Hökumət düyünü ucuzlaşdırır: Bəs digər ərzaqlar?

Hökumət düyünü ucuzlaşdırır: Bəs digər ərzaqlar?

Azərbaycan hökuməti Pakistandan düyü idxalını 2027-ci il dekabrın 31-dək gömrük rüsumundan azad edib. 

Baş nazir Əli Əsədov bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Qərar 30 gündən sonra qüvvəyə minəcək. Qeyd edək ki, Pakistandan Azərbaycana düyü idxalına 15 % gömrük rüsumu tətbiq olunurdu. 

Ümumiyyətlə, ölkəmizə cari ilin yanvar-sentyabr aylarında 43 min ton düyü idxal edilib. İdxal edilən düyünün dəyəri 36,4 milyon dollar olub. Xatırladaq ki, ötən ilin yanvar-sentyabr aylarında dəyəri 26,3 milyon dollar olmaqla 35,9 min ton düyü idxal edilib. 

Qeyd edək ki, ötən il Azərbaycana düyü ixracında ilk sırada Hindistan qərarlaşıb. Cari ilin 8 ayında ümumi düyü idxalının 72,79 faizi Hindistanın payına düşüb. Bu ilin 8 ayında Qazaxıstan Azərbaycana düyü idxalında (4 min 836 ton) ikinci yeri tutur, sonrakı yerdə isə Rusiya (4 min 152 ton) gəlir. 2021-ci ildə ölkəyə idxal olunmuş düyünün 64,6%-i Hindistanın, 15,0%-i Qazaxıstanın, 13,4%-i Rusiyanın, 4,8%-i Pakistanın, 1,7%-i Tailandın payına düşüb. 

Gözlənilən odur ki, Pakistandan idxal edilən düyüyə tətbiq edilən rüsumun aradan qaldırılması ilə bazarda qiymətlərdə ucuzlaşma yaranacaqsa, bunu digər ərzaq məhsullarına da tətbiq etmək olmazmı? Azərbaycan düyü bazarında idxal həcmində ilk sırada yer almayan məhz Pakistan düyüsünə gömrük rüsumunun ləğvi nədən irəli gəlir? 

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, ərzaq qiymətlərinin həddindən artıq sürətlə artması, ərzaq inflyasiyasının 22 faizə yaxınlaşması ciddi bir problemdir: 

“Bu problemin həll olunması üçün yalnız gömrük rüsumlarının ləğv edilməsi yox, pərakəndə satışda əlavə dəyər vergisinin də azaldılmasına ehtiyac var. Gömrük rüsumları və ƏDV bir çox ərzaq məhsullarında 35- 40 faiz arası qiymətin artmasına səbəb olur. Ona görə də yalnız gömrük rüsumları yox, pərakəndə satışda ƏDV-nin ya ləğvi, ya da da azaldılması qiymət artımının qarşısını kəsən amillərdən birinə çevrilə bilər. Pakistanla Azərbaycan arasında özəl münasibətlərin olduğunu nəzərə alaraq çox güman ki, Pakistandan düyü ixracını artırmaq planlaşdırılır. Ola bilsin ki, Pakistan hökumətinin belə bir müraciəti olsun. Pakistanın da düyü istehsalı və ixracatı əsas gəlir mənbələrindən biridir. Azərbaycan kimi bir bazara daha çox Pakistandan düyü məhsulları ixrac etmək üçün bu ölkəyə güzəşt kimi bu addım atılıb. 

Ola bilər ki, bu güzəşt nəticəsində daha çox düyü gətirilməsi nəzərdə tutulub. Yəni buna hesablanmış bir addımdır. Ancaq bazarda ciddi bir dəyişikliyə səbəb olacağını demək çətindir. Çünki Pakistandan gələn düyünün qiyməti onsuz da baha idi. 15 faiz ucuzlaşma baş verəcəksə, həmin düyülərin digər düyülərlə rəqabət aparıb- apara bilməyəcəyi də sual altındadır. Ona görə də Azərbaycanda qiymətlərin tənzimlənməsi, ərzaq məhsullarının qiymətlərinin ucuzlaşması üçün yalnız bu məhsulun rüsumlardan azad edilməsi deyil, ümumilikdə ərzaq bazarında həm gömrük rüsumu, həm də ƏDV ilə bağlı yeni qərarların alınmasına ehtiyac var”. 

 


MANŞET XƏBƏRLƏRİ