Əli İnsanovun partiyası YAP-a birləşəcək? - AÇIQLAMA


Sabiq səhiyyə naziri Əli İnsanovun qurucusu və sədri olduğu Haqq Ədalət Partiyası (HƏP) ilə bağlı səsləndirilən iddialar səngimir. Belə iddiaların ilki Haqq Ədalət Partiyasının hakim Yeni Azərbaycan Partiyasına birləşmək istəyi ilə bağlı olub. Başqa bir iddia xırda partiyaların HƏP-ə birləşmək istəyi ilə bağlıdır.

Modern.az-ın əməkdaşı bu iddialarla bağlı Haqq Ədalət Partiyası Ali Məclisinin sədri Zəlimxan Məmmədli ilə əlaqə saxlayıb.
Zəlimxan Məmmədli hər iki iddianı təkzib edib.

"Siyasət elə bir sənətdir ki, burada mümkünsüz deyə bir şey yoxdur. Gələcəkdə belə təkliflər olarsa, ona individual yanaşma sərgilənəcək. Əgər fərdlər, qurumlar, partiyalar bizə qoşulmaq istəsələr, onlara ayrı-ayrılıqda yanaşılacaq və təkliflər böyük ehtiramla qarşılanacaq",- deyən Z.Məmmədli xırda partiyalardan hələ ki təklif olmadığını bildirib.

Ali Məclis sədrinin Haqq Ədalət Partiyasının YAP-a birləşmək istədiyi barədə iddialara cavabı belə olub:

"Haqq Ədalət Partiyasının guya Yeni Azərbaycan Partiyasına birləşmək istədiyi barədə yayılan iddialar həqiqəti əks etdirmir. Tamamilə yalandır. Belə düşünənlər çox böyük səhvə yol verirlər. HƏP öz yolu olan partiyadır. Onun iqtidara birləşmək kimi bir niyyəti ola bilməz. Bizim partiyamız Azərbaycanın gələcəyinə iddialı partiyadır".


MANŞET XƏBƏRLƏRİ