yönəlib. Muxtar Respublikadan müxtəlif xəbərlər gəlməkdədir. Bu xəbərlərdə bir sıra vəzifəli şəxslərin DTX-nın keçirdiyi əməliyyatlarla əlaqədar həbs olunan korrupsioner məmurların işinə görə Bakıya çağırıldığı bildirilir.

Doğrudur, bu xəbərləri rəsmi şəkildə heç kim təsdiqləmir, amma təkzib edən də yoxdur…

Jurnalistlərin Naxçıvandan seçilən deputatları danışdırmaq cəhdləri də nəticəsiz qalır.

Modern.az-ın əməkdaşı son günlər dəfələrlə Naxçıvanı təmsil edən deputatlarla əlaqə saxlayaraq muxtar respublikada nələrin baş verdiyini soruşmaq istəyib, amma suallara cavab ala bilməyib.

Naxçıvanlı parlamentarların hamısı bir-birini təkrarlayıb: "Məlumatım yoxdur, heç nə deyə bilmərəm".

Görünür ki, "Talıbov xofu" hələ ki onları suyu da üfürə-üfürə içməyə vadar edir. Baxmayaraq ki, muxtar respublika rəhbərinin mövqeləri son vaxtlar xeyli zəifləyib.

Belədə əlacsız qalıb Naxçıvan Ali Məclisinin deputatlarına zəng etdik ki, heç olmasa kimsə yayılan xəbərləri təkzib etsin. Amma Ali Məclisin deputatları Milli Məclisin deputatlarından da ehtiyatlı tərpənib, səslərini belə çıxarmadılar…

Naxçıvan parlamentindən söz düşmüşkən, muxtar respublikanın Ali Məclisinin VI çağırışı 9 fevral 2020-ci il tarixində keçirilmiş seçkilər əsasında formalaşıb.

Son seçkilərdə Naxçıvan parlamentinə 45 deputat seçilib - 42-si hakim Yeni Azərbaycan Partiyasının üzvü, 3-ü bitərəf. 20 iyun 2020-ci il tarixində Hüseyn Həşimlinin vəfat etməsiylə əlaqədar deputatların sayı 1 nəfər azalıb.

Hazırda Ali Məclisdə 44 deputat fəaliyyət göstərir: 41 YAP-çı, 3 bitərəf.

Ali Məclisdə müxalifəti təmsil edən deputat yoxdur.

Ali Məclisin 44 deputatından 10-u qadın, 34-ü isə kişidir.

Naxçıvan Ali Məclisin sədri Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Vasif Talıbov, sədrin birinci müavini isə Yeni Azərbaycan Partiyasının üzvü Azər Zeynalovdur.

Ali Məclisin VI çağırışının ən yaşlı üzvü 1947-ci il təvəllüdlü Fərəc Fərəcov və Telman İbadov, ən gənc üzvü isə 1990-cı il təvəllüdlü Günel Vəliyevadır.

Yeri gəlmişkən, Vasif Talıbovun oğlu, 1988-ci il təvəllüdlü Seymur Talıbov da Ali Məclisdə təmsil olunur. Deputat Talıbov həm də 2016-cı ildən Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektorudur. O, eyni zamanda universitetdə dərs deyir, Beynəlxalq münasibətlər kafedrasının dosentidir. Seymur müəllim Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının da sədridir.


MANŞET XƏBƏRLƏRİ