Güney Azərbaycan müstəqil dövlət olacaq? - TƏFƏRRÜAT


Hazırda bütün dünyanın diqqəti İranda, daha doğrusu, cənub qonşumuzun daxilində baş verən etirazlardadır. Bir çox xarici ekspertlər hesab edirlər ki, əgər etirazların miqyası daha da genişlənərsə, molla rejimi proseslərə nəzarəti tamamilə itirəcək. Belə olan halda İranda bir çox xalqların öz müqəddəratını təyin etməsi məsələsi ortaya çıxacaq.

Təbii ki, indiki halda bizi Güney Azərbaycanda yaşayan 40 milyonluq milli çoxluğun – Azərbaycan türklərinin aqibəti maraqlandırır. Güney Azərbaycan müstəqil ola biləcəkmi? Güneyli soydaşlarımızın müstəqilliyə qovuşmaq şansları nə qədərdir?

Suallarımıza cavab verən politoloq Fikrət Sadıqov Publika.az-a açıqlamasında bildirib ki, Güney Azərbaycanın müstəqil olması ilə bağlı proqnoz vermək indiki mərhələdə olduqca mürəkkəb və çətin məsələdir. Ekspertin fikrincə, İranın daxilindəki son proseslər onu göstərir ki, oradakı azərbaycanlıların etirazları da soydaşlarımızın öz müqəddəratlarını təyin etməklə bağlı düşüncələrinin tərkib hissəsidir:

"Mən belə düşünürəm. Bunun üçün uzun bir yol qət edilməlidir. Yəni oradakı soydaşlarımız uzun bir yoldan keçməlidirlər. Çünki İrandakı rejim kifayət qədər möhkəm bir rejimdir. Ona qarşı bu cür mövqe sərgiləməyin, çıxış etməyin özü də böyük bir şücaətdir. Hətta deyərdim ki, qəhrəmanlıqdır. Əlbəttə, biz oradakı soydaşlarımızın bu istiqamətdəki addımlarını yüksək qiymətləndiririk. Amma Azərbaycan olaraq İranın daxili işlərinə qarışmırıq. Bu, orada yaşayan millətlərin, o cümlədən, İrandakı soydaşlarımızın öz işidir. Biz həmişə köməyə gəlməyə hazırıq, amma onlar seçim etməlidirlər; onlar dövlət yaratmaq, müxtariyyət əldə etmək və ya orada başqa bir dövlət formasının mövcud olmasına özləri qərar verməlidirlər. Bu, onların öz işləridir. Sadəcə olaraq biz onlara kömək etməyə hazır olduğumuzu göstərməliyik. Düşünürəm ki, bizim mövqeyimiz bu məsələdə kifayət qədər prinsipial və qətidir".


MANŞET XƏBƏRLƏRİ