Azərbaycanda da vurulan peyvəndlə bağlı xəbərdarlıq: "İkinci dozadan sonra..."


Dünya koronavirusla mübarizəsini bütün sürətilə davam etdirdiyi vaxt yeni ştamların üzə çıxmasından sonra istifadə olunan peyvəndlərin effektivliyi müzakirə mövzusuna çevrilib.

Turkustan.az xəbər verir ki, nüfuzlu "The Lancet" tibbi jurnalında dərc olunan bir məqalə "BioNTech" peyvəndinin effektivliyinin 6 ay ərzində 50 faizdən aşağı düşdüyünü üzə çıxarıb.

İkinci dozanın vurulmasından sonra qoruma nisbətinin 47 faizə endiyini bildirən elm adamları ikinci peyvənd dozasından 6-7 ay sonra üçüncü dozanın vurdurulmasının önəmini vurğulayırlar. Beləliklə, "BioNTech-Pfizer" peyvəndinin effektivlik nisbətinin 6 ay ərzində 50 faizdən aşağı düşdüyü və immunitet sistemini gücləndirmək üçün gələcəkdə əlavə bir dozaya ehtiyac ola biləcəyi qeyd edilib.

Bununla belə, sözügedən peyvəndin delta və buna bənzər yeni ştamlara qarşı təsirli olduğu və koronavirusdan ölüm riskini 90 faizdən çox azaltdığı bildirilib.

Vaksin ikinci dozadan sonra ilk ay delta variantına qarşı 93 faizlik müdafiə təmin edir. Amma bu nisbət 4 aydan sonra 53 faizə düşür. Peyvəndin digər yeni buraxılan variantlardan qorunma nisbətinin 97 faizdən 67 faizə düşdüyü də bildirilib.

Araşdırma aparan elm adamları ikinci peyvənd dozasından 6-7 ay sonra üçüncü gücləndirici peyvənd dozasının koronavirusdan və onun ştamlarından qorumanı gücləndirdiyini deyirlər.

İngiltərədə aparılan bir araşdırma Azərbaycanda da istifadə edilən "Pfizer" koronavirus peyvəndinin üçüncü dozasında ən çox görülən 5 əks-təsiri üzə çıxarıb. Araşdırmaya görə, "Pfizer-BioNTech" koronavirus peyvəndinin üçüncü dozasını vurduran insanlarda qol ağrısı, zəiflik, əzələ ağrısı, yorğunluq və baş ağrısı kimi əks-təsirləri olur. /Teleqraf/


MANŞET XƏBƏRLƏRİ