"Narkomaniya beyin xəstəliyidir" - Xilas yolları HANSILARDIR?


Narkomaniya bəşəriyyətin ən qorxulu və təhlükəli probleminə çevrilməklə yanaşı, ən ağır xəstəliklərin də mənbəyidir. Bu bəlaya mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qaldıqları üçün daha qorxuludurlar. Narkotiklərdən istifadə bataqlıqdan heç də az təhlükəli deyil.

Narkotik maddələrdən bir və ya bir neçə dəfə istifadə etməklə asılılıq yaranır. Tibbi təcrübələr də bu bəla ilə mübarizə aparmağın çətin olduğunu, xilas olma faizinin aşağı olması faktını təsdiqləyir. Narkotikə qurşanmış insanların əksəriyyəti tez bir zamanda həyatla vidalaşmalı olurlar...

Bu ağ bəla son illərdə az qala bütün evlərə daxil olub. Uşaqdan tutmuş böyüyə qədər hər kəs onun yaratdığı təhlükə ilə üz-üzədir.

Bizim.Media-nın əməkdaşı geniş şəkildə yayılan bu bəlanın qarşısnın hansı yollarla alınmasına dair uzman psixiatr Fəqan Zakirovla həmsöhbət olub.

And içərək düzələcək bir şey deyil...

- Həkim, asılılıq nədir?

- Asılılıq xroniki beyin xəstəliyidir. Bu xəstəlik and içərək, söz verərək düzələcək bir şey deyil. Buna görə mütəxəssis tərəfindən müvafiq preparatlar təyin olunaraq müalicə edilməlidir. Müalicənin müddəti 6-12 ay arası dəyişir. Bu müddət xəstənin motivasiyası və müalicəyə tabe olmasından asılıdır.

- Daha çox hansı kateqoriyadan olan insanlar narkotik maddə alüdəçisinə çevrilmə riski altındadırlar?

- Narkotik maddə istifadəsi hər kəsdə görülə biləcək bir vəziyyətdir. Lakin ümumi baxdığımız zaman genetik faktorların rol oynadığını, eyni zamanda səbirsiz, risk və həyəcanı sevən, sevgidən məhrum, stress və kədərlə mübarizə apara bilməyən, ailə daxilində şiddətin olması və s. kimi amillərin narkotik vasitələrdən istifadəyə meyili artırdığını görürük.

Bu kimi davranışlar narkotikdən istifadə etmələrinə ipucudur...

- Bir valideyn övladının narkotik istifadəçisi olduğunu hansı əlamətlərdən müəyyənləşdirə bilər?

- Ailələr övladlarında olan dəyişiklikləri çox yaxşı incələməlidirlər. Davranışlarındakı hər-hansı dəyişiklik, evə gec gəlmələri, dərslərində uğursuzluqları, son zamanlar daha diqqətsiz olmaları, ətrafındakı insanların dəyişməsi, özlərinə baxımın azalması və bu kimi başqa davranışlar narkotik maddə istifadə etdiklərinə dair ipuclarıdır.

- Ailədə narkotik maddə istifadəçisi varsa, buna valideynlərin, digər ailə üzvlərinin reaksiyası, yanaşması necə olmalıdır?

- Həmin şəxslə narkotik maddənin təsiri altında olmadığı zamanda danışmaq lazımdır. Şiddət, döymək, öyüd-nəsihət verməyin heç bir elmi əsası yoxdur və bu cür yanaşmanın heç biri onlara yaxşı təsir etməyəcək. Bunun müalicəsi olan bir xəstəlik olduğunu bilmək və mütəxəssisə yönləndirmək lazımdır.

- Narkotik maddə asılılığı olanlar özləri müalicə üçün müraciət edirlərmi?

- Belə insanlar narkotik maddənin təsirini və onların həyatlarına vurduğu zərbənin fərqində olurlar. Digər bir qrup insan isə narkotik maddənin təsirlərindən və həyatlarına vurduğu zərərdən xəbərsiz olanlardırlar. Bu insanlarla ailə üzvləri xəstəliyin müalicəsi olduğu barədə danışmalıdırlar. Bunu qəbul etmədiyi halda isə, ailələr xəstəni müalicəyə məcburi gətirməlidirlər.

- Müalicədə ən effektli hesab etdiyiniz metodlar hansılardır?

- Əsasən, ambulator və stasionar metodlardan istifadə edilir. Ambulator metodda xəstə evdə müalicə olunur. Bu zaman xəstənin narkotik maddə asılılığından azad olma motivasiyası güclü olmalıdır. Müalicə istəyi olmayan xəstələr isə stasionar vəziyyətdə müalicə edilirlər.

- Elə bir hədd, mərhələ varmı ki, narkoloji asılılığı olan şəxsi özü istəsə də, həmin dönəmdən sonra sağlam həyata geri qaytarmaq mümkün olmasın, yoxsa bütün mərhələlərdə iradə, istək, düzgün müalicə ilə tam sağalmaq mümkündür?

- Asılılığın müalicəsində xəstənin motivasiyası, narkotik maddə istifadəsinə bağlı gördüyü zərərlər və onların fərqinə varmağı önəmlidir. Belə xəstələr bir il narkotik maddə istifadə etmədikləri halda tamamilə normal həyata qayıdırlar. Ancaq asılılığın xroniki bir xəstəlik olduğunu unutmamaq lazımdır. İrəlidəki 5-10 il sonra narkotik maddə istifadə edərlərsə, yenidən asılılıq yaranır.

Narkotikin ucuz olması get-gedə daha da artır...

- "Son vaxtlar narkotik istifadəçilərinin sayı artıb". Bu fikirlə nə dərəcədə razılaşırsınız?

- Son illərdə bütün dünyada qadın və kişilərdə narkotik asılılığı artmaqdadır. Ümumilikdə buraya digər asılılıqları da daxil etmək olar – alış-veriş, oyun, cinsəl və s. Eyni zamanda narkotik vasitələrə əlçatımlılığın rahatlığı, qiymətin daha ucuz olması, texnologiya və sosial şəbəkələrin təsiri fonunda maraq get-gedə daha da artır.

- Özümüzü və yaxınlarımızı bu bəladan necə qoruyaq?

- Yaxşı olar ki, bu yöndə maarifləndirməyə məktəb illərindən başlayaq. Eyni zamanda ailələr özləri də övladları ilə narkotik maddənin zərərləri barədə söhbət etsin, məlumat versin. Bəzən ailələr elə düşünürlər ki, bu barədə danışılarsa, daha çox maraq yarada bilərlər. Lakin tam əksinədir. Uşaqlar bu informasiyanı doğru ünvanlardan almazlarsa, çöldən, istifadə edən şəxslərdən öyrənərlər.

Ailələr ümidsiz olmasınlar...

- Bu xəstəlikdən əziyyət çəkənlərə və ailələrinə sözünüz.

- Ailələr ümidsiz olmasınlar. Əvvəldə də dediyimiz kimi bu bir xəstəlikdir və müalicəsi var. Ancaq xroniki bir xəstəlik olduğunu unutmamalı, xəstələr narkotik vasitədən uzaqlaşdıqdan sonra ömürlərinin sonuna qədər narkotik maddə yönündə hər-hansı davranış göstərməməlidirlər.

Unutmasınlar ki, əgər hansısa narkotik maddə istifadə edərlərsə, o zaman xəstəlikləri yenidən aktiv olacaq.


MANŞET XƏBƏRLƏRİ