Qarabağdan gedən rus sülhməramlılarını ermənilər əvəz edir – Sensasion iddia

Qarabağdan gedən rus sülhməramlılarını ermənilər əvəz edir – Sensasion iddia

Orda şəxsi heyətin dəqiq sayını bu məsələylə yaxından məşğul olan qurumlar bilərlər. Lakin çox vaxt şəxsi heyətin sayını bilmək olmur, çünki bu, məxfidir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Hərbi ekspert DTX-nın general-leytenantı Ceyhun Şadlınskinin “sülhməramlıların yerləşdiyi əraziyə hərbi texnika daşınır” açıqlamasına münasibət bildirib.

Polkovnikə görə, Rusiyayla sülhməramlıların yerləşməsi ilə bağlı imzaladığımız 10 noyabr bəyannaməsində həm şəxsi heyətin, həm texnikanın, həm də silah-sursatın sayı razılaşdırılmış şəkildədir:

“İndi bəs nə yerdədir? Biz onu çətinliklə deyərik. Çünki Ukrayna müharibəsinin fonunda Rusiya kontingentinin orada azalması və onların yerlərinin ermənilər tərəfindən tutulması ilə bağlı müəyyən məlumatlar var. Ona görə ki, sülhməramlı qüvvələrdə xidmət edənlər hamısı peşəkar hərbçilərdir və bu gün Ukrayanda gedən müharibədə ilk olaraq məhz müqavilə əsasında xidmət edən peşəkarlar iştirak edir.

Bu baxımdan, burada müəyyən bir məntiq var ki, Rusiya tərəfi Qarabağda olan peşəkar heyətini Ukraynaya yönəldə bilsin və onların yerini məhz Ermənistandan gələnlər, yaxud erməni ordusuna məxsus nümayəndələr tutsun. Belə bir fikirlər var və mən bunu əsaslı sayıram”.

“O ki qaldı silah-sursatın daşınmasına, mənə elə gəlir ki, bu, hər zaman olub. Əgər biz Sarıbaba istiqamətində 2021-ci ildə istehsal olunan minaları zərərsizləşdiririksə, bu, onu göstərir ki, bu minalar məhz sülhməramlıların gəlməsindən sonra əraziyə gətirilən sursatdır.

Digər silahların gətirilib-aparılmasına gəldikdə isə, əgər DTX nümayəndəsi belə bir məlumat verirsə, deməli, müəyyən bir əsaslar var ki, o, bu barədə danışır. Bununla bağlı bizim sülhməramlı qüvvələrlə bilavasitə təmasda olan və işləyən qurumlarımız var, habelə monitorinq qrupu da orada mövcuddur. Əgər hansı bir məsələ razılaşdırılmamış şəkildə həyata keçirilirsə və əsaslı deyilsə, həmin rəsmi nümayəndələr lazım olan tədbirləri görürlər”, - əlavə edib.

Hərbi ekspertin fikrincə, sülhməramlılar orada olmasaydı, artıq o ərazidə yaşayan erməni əsilli vətəndaşlarımız daha yaxşı yaşayardılar:

“Ona görə ki, bütün ajiotaj və onları məqsədli şəkildə qorxu altında saxlayanlar məhz Rusiya sülhməramlılarıdır. Onlar vəziyyəti gərgin saxlamaqla öz vaxtlarını uzatmaq məsələsini gündəmə gətirirlər və artıq bu, Baş nazir Paşinyan tərəfindən Soçidə səslənilib. Bu da artıq Azərbaycan üçün çox ciddi bir siqnaldır ki, bunların niyyəti nədir.

Digər tərəfdən, faktiki şəkildə baxsaq, Rusiyanın sülhməramlı qüvvələri orada sülhü qorumurlar, çünki buna ehtiyac yoxdur. Əgər Soçi görüşündən əvvəl, ancaq dövlət sərhədində atəşkəsin pozulması müşahidə olunurdusa, indi sülhməramlı qüvvələrin müvəqqəti yerləşdiyi ərazilərdən də bu, baş tutur. Hətta Şuşa istiqamətində belə halların olması, müəyyən suallar doğurur. Düşünürəm ki, bu gərginliyi sülhməramlılar istəməsə, orada bir silah da açılmaz. Lakin sülhməramlılar bu kimi separatçı silahlıları dəstəkləyirlər”.

Ş.Ramaldanov deyib ki, Rusiyanın Gürcüstan ərazisində apardığı “ruslaşdırma siyasəti” təcrübəsi bizə yad deyil:

“Ona görə də bütün bu proseslər onu göstərir ki, sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə baş verən hadisələr Azərbaycanı hələ də narahat etməyə davam edəcək və bunlar Azərbaycanın maraqlarına uyğun deyil.

Lakin mən deyərdim ki, bu, ermənilərə də sərf edir. Çünki ermənilərin əsas məqsədlərindən biri də ondan ibarətdir ki, sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə Azərbaycan tərəfinin səbri gec-tüz tükənsin və belə olan təqdirdə Azərbaycan hansısa addımlar atsın. Həmçinin, Azərbaycanın bölgədəki Rusiya sülhməramlılarıyla toqquşması ehtimalı çoxdur və ermənilər də bu fonda istəyirlər ki, bu toqquşma baş versin və Azərbaycan-Rusiya münasibətlərində müəyyən problemlər yaratsınlar.

Lakin dövlət başçısının diplomatik səyi nəticəsində mövqelərimiz hər zaman bəlli edilib və bu, uğurla nəticələnib. Soçi görüşləri də buna sübutdur”.


MANŞET XƏBƏRLƏRİ