Sonu görünməyən Ukrayna müharibəsi: Savaş nə qədər davam edəcək?


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaradakı Bilkent Universitetində "Təşəbbüskar və humanist Türkiyə xarici siyasəti" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib ki, Rusiya-Ukrayna müharibəsinin onilliklərlə davam etməsi riski var.

Qeyd edək ki, indiki mərhələdə tərəflər arasında danışıqlar tamamilə dalana dirənib. Kiyev müharibəni qələbəyə qədər davam etdirəcəyini bəyan edir. Bu xüsusda Ukrayna ordusunun müəyyən qədər irəlilədiyi də göz qabağındadır. Lakin bu qələbələr də çətinliklə əldə edilir. Rusiya da bir çoxlarının iddia etdiyinin əksinə olaraq, hələ ki, tam tükənməyib. Onun silah və canlı qüvvə baxımından arsenalı hələ də böyükdür. Prosesin uzanması Qərbdə də bəzi dairələrin marağındadır. Xüsusən də, ABŞ bunda maraqlı görünür.

Politoloq Natiq Miri də Qaynarinfo-ya açıqlamasında Rusiya-Ukrayna müharibəsinin hələ uzun müddət davam edəcəyini bildirib:

"ABŞ başda olmaqla NATO ölkələri Ukraynaya hərbi cəhətdən dəstək verir və bu proses Kiyevin hərbi cəhətdən tam qələbəsinədək davam edəcək. Ancaq bu o qədər də asan başa gələcək məsələ deyil. Rusiyanın raket və insan resursu nöqteyi-nəzərindən potensialı hələ böyükdür. Rusiyada raket istehsalı kütləvi şəkildə olmasa da, davam edir. Belə vəziyyət müharibənin davam etmə ehtimalının böyük olduğundan xəbər verir.

Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların bu ölkəyə ölümcül təsirini də görmürük. Bir sıra Qərb şirkətləri məxfi şəkildə Rusiya ilə ticari əlaqələri davam etdirir. Yəni, Rusiya iqtisadi cəhətdən tam çökməyincə, onun tərəfindən müharibənin davam etdirilməsi imkanı da yaranır.

Yanvarda Rusiyada yeni böyük kütləvi səfərbərliyin elan ediləcəyi bildirilir. Ukraynanın enerji sisteminin yarısı məhv edilib. Rusiya çalışır ki, ukraynalıların kütləvi şəkildə Avropaya köçünə nail olsun. Bu isə Avropada humanitar faciə yaradacaq.

Cəbhədə üstünlük Ukraynanın əlindədir. Ancaq müharibənin uzun müddət davam etdirilməsi Ukrayna dövləti üçün də problemli olacaq. Bu baxımdan Çavuşoğlunun dediklərində həqiqət var. Mövcud vəziyyət müharibənin illər boyunca uzana biləcəyi ehtimalının daha real olduğunu deməyə əsas verir. Bu isə dünyada qlobal ərzaq və humanitar böhranının, qiymət artımının yaranmasına gətirib çıxara bilər".


MANŞET XƏBƏRLƏRİ