Həbs edilən tanınmış MEYXANAÇILAR - SİYAHI


Bütün dünyada olduğu kimi bizim də məşhurlar cinayətə bulaşır və həbsxana həyatı yaşamalı olur. Həmin şəxslərin cinayətləri və həbsləri əks-səda doğurur.
Bizim.Media Azərbaycanda həbs olunan və daha sonra azadlığa çıxan meyxanaçıları araşdırıb.
Bu gün səhəri tanınmış meyxanaçı Rəşad Dağlının qətl törətməsi xəbəri ilə açdıq. Rəşad Dağlının qətlə yetirdiyi şəxs meyxanaçı Ələkbər Yasamallının bibisi oğlu 1979-cu il təvəllüdlü Mehtiyev İskəndər Namiq oğludur. Rəşad Dağlı ilə aralarında yaranmış mübahisə, söyüş və təhqir faciə ilə nəticələnib. Rəşad Dağlının İskəndər Mehtiyevə 8 bıçaq zərbəsi vuraraq öldürdüyü bildirilir. O, hadisəni törətdikdən sonra dərhal ərazi üzrə polis bölməsinə gedərək təslim olub.

2014-cü ildə meyxanaçı Bayram Kürdəxanlı Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs olunub. O, 2017-ci ildə azadlığa çıxıb.

Məhkum olunan meyxanaçılardan biri də Vahid Qədimdir. Onun barəsində dələduzluq maddəsi ilə axtarış elan olunub. Daha sonra Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham edilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunanlardan biri də tanınmış meyxanaçı Cavid (Sumqayıtlı) Babaşovdur. Cavid Babaşov bu ilin yayında narkotik satışında təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Meyxanaçı Rasim Tağıyev hələ də həbsdədir. İlk dəfə 16 yaşında soyğunçuluq edib. Sonuncu dəfə 2017-ci ildə içkili halda cinayət törədib. Rayona getməyə yol pulu olmadığı üçün taksi sürücüsünə qarşı soyğunçuluq edib. 5 il həbsdən çıxandan 11 ay sonra təkrar bənzər cinayət törədib. İçkili halda türkiyəli bir şəxsi aldadaraq onun pullarını alıb qaçıb. Həmin ərəfədə nişanlı olan Rasim Tağıyev həbsə girəndən sonra nişanı da qayıdıb. Rasim Tağıyev 9 il azadlıqdan məhrum edilib.

Lənkəranda meyxanaçı kimi tanınan Amid Əliyev də cinayətə bulaşıb. O, Yevlax rayon sakini Tehran Məmmədovla əlbir olaraq Binə qəsəbəsində ümumilikdə 10-a yaxın fərdi yaşayış evindən oğurluq ediblər. Hər ikisi saxlanılıb və barələrində Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Tanınmış meyxanaçı Orxan Lökbatanlı və Elşən Xəzər isə pandemiya dövründə xüsusi karantin rejimi qaydalarını pozduqları üçün saxlanılıblar.

Belə ki, onlar 2020-ci il avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat edən həmkarları meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasiminə qatılaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarını pozduqları üçün inzibati tənbeh tədbiri ilə cəzalandırılıblar. Hər iki şəxs İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 200 manat cərimə olunublar.


MANŞET XƏBƏRLƏRİ