Naxçıvanda nə baş verir? - DTX əməliyyat keçirir, istintaq davam edir


Milyonlarla qaçaqmalçılıq və büdcə yeyintisi

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində əməliyyat keçirib.

APA Agentliyinin yaydığı məlumata görə, əməliyyat Naxçıvandakı sərhəd gömrük keçid məntəqələrində aparılıb.

Məlumatda saxlanılanların olduğu, hazırda Naxçıvan MR-in sərhəd gömrük məntəqələrində də istintaq hərəkətləri aparıldığı vurğulanıb.

O da qeyd olunub ki, DTX-da Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır.

Maliyyə və vergi yoxlamaları

Naxçıvanda son aylarda ciddi maliyyə və vergi yoxlamalarının aparılması barədə xəbərlər səngimir. Sosial şəbəkələrdə yazılanlara inansaq, yoxlamaların aparıldığı bütün qurumlarda ciddi nöqsanlar, maliyyə yeyintiləri və problemlər ortaya çıxır.
"Gündəlik Naxçıvan" adlı facebook səhifəsinin yazdığına görə, Bakıdan ezam olunan xüsusu qrup Naxçıvanda yoxlamaları davam etdirir. Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Gomrük Komitəsində ciddi yoxlamalar aparılıb. Səhifə yazıb ki, hətta muxtar respublikanın bəzi strukturlarının rəhbərləri özləri ərizə yazaraq, işdən azad olunmalarını xahiş etsələr də, onlara yoxlamalar bitənə qədər maddi məsul şəxs kimi iş başında qalacaqları bildirilib.
Ən çox yeyintinin isə Gömrük Komitəsində üzə çıxdığı qeyd olunur:"Artıq gömrük nəzarətindən kənar, qeydiyyata alınmayan və gömrükdən gedib-gələn maşınların siyahısı hazırlanır. Aydın olub ki, illərdir burada qaçaqmalçılıqla məşğul olunub ".

Məsələ ilə bağlı Maliyyə Nazirliyi və Dövlət Vergi Xidmətindən hələlik heç bir rəsmi açıqlama verilməyib.

Naxçıvan DTX-nın ləğvi

Bir müddət əvvəl isə APA Agentliyi Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ləğv edildiyini yazmışdı. Məlumatda qeyd edilirdi ki, bu strukturun yerində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi yaradılıb. İdarəyə Möhsün Aşurov rəis təyin edilib.

Keçmiş milli təhlükəsizlik nazirinin azadlığı

Bu ilin sentyabrında eyni zamanda Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun kassasiya şikayətinə baxılıb. Onun cəzası 7 il 2 ay 10 gün azaldılıb və üzərində qəti olaraq 6 il 9 ay 20 günə cəza saxlanılıb. Məhkəmə həmin cəzanı çəkən Vəli Əsgərovun dərhal azadlığa buraxılması ilə bağlı qərar qəbul edib. 2016-cı ildə Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vəli Əsgərov 14 il azadlıqdan məhrum edilib. Naxçıvan Ali Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib. Vəli Əsgərov Naxçıvanda cəzaçəkmə müəssisəsində saxlanılırdı və onun hazırkı Naxçıvan rəhbərlyi ilə ciddi problemləri olduğu bildirilirdi.

Naxçıvanla bağlı büdcəyə dəyişiklik

"Ləğv olunmuş Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin saxlanması üçün dövlət büdcəsindən ayrılmış 11,1 milyon manat dotasiya çıxıldıqdan sonra gələn il Muxtar Respublikanın büdcə xərcləri 653,3 milyon manat təşkil edəcək".

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə nazirinin müavini Azər Bayramov bildirib. Azər Bayramov deyib ki, Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirlərinin 449,8 milyon manatı dövlət büdcəsindən ayrılan dotasiya, 185 milyon manatı Muxtar Respublikanın öz gəlirləri hesabına formalaşacaq.

Qeyd edək ki, layihənin ilkin variantında dövlət büdcəsindən 480 881 000 manat vəsaitin Naxçıvan Muxtar Respublikasının büdcəsinə dotasiya üçün ayrılacağı proqnozlaşdırılırdı. Layihənin ikinci oxunuş üçün təqdim edilən variantına əsasən, 2023-cü ilin dövlət büdcəsinin layihəsində Naxçıvan Muxtar Respublikasının büdcəsi üçün nəzərdə tutulmuş dotasiya 31,1 mln manat azaldılır.


MANŞET XƏBƏRLƏRİ