Ermənistan Qarabağda yeni silahlı təxribatlara hazırlaşır - Hərbi ekspert


Xəbər verdiyimiz kimi, Ermənistan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə silah-sursat və hərbi texnika daşıyır. Bu məlumatı DTX rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski də təsdiqləyib. General bildirib ki, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması da diqqət çəkir.

Son dövlər Ermənistanın xaricdən silah tədarükü, həmçinin erməni tərəfin Qarabağa hərbi texnika cəmləşdirməsi nə məqsəd daşıyır? Qarabağda yenidən hərbi əməliyyatlar başlaya bilərmi?

Məsələ ilə bağlı ehtiyatda olan zabit, hərbi ekspert Ədalət Verdiyev Bakupost.az-a açıqlama verib. O, Laçın dəhlizinə nəzarətin təmin olunmasını vacib hesab etdiyini bildirib:

"Ermənistan tərəfinin rusların nəzarətində olan ərazilərə sülhməramlı kontingentin gözü qarşısında silah-sursat, texnika daşıması düşmən ölkənin növbəti təxribatlara hazırlaşdığından xəbər verir. Biz bu təxribatları öncədən preventiv zərbələrlə aradan qaldırmalıyıq. Mümkün olan ən qısa müddətdə isə Laçın dəhlizinə Azərbaycanın nəzarəti təmin olunmalıdır. Əgər bu çox suallar yaradarsa, o zaman ən azından Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Laçın ərazisinə giriş-çıxışa nəzarət etməlidir".

Ermənistanın yeni təxribata hazırlaşdığını bildirən ekspert indiki fəaliyyətlərin gələcəkdə bizim üçün təhlükə yaradacağını vurğulayıb:

"Daşınan silah və sursatın konsentrasiyası artsa, Azərbaycan onları zərərsizləşdirmək üçün daha çox imkan və potensialdan istifadə etməli olacaq. Artıq silahların Qarabağda yerləşməsi Azərbaycan ordusu üçün gələcəkdə mümkün itkilərin artması deməkdir. Odur ki, biz ən qısa zamanda Ermənistanın və Qarabağda yerləşən silahlıların əlavə döyüş imkanları əldə etməsini sıfırlamalıyıq". /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ