Bakının kirayə bazarında qiymətlər niyə bahalaşır? – Ekspertdən AÇIQLAMA


Son vaxtlar kirayə mənzil bazarında qiymətlər "əl yandırır". Əvvəllər 2-3 otaqlı mənzil üçün mövcud olan aylıq kirayə qiyməti indi 1 otaqlı mənzillər üçün təklif edilir.

Maraqlıdır, kirayə mənzil bazarındakı qiymətlərdə yaxın zamanlarda enmə müşahidə edilə bilərmi? Ümumiyyətlə qiymət artımının qarşısını hansı yolla almaq mümkündür?

Mövzu ilə bağlı Sfera.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev kirayə mənzil bazarında qiymətlərin təxminən 4 ay öncə yüksəldiyini deyib. Müsahibimizin sözlərinə görə, zamanla qiymətlər daha da artacaq:

"Paytaxtdakı kirayə mənzillər təxminən 3-4 kateqoriyaya bölünür. Bura yeni tikili binalardakı bahalı kirayə mənzillər, köhnə binalardakı orta qiymətə olan mənzillər, fərdi həyət evlərində olan daha ucuz mənzillər və bahalı villalar aid edilir. Metrostansiyalara yaxın ərazilərdə yeni tikili binalarda 1 otaqlı mənzillərin qiyməti 500 manat, 2 otaqlılar 600-700 manat, 3 otaqlıılar isə təxminən 800 manatdan 1500 manatadək dəyişə bilir. Əvvəlki illərdə köhnə tikili binalarda bir otaq 300 manat, 2 otaq 400 manat, 3 otaq 500 manat idisə, hazırda bu qiymətlərdə kəskin artım var. Həyət evlərində isə 1, yaxud 2 otaqlı mənzillərin aylıq kirayə qiyməti 100-200 manat arasında dəyişə bilir.

Avqust ayından etibarən kirayə mənzil bazarında qiymətlərdə artım baş verdi. Bunun da bir sıra səbəbləri var. Artıq 2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə paytaxtda istismar müddətini bitirmiş köhnə çoxmənzilli binaların pilot layihələr üzrə söküntüsünə start verilib və bu günədək xeyli bina yenisi ilə əvəzlənib. Bu zaman isə sökülən binalardakı mənzillər kirayə bazarından çıxır. Beləliklə həmin binaların sakinləri yeni bina tikilənədək kirayə çıxırlar. Bundan başqa, yeni tikilən binalardakı mənzillər əvvəlki qiymətlə yox, daha baha olmaqla insanlara təklif edilir. Bu baxımdan artıq köhnə binalar nə qədər tez sökülsə, paytaxtda ucuz kirayə mənzillər əlçatan olmayacaq. Zamanla qiymətlərdə kəskin artımların olması gözlənilir, nəinki enmənin olmağı".

Ekspert qiymət artımının qarşısını yalnız bir üsulla almağın mümkün olduğunu deyib:

"Kirayədə qalanların böyük hissəsi bölgələrdən gələn tələbələrdir. Vaxtı ilə bütün ali təhsil müəssissələrinin yataqxanaları var idi. Birinci Qarabağ müharibəsindən sonra isə həmin yataqxanalara məcburi köçkünlər yerləşdirildi. İndi isə həmin köçkünlər yavaş-yavaş öz yurdlarına qaytarılır. Həmin köhnə yataqxanalar sökülüb yenisi ilə əvəzlənərsə, bu, tələbələrin ev problemini aradan qaldırmış olar. Beləliklə kirayə mənzil bazarında mənzil bolluğu yaranar və qiymətlərdə enmələr müşahidə edilə bilər".


MANŞET XƏBƏRLƏRİ