Fəxrəddin Altun: "Türkiyə Azərbaycanı dəstəkləmək üçün əlindən gələni etməyə davam edəcək"


Azərbaycanın tarixi torpaqlarının erməni işğalından azad olunduğu dövrdə Türkiyə qardaş ölkəyə təkcə siyasi, müdafiə və ictimai sahədə deyil, informasiya sahəsində də fəal dəstək verib.

Turkustan.azxəbər verir ki, bunu çərşənbə axşamı Ankarada Azərbaycanın 2020-ci ildə 44 günlük müharibədə qələbəsinin ikinci ildönümünə həsr olunmuş konfransda çıxış edən Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın atdığı koordinasiyalı addımlar sayəsində Ermənistan və erməni lobbisi tərəfindən yayılan dezinformasiyanın təsiri minimuma endirilib ki, bu da Cənubi Qafqaz həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına imkan verib.

O qeyd edib ki, erməni lobbisi hələ də Cənubi Qafqazın mənzərəsini təhrif etməyə, ermənilərin işğal zamanı törətdikləri cinayətlər barədə məlumatları arxa plana keçirməyə və Azərbaycanın imicinə zərbə vurmağa çalışır.

"Azərbaycan və türk dünyası ermənilərin cinayətlərini unutmayacaq. Azərbaycan övladlarının qəhrəmanlığı sayəsində tarixi ədalət bərpa olundu. Türkiyə Azərbaycanı dəstəkləmək üçün əlindən gələni etməyə davam edəcək, o cümlədən informasiya sahəsində. Qarabağ azaddır və bir daha işğal altında olmayacaq!" – deyə Altun əmin edib.


MANŞET XƏBƏRLƏRİ