Gəncədən Rusiyaya işləməyə getdilər - Fahişəliyə cəlb edildilər


Bir neçə gün öncə insan alverinə görə ittiham olunaraq səkkiz il azadlıqdan məhrum edilən Aygün Xəlilovanın (ad şərtidir) məhkəməsi ilə bağlı bir sıra məqamlar üzə çıxıb.

Turkustan.az xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan istintaqda məlum olub ki, A.Xəlilova iki qadını cinsi istismar məqsədilə Rusiyaya aparıb.

O, tanışları olan Gəncə sakinləri B.D. və R.A.-ya onları Moskvada işə düzəldəcəyinə dair vəd verib. Qadınlara təyyarə bileti alaraq, Gəncədən Moskvaya uçmalarına kömək edib. Daha sonra müxtəlif ünvanlarda pul müqabilində kişi müştərilərlə görüşdürüb, cinsi əlaqədə olmalarını təşkil edib.

Aygün Xəlilova məhkəmədə özünü qismən təqsirli bilərək, ifadəsində göstərib ki, qadınları Gəncə şəhərindən olan həmyerli kimi tanıyır:

"Onların Azərbaycanda dolanışıqları olmadığı üçün Moskvada fahişəlik etməyi təklif etdim. Qızlar etiraz etmədiklərindən onların Rusiyaya gedişini təşkil elədim. Razılaşmaya, əsasən, müştərilərdən alınan pulların 10-20 faizi mənə çatırdı".

Zərərçəkmiş qismində dindirilən B.D. A.Xəlilovanın onu Rusiyada işləməyə dəvət etdiyini təsdiqləyib:

"Mən də razılaşıb aldığı təyyarə bileti ilə Gəncədən Moskvaya uçdum. Aygün məni qarşılayıb evə aparanda tanımadığım bir neçə qadınla rastlaşdım. İki-üç gündən sonra Aygün evin kirayə pulunu ödəməkdə çətinlik çəkdiyini, məni müxtəlif saunalarda fahişəliyə cəlb edəcəyini söylədi.

Etiraz edib evdən çıxmaq istəyəndə mənim üçün çəkdiyi xərcləri ödəməyimi tələb etdi. Məcburiyyət qarşısında qalıb könülsüz şəkildə onun təklifi ilə razılaşdım. Bundan sonra məni və Mətiş ləqəbli qadını saunaya apardı. Gün ərzində 3-4 kişi müştəri ilə intim münasibətdə olurduq. Daha sonra Aygünə azyaşlı qızıma pul aparmalı olduğumu bildirdim və Azərbaycana qayıtdım".

B.D. hazırda barışdığından Aygünə qarşı şikayəti və tələbi olmadığını bildirib.

Digər zərərçəkmiş R.A. isə bildirib ki, Aygün onunla internet üzərindən danışıb, tez-tez maddi vəziyyəti ilə maraqlanıb:

"Mənə Rusiyada bizneslə məşğul olduğunu dedi. Aygün məni tanış restoranlardan birində inzibatçı kimi işə düzəldəcəyini vəd etdi. Onun göndərdiyi pulla təyyarə bileti alıb Moskvaya getdim. Məni qarşılayıb mənzilinə apardıqdan sonra imkanlı və nüfuzlu tanışları olduğunu, tapdığı müştərilərlə cinsi əlaqədə olmaq yolu ilə pul qazanacağımı söylədi.

Etiraz etməyimə baxmayaraq, məni işlə təmin edə bilməyəcəyini, fahişəliklə məşğul olmasam, çölə atılacağımı dedi. Məcburiyyət qarşısında qalıb müxtəlif hotellərdə fahişəlik etdim. Aygünlə tez-tez mübahisə edib məni buraxmasını tələb edirdim".

Bir müddət sonra Bakıya qayıdan R.A. da Aygünlə barışdığı üçün şikayəti və tələbi olmadığını bildirib.

Qeyd edək ki, Aygün Xəlilova əvvəllər də insan alveri ittihamı ilə həbs edilib. Daha sonra vaxtından əvvəl şərti azadlığa buraxılan qadın eyni əməlləri yenidən törədib. Cinayət məsuliyyətindən yayınmaq üçün Rusiyaya gedən A.Xəlilova barəsində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən axtarış elan olunub. 1980-ci il təvəllüdlü qadının himayəsində bir azyaşlı uşaq da olub.

A.Xəlilova səkkiz il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. /Qafqazinfo/


MANŞET XƏBƏRLƏRİ