Mütərəqqi islamçılar və "islam millətçiliy"i nəzəriyyəsi


Faiq Ələkbərov
fəlsəfə doktoru, dosent

XX əsrin əvvəllərində Azərbaycan mütəfəkkirləri Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə və başqa milli aydınlarımızı mühafizəkarlardan və "ittihadçılar"dan fərqləndirən nə idi? Xüsusilə, "Panislamizm" kəlməsini ortaya atanlar şərqlilər deyil, qərblilərdir – deyən, Əli bəy Hüseynzadə hansı yolu seçmişdi? Ə.Hüseynzadə özü bu suala təxminən belə cavab vermişdir ki, Rusiya müsəlmanlarının və türklərinin guya, "panislamizm" ideyası ətrafında ittifaq və itttihad edərək Rusiya və Avropa üçün böyük təhlükə olduğu haqqında yazdıqları böhtandan başqa bir şey deyildir. Hüseynzadəyə görə, İslam dünyası o qədər müttəhid, müttəfiqdir ki, "panislamizm" kimi bir əcnəbi kəlməsi icad edib yenidən ittihad və ittifaq etməyə əsla ehtiyacları yoxdur. Əslində müsəlmanların düşmənlərini qorxudan "İslam birliyi" deyil, onların qəflət yuxusundan oyanıb tərəqqiyə və maarifə üz tutmalarıdır. Deməli, Ə.Hüseynzadəyə görə, əsas məqsəd müsəlmanların tərəqqisi və maariflənməsi idi. Bu yolda isə, yalnız şəriət qanunlarından deyil, eyni zamanda Qərbin mütərəqqi dəyərlərindən də istifadə etmək lazımdır. Halbuki mühafizəkarlar və "ittihadçı"lar bunu, yalnız İslam daxilində görürdülər.

Ona görə də Ə.Hüseynzadə yazırdı ki, mühafizəkarlar hər növ təzə və yeni şeylərdən və işlərdən həzər edib insanları davamlı şəkildə bir nöqtədə saxlamaq xəyalındadırlar [109, 34]. Bu baxımdan, avropalılar gözlərini gələcəyə doğru dikdiyi halda, İslam-Türk dünyası hələ də keçmişdən ayrıla bilmir. Halbuki keçmişi görmək, bilmək, yalnız istiqbalı, tərəqqiyi təyin üçün lazımdır. Hüseynzadənin fikrincə, bu keçmişpərəstliyin mötədil şəkli köhnəpərvərlik, ifrat forması geriyəpərəstlikdir; bunların üzündən müsəlmanlar 4-5 yüz il ərzində dünyada baş verən, cərəyan edən yeniliklərdən, inqilablardan, dünyəvi elmlərdən xəbərsiz, nəsibsiz qalıblar [111, 141]. Bu baxımdan yenipərəstlik və köhnəpərəstlik məsələsini "Həyat" qəzetində müzakirə obyektinə çevirən Ə.Hüseynzadə, yalnız dini elmlərin öyrənilməsi ilə bağlı Ə.Axundoğlunun fikirlərinə qatılmayaraq tərəqqi etməyin, bu mənada dünyəvi elmlərinin öyrənilməsini zərurətindən bəhs etmişdir [109, 124].

Beləliklə, Ə.Hüseynzadə bir tərəfdən müasirləşməyə həmişə hazır islamlıq və türklük ideyasını irəli sürür, digər tərəfdən onun "panislamizm" və "pantürkizm" kimi qələmə verilməsinə qarşı çıxırdı. Başqa sözlə, Ə.Hüseynzadənin yaradıcılığında mütərəqqi ruhlu islamçılıq və ya türkçülük deyil, bəzi Avropa mütəfəkkirləri tərəfindən ortaya atılan və mürtəce mahiyyət daşıyan "panislamizm" və "pantürkizm" tənqid olunmuşdu [78, 207].

Xüsusilə, Ə.Hüseynzadə ilk dövrlərdə islamiyyəti müsəlman-türk xalqlarının nicatı kimi görmüş, bir növ onu "İslam birliyi"nə zərər verə biləcək ayrıca götürülmüş istənilən millətçiliyə, kapitalizmə və marksizm-leninizmə (rus bolşevizminə) qarşı qoymuşdu. Onun fikrincə, inqilabların baş verməsi üçün zəruri şərait olmalı, bütün inqilablar təkamül yolu ilə baş verməli və hər bir xalqın milli ruhuna, dininə, mədəniyyətinə uyğun olmalıdır. Bunu nəzərə alaraq Ə.Hüseynzadə yazırdı ki, marksist-leinçilər birdən-birə sıçramaq, özlərini qorxulu girdablara, uçurumlara atmaq istəyirlər: "İkincilər (marksist-leninçilər – F.Ə.) isə zənn edirlər ki, İslamda mədəniyyətə, tərəqqi və təkamülə xidmət edəcək bir şey yoxdur. Avropa cəhətindən əsən bütün yellər, hətta zəhərli yellər belə şəfabəxşdir. Bunlar bütün bu maddiyunluğun (materializmin), dəhriyunluğun (ateizmin), iştirakiyunluğun (sosializmin) mahiyyətlərinə özləri belə agah olmadan bu təriqəti-fəlsəfiyyələrin nəşrə çalışıyorlar" [109, 34].

Deməli, Ə.Hüseynzadə bolşeviklərin radikal qırmızı-inqilab ideyalarını rədd edir, marksizm-leninzmi zərərli bir təlim adlandırır və ona qarşı müasir ruhlu milli-dini birliyi – "yaşıl inqilab" ideyasını irəli sürürdü. O, "yaşıl inqilab" dedikdə, müsəlman xalqlarının, o cümlədən türklərin oyanmasını, inkişafını və birliyini nəzərdə tuturdu: "Yaşıl deyiriz, çünki öz müsəlmanlarımızdır. Zümrüd-yaşıl işıqlı islamiyyə qəndillərini yandırmaq qeyrətində bulunanlarımızdırlar" [109, 185]. Hüseynzadəyə görə, məhz müsəlmanların İslam qanunlarına əməl etməmələrinin nəticəsidir ki, Şərqin müsəlman məmləkətləri dərin bir ətalət, zülmət və cəhalət içindədir: "O ətalətin, o zülmətin müdhiş və mühib girdabları, təlatümləri vardır. Cismaniyyat və maddiyyata möhtac olmayan girdab və təlatümləri vardır" [28, 109]. Onun fikrincə, islamiyyət daxilində nifaqa və təfriqəyə səbəb müsəlman məmləkətlərindəki monarxiya, Şərq bürokratiyası, sünni-şiə qarşıdurması və bundan istifadə edən Avropa dövlətləri, oradan əsən zəhərli yellərdir [109, 270].

Ancaq artıq sünni və şiə məsələsinin islamlar arasında əhəmiyyətinin qalmadığını deyən Hüseynzadə yazırdı ki, İslam dini xristianlığa bənzəmədiyi üçün bu dinə tapınan xalqları vahid kütlə kimi birləşdirməyə qabildir [109, 270]. Bu mənada, yalnız İslam və Qurana əsaslanan ideya müsəlman xalqlarını tərəqqiyə apara bilər, bunlardan kənarda hər hansı bir təlim, o cümlədən millətçilik-nasiyonalizm müsəlman millətləri üçün çıxış yolu ola bilməz. Beləliklə, mütərəqqi islamçılıq xəttini seçməsinin nəticəsi idi ki, Ə.Hüseynzadə bir tərəfdən "panislamizm" və "pantürkizm" devizini əldə bayraq edərək guya, xristian dünyasını (Rusiya və Avropanı) təhlükə gözlədiyini iddia edən rus, erməni milətçilərinə, digər tərəfdən milli-dini ideyaları sinfi mübarizənin, beynəlmiləl inqilabın əleyhinə olduğunu irəli sürən marksist-leninçilərə qarşı mübarizə aparmışdır.

20-ci əsrin əvvələrində, xüsusilə 1900-1910-cu illərdə Azərbaycan türkləri arasında mütərəqqi islamçılığın, "islam millətçiliyi"nin tanınmış ideoloqu Əhməd bəy Ağaoğlu da Ə.Hüseynzadə kimi, mühafizəkar islamçıları həddən artıq yeniləşməyə qarşı çıxmaqda ittiham etmişdir. Çünki onlar belə fikirləşməyə başlamışdılar ki, müsəlmanların bütün fəlakətləri onların köhnə adət-ənənələrdən üz çevirmələri ilə bağlıdır. Ağaoğlu yazırdı: "Əxlaq pozğunluğu, özbaşınalıq, keçmişə sayğısızlıq və sərbəst düşüncə də məhz bunun sayəsində meydana çıxmışdır. Buradan da onlar (mühafizəkarlar – F.Ə.) belə nəticəyə gəlirlər ki, xilas yolu nə Avropada, nə də həyatın məntiqinin axtarılmasındadır. Sadəcə, şəfaverici keçmişə qayıtmaq lazımdır. Bu keçmiş öz ecazkar qüvvəsi ilə müsəlman aləmini xilas edəcəkdir" [5, 333]. Bu baxımdan, o, müsəlmanların mövhumat, cəhalət içində qalaraq yeniləşməkdən tamamilə imtina etmələrinin də doğru olmadığı qənaətində idi.

Ancaq Ə.Ağaoğlu Ə.Hüseynzadədən fərqli olaraq, əcnəbilər tərəfindən ortaya atılmasına baxmayaraq, bir müddət "panislamizm"i ("pan" yunanca hamısı, bütövlük mənasını verir) islam-türk dünyasının oyanışı və inkişafı uğrunda mübarizə aparan qüvvələrə verilmiş müsbət bir məfhum kimi qəbul etmişd: "Ağıllı ünsürlər hər iki ifrat cərəyanı birləşdirəcək və hər iki tərəfi razı sala biləcək elə bir yol-ideya yaratmaq istəyirlər ki, ifrat mütərəqqiçilərin xəyal etdikləri kimi, nə mücərrəd-zəminsiz, nə də köhnəpərəstilik kimi zəmanənin ruhuna və dövrün tələbinə zidd olsun… Bu panislamizmdir" [250; 5, 332]. Onun fikrincə, panislamizm isə özünün daxili məzmununa görə geriyə dönməkdir. Köhnəliyə qayıtmaq yox, daha inamla, daha qüvvətlə irəliyə getmək üçün geriyə dönməkdir [251]. Ancaq bütün hallarda Ə.Ağaoğlu "panislamizm" dedikdə, bütün "İttihadi-İslam" tərəfdarlarını deyil, yalnız onun mötədil-orta mövqedən çıxış edən "ağıllı ünsürlər"ini nəzərdə tutmuşdu. Bunu sonralar Ə.Ağaoğlunun "panislamizm" anlayışına dəyişən münasibəti də göstərir. O, sonralar bu anlayış ətrafında Avropa, o cümlədən Rusiya millətçilərinin yaratdığı mənfi obrazı aradan qaldırmaq üçün qeyd edirdi ki, "müsəlmanlar qardaşdırlar" prinsipini irəli sürən İslam dini müsəlmanlar arasında qardaşlığa, ittifaqa və ittihada əsaslanır: "Fəqət bu ittihad və ittifaqımız avropalıların ixtirası və onları təqlid yolu ilə Rusiya ermənilərinin də istilah etdikləri "panislamizm" deyildir. Yəni bizim "ittihadımız" slavyan milləti arasında mövcud olan "panslavizm" fikri kimi ümumislamları da bir dövlətə ilhaq etmək və yaxud bir nöqtəyə ictima edərək, aləmi-xristianiyyəyə qarşı qiyam etmək fikri deyildir" [7]. Hətta, Ağaoğlu qeyd edirdi ki, müsəlmanlar arasında belə bir əsaslı fikir və ictimai mərkəz olardısa da, bu məsləkə xidmət etməklə iftixar edərdi. Bu baxımdan, o, müsəlmanların bir xəyaldan ibarət bulunan "panislamizm" fikrini bir kənara qoyub, heç olmazsa İslamın qanunlarına əməl etməyə çağırırdı.

M.B.Məmmədzadə, M.Ə.Rəsulzadə, və H.Baykaranın mülahizələrinə görə, Azərbaycan türkləri arasında ilk dəfə Ə.Ağaoğlu islamçılığa daha çox üstünlük vermiş, geniş və dərin, nəzəri şəkildə "islam millətçiliyi"ni təbliğ etmişdir. Onların fikrincə, 1900-1910-cu illərdə Ağaoğlu bir müsəlman ziyalısı kimi əsasən, İslamda islahatlar aparmaqla müsəlman millətlərinin tənəzzüldən qurtarıb tərəqqisinə və yüksəlişinə çalışmışdır [52, 112; 154, 40-41]. Bu isə o anlama gəlir ki, M.Ə.Rəsulzadənin təbrincə desək, həmin dövrdə "milliyyətpərvərliyin ən adlı-sanlı mürşidləri, başda Ağaoğlu Əhməd bəy olmaqla, islamçılıqla türkçülüyü çox da ayırmır, türklük namına deyil, müsəlmanlıq namına mübarizə aparırdılar. Milli hərəkatımızın adı "panislamizm" idi. Bu yalnız rusların xətası deyildi. Özümüz də islamiyyəti milliyyət məfhumu yerində işlədirdik" [184].

(ardı var)

MEDİA Agentliyi

dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ