Əhməd İsmayılov: "Beynəlxalq aləmi türk dünyası haqda obyektiv informasiya ilə təmin etmək üçün peşəkarlığımızı və sayıqlığımızı artırmalıyıq"


"Azərbaycan mediası müasir çağırışlara uyğunlaşmaq və daha çevik reaksiya vermək məqsədilə bir müddətdir yeni islahatlar mərhələsinə qədəm qoyub".

Turkustan.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Bakı şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısında deyib.

Onun sözlərinə görə, hazırda müasir dünyanın yeni trendinə çevrilmiş rəqəmsal media məkanı günü-gündən genişlənməkdə və ölkələrin milli informasiya mühitinə öz təsirini göstərməkdədir. Qloballaşan dünyada yüksək sürətlə baş verən informasiya mübadiləsi prosesi demək olar ki, bütün ölkələri əhatə etməkdədir.

"2021-ci il yanvarın 12-də Azərbaycan Respublikası Prezidenti "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərman imzalamış və bununla da media sahəsində köklü dəyişikliklərin yeni mərhələsi başlanıb. Həmin Fərmana əsasən, yaradılmış Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media subyektlərinin davamlı inkişafına yönəlik strategiya həyata keçirməkdədir.

Agentlik fəaliyyətinin əsas hədəflərindən biri kimi media subyektlərinin iqtisadi müstəqilliyinin təmin edilməsi məsələsini daim diqqətdə saxlayır, bu məqsədlə müvafiq təhlil və araşdırmalar aparır, həmçinin beynəlxalq informasiya mübadiləsində yeni imkanlar açan müasir informasiya-kommunikasiya texnologiyalarının, innovasiyaların tətbiqinə, vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş layihələrin həyata keçirilməsi üçün tədbirlər görür", - deyə o qeyd edib.

Ə.İsmayılov vurğulayıb ki, bu il iyul ayının 22-də Azərbaycanın müstəqil dövlətçilik tarixində ilk dəfə Azərbaycan media nümayəndələri öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərində Beynəlxalq Media Forum keçirməklə qeyd etdilər:

"Şuşa şəhərində keçirdiyimiz Beynəlxalq Media Forumda dünyanın 20-yə yaxın ölkəsindən gəlmiş xarici media nümayəndələri və ekspertlər, beynəlxalq media təşkilatlarının təmsilçiləri ilə müasir media mühitinə dair bütün aktual mövzular ətrafında fikir mübadiləsi apardıq. Cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan jurnalistlərinə ünvanlanmış müraciətdə Vətən müharibəsi zamanı Azərbaycan mediasının informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rolu olduğu vurğulanıb, həmçinin ölkə mediasının inkişafı ilə bağlı olduqca əhəmiyyətli istiqamətlər və prinsiplər müəyyənləşdirilib.

Azərbaycan mediasının beynəlxalq informasiya məkanına inteqrasiyası dünyamızın reallıqları fonunda daha böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan və Türkiyənin birgə media platforması mövcuddur.

Birgə Media Platformamızın məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır. Bu istiqamətdə əsas fəaliyyətimiz ölkələrimiz haqqında həqiqətlərin beynəlxalq mediada dünya ictimaiyyətinə düzgün çatdırmaqdır. Qeyd etmək yerinə düşər ki, bu ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Həmçinin bu ilin avqustunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri çərçivəsində "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Qazaxıstan Respublikası İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu" imzalanıb.

Türk Dövlətləri Təşkilatının üzvü olan bu qardaş respublikalarla imzaladığımız anlaşma memorandumları çərçivəsində media məkanında milli maraqların birgə təşviqi və qorunmasına yönəlmiş ikitərəfli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, təcrübə mübadiləsinin genişləndirilməsi, o cümlədən media sahəsində qarşılıqlı əlaqələrin yaradılması nəzərdə tutulur.

Bununla yanaşı, fəaliyyət dövrü ərzində MEDİA Agentliyi müxtəlif istiqamətlərdə icra edilən çoxsaylı layihələr çərçivəsində ADA Universiteti, "Al Jazeera", "Haber Global", Türk Əməkdaşlıq Koordinasiya Agentliyi, "Anadolu" Agentliyi kimi nüfuzlu yerli və beynəlxalq qurumlarla etibarlı əməkdaşlıq əlaqələri qura bilmişdir. Bizim öz ölkələrimiz haqqında həqiqətləri beynəlxalq auditoriyaya çatdırmaq üçün bütün Türk Dünyasının jurnalistləri arasında həmrəyliyə ehtiyacımız var. Media subyektlərimiz öz peşəkar missiyasını bütün müstəvilərdə vahid ideologiya ilə yerinə yetirdiyi təqdirdə səsimiz daha güclü olacaq və daha aydın eşidiləcək. Türk dünyasının birlik, həmrəylik və əməkdaşlıq ideyasını rəhbər tutaraq möhkəmlənən əlaqələrinin media sahəsində də uğurla davam edəcəyinə inanırıq. Beynəlxalq aləmi türk dünyası haqqında obyektiv informasiya ilə təmin etmək üçün biz peşəkarlığımızı və sayıqlığımızı artırmalı, birliyimizi möhkəmləndirməliyik". (report)


MANŞET XƏBƏRLƏRİ