Hansı deputat Fransaya etiraz bəyanatının əleyhinə səs verib?

Hansı deputat Fransaya etiraz bəyanatının əleyhinə səs verib?

Milli Məclisin ötən gün keçirilən plenar iclasında Fransa Senatının 15 noyabr 2022-ci il tarixli qətnaməsinə cavab olaraq bəyanat hazırlanıb. Deputat Ramin Məmmədov bəyanatın mətnini oxuduqdan sonra sənəd səsverməyə qoyularaq qəbul olunub.

Səsvermə zamanı Fransa Senatına etiraz bəyanatının lehinə 95 deputat səs verib. Qəribə görünsə də, deputatlardan biri Milli Məclisin Fransaya ünvanladığı bəyanatın əleyhinə səsverməklə diqqət çəkib.

Azərbaycan üçün olduqca əhəmiyyətli məsələdə kimliyi bizə bəlli olmayan parlamentarinin sənədin əleyhinə səs verməsi sosial şəbəkələrdə və mediada ciddi müzakirələrə səbəb olub. Hətta sosial şəbəkə istifadəçilərinin bəziləri həmin deputatın adının açıqlanmasını və onun bəyanata qarşı çıxmasının səbəbinin izah olunmasını tələb edirlər.

Bəs, haqqında danışılan deputat kimdir? 

Modern.az Milli Məclisin bir neçə deputatı ilə əlaqə saxlayaraq, məsələyə aydınlıq gətirməyə çalışıb.

Deputatlar özləri də həmin şəxsin kim olduğunu bilmədiklərini söyləyiblər. Bəziləri isə bəyanatın əleyhinə səs verilməsinin qəsdən olmadığını düşünür. 

Deputat Aqil Abbas isə saytımıza açıqlamasında bunun texniki yanlışlıq olduğuna inandığını bildirib. Onun fikrincə, hansısa deputat düyməyə səhvən toxunub və bəyanatın əleyhinə səs verib.

"Mən inanmıram ki, kimsə bəyanatın əleyhinə səs versin. Bəyanat yekdilliklə qəbul edilib. Media belə bir məqamı gündəmə gətirməməlidir. Kimsə düyməni səhvən sıxa bilər, lap kiminsə bu barədə fərqli mövqeyi varsa belə, bunu gündəmə gətirməyi düzgün hesab etmirəm. Guya bir nəfərin əleyhinə olması ilə nə dəyişə bilər? 

Əgər həmin deputatın kim olduğunu bilsəydim, mən özüm şəxsən ona irad bildirərdim. Yenə deyirəm, ola bilməz ki, hansısa deputat Azərbaycan üçün əhəmiyyətli məsələyə laqeyd yanaşsın, əleyhinə səs versin. Nəinki deputat, Azərbaycanın hər bir vətəndaşı, soydaşı Fransanın qərəzli mövqeyi qarşısında birmənalı ayaqdadır", - deyə deputat vurğulayıb.


MANŞET XƏBƏRLƏRİ