Əhali dollardan niyə imtina edir?

Əhali dollardan niyə imtina edir?

Ölkədə xarici valyuta kimi dollar öz mövqeyini qoruyub saxlasa da, bank əməliyyatlarının dollarla həyata keçirilməsində azalma yaranıb.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov da təsdiqləyib.

Belə ki, o, Milli Məclisin dünən keçirilən plenar iclasında Azərbaycanda xarici valyutada verilən kreditlərin xüsusi çəkisinin 22 %-ə düşdüyünü deyib. 

Onun sözlərinə görə, kreditlərə paralel olaraq depozitlərdə də dedollarlaşma prosesi davam edir:

“Xarici valyutanın payı fiziki şəxslərin depozitlərində 38,6 %-ə, hüquqi şəxslərin depozitlərdə isə 52 %-ə düşüb. Aradakı fərq neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərlə bağlıdır".

Maraqlıdır, azalmanın səbəbələri nədir? İnsanlar dolların yenidən bahalaşmasından qorxurlar?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, buna səbəb illər öncə baş vermis devalvasiyadır:

“Xatırladım ki, bunun səbəbi 2015-ci ilə dayanır. Belə ki, həmin ilə qədər vətəndaşlar həm xarici valyutada, həm də manatla depozit yerləşdirə bilirdilər. Dollar daha dayanıqlı valyuta olduğu üçün çox insanlar vəsaitlərini banklarda əsasən, dollarla yerləşdirirlər. Azərbaycanın dollar bağlılığı yüksəkdir. Manatın da məzənnəsinin şablon hissəsi məhz dollarladır. Ona görə də misalı dollarla gətiririk. Beləliklə, verilən kreditlərin də payı, şübhəsiz ki, dollarla daha yüksək idi. Bildiyimiz kimi, 2015-ci ildə ardıcıl iki devalvasiyadan sonra maliyyə sistemində təlatüm yaşandı, qapanmış dairə sindromu yarandı. Yəni vətəndaşlar qoyduqları depozitləri banklardan götürə bilmirdilər, banklar isə verdikləri kreditləri geri ala bilmirdi. Beləliklə də, qapanmış dairə yaranmışdı. Bununla da banklarda o dövrdə köklü şəkildə dollarla qəbul olunan valyutaların sonuna gəlib, çıxdıq”.

O, dollarla qoyulan depozitlərin faizinin aşağı enməsinin də səbəblərdən biri olduğunu deyib:

“Bu gün vətəndaşlar daha çox manatla vəsaitlərini banka, depozitə qoyurlar. Birincisi, faiz dərəcəsi yüksəkdir. Yəni burada dollara etibarsızlıqdan söhbət getmir, sadəcə, faiz dərəcəsi yüksək olduğu üçün qoyduqları pulun əvəzində mənfəət qazanmaq məqsədilə manatla qoyurlar. Bu gün xarici valyutada qoyulan depozitlərin faiz dərəcəsi çox aşağıdır. İllik 1-1,5 faiz verir, bu da inflyasiya nöqteyi-nəzərdən heç kimi qane etmir. Ona görə də vətəndaşlar daha çox depozitlərini manatla yerləşdirirlər”.

İqtisadçı bankların az sayda dollarla kredit verdiklərini vurğulayıb:

“Banklar artıq birmənalı şəkildə xarici valyutada kredit vermirlər. Rəsmi şəxslər açıqlamanı verirlər, amma səbəbini demirlər. Yəni səbəb bundan ibarətdir, birinci siz özünüz dollarla kredit vermirsiniz. Heç kim də 2015-ci ildən dollarla kredit götürmək istəmir. 2015-ci ildə qəflətən dollar manata nisbətən bahalaşdı, dollarla götürülən kredilərin geri qaytarılması zülmlü bir proses oldu. Bu günə qədər hələ də problemli kreditlər geri qaytarıla bilməyib. Ona görə də vətəndaşlara banklar krediti dollarla təklif eləsələr belə, vətəndaşlar daha ona getmirlər. Çünki insanlarda manatın məzənnnəsinə etibar yoxdur. Birdən qəflətən təkrar devalvasiya olar və əhali yük altında qalar. Səbəb bununla bağlıdır.

Dollar dünya valyutalarına nisbətdə enə də, qalxa da bilər. Ancaq bu o demək deyil ki, biz bu gün manata nisbətdə dolların möhkəmlənməsi və yaxud ucuzlaşmasını görə bilərik və bununla bağlı problem yarana bilər. Dollar hər zaman etalon valyuta kimi öz səviyyəsini saxlayır. Bizim problem özümüzdədir. Biz dollarla kreditlərin götürülməsinə getmirik, ona görə ki, manatın təkrar ucuzlaşmasından qorxuruq. Digər tərəfdən manatla qoyulan depozitlər ona görə çoxdur ki, çünki oradan daha çox faiz gəliri var”.

Fuad İbrahimov yaxın gələcəkdə dolların bahalaşması məsələsinə də toxunub:

“Bu, o demək deyil ki, bizim manat o dövrdən bu dövrə kimi sabit qalıb. Sadəcə olaraq, tam “üzən məzənnə” rejiminə keçməyib. Yəni biz bu gün mərkəzləşdirilmiş idarəetmə üslubunda konkret olaraq dəhliz seçmişik. Bu da 1.70-dir. Qeyd edim ki, çox optimal dəhlizdir. Bir rəqəm üzərində də məzənnəni saxlamışıq. O demək deyil ki, bu dövr ərzində dünyada dollar möhkəmlənməyib. Digər aparıcı valyutalara qarşı dollar öz hərəkətindədir.

Sadəcə olaraq, manat öz mövqeyini süni şəkildə saxlayıb. İstənilən zaman biz problemlə üzləşə bilərik. Bü gün biz neft amilindən asılı olduğumuz üçün neftin qiyməti kəskin aşağı düşərsə, 1-2 il istənilən səviyyədən yuxarı qalxmasa, məcburiyyət qarşısında növbəti devalvasiyaya gedə bilərik. Lakin indiki vəziyyətdə, yəni neftin bugünkü qiymətini nəzərə alsaq, eyni zamanda, idxal, ixrac əməliyyatları rasında müsbət saldonu nəzərə alsaq, Azərbaycan manatının heç bir təhlükəsi yoxdur”.


MANŞET XƏBƏRLƏRİ