Daha bir qalmaqal: Müəllim 4-cü sinif şagirdini döydü

Daha bir qalmaqal: Müəllim 4-cü sinif şagirdini döydü

Sabunçu rayonunda yerləşən 310 nömrəli məktəbdə müəllimin şagirdi döyməsi iddiasına məktəb direktoru Rəsmiyə Quliyeva aydınlıq gətirib.

Direktor Oxu.Az-a açıqlamasında ünvanına səslənən iddiaların doğru olmadığını, hadisədən üç gün sonra xəbər tutduğunu və dərhal tədbir gördüyünü vurğulayıb:

“Mənə heç kim müraciət etməyib. Belə hadisə olanda mənə dərhal bildirmək lazımdır. Əgər həmin işi həll etməsəm, onda şikayət edərdilər. Axı o qədər qəddar deyiləm ki, uşaq döyülsün, mən səssiz qalım. Heç kim uşaqlara barmağının ucunu belə vura bilməz.  Hadisə cümə günü yaşanıb, mənim isə bazar ertəsi xəbərim oldu. Elə xəbər tutan kimi müəllimə Leyla Niyazovadan izahat alıb xəbərdarlıq elədim. Müəllimə and içir ki, uşağı vurmayıb, sadəcə uşaq bir az nadincdir, dəcəllik edəndə tənbeh edib”.

Rəsmiyə Quliyeva hazırda tərəflər arasında razılıq əldə olunduğunu deyib:

“Dərhal valideynlə də söhbət apardım, hazırda problem həllini tapıb, narazılıq yoxdur. Sadəcə həmin gün axşam saatlarında uşağın atası Əfqan bəy müəlliməyə zəng edib, hərbçidir, deyəsən, bir az Leyla xanımla sərt danışıb, müəllimə də narahat olub, öz növbəsində kəskin cavab verib. Tərəflər qohumdurlar, niyə belə bir gərginlik yaşanıb, bilmirəm, amma artıq heç bir problem yoxdur”.

12:26

Yeni tədris prosesi başladığı gündən məktəblərlə bağlı qalmaqallar bitmir. Bu dəfə Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsində yerləşən 310 nömrəli tam orta məktəbdə müəllimin dördüncü sinif şagirdini döyməsi iddiası yayılıb.

Hadisə ilə bağlı sosial şəbəkələrdə paylaşım edilib.

İddiaya görə, valideyn müəllimlə bağlı polisə şikayət edib:

“Valideyn haqlı olaraq etirazını bildirib. Məsələ etirazdan sonra mübahisəyə çevrilib. Valideyn polisə şikayət edib. Ona görə də müəllim valideyni qrupdan çıxarıb, indi isə uşaqdan dərs soruşmur, uşaqla prinsip aparır. Məktəb direktoruna dəfələrlə müraciət olunsa da, problem öz həllini tapmır. Uşaq ağlayır, uşaqların yanında utanır, məktəbə getməyə qorxur. Buna bir son qoymaq lazımdır. Məktəblərdə problem bitmir”. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev hadisə ilə bağlı araşdırma başlandığını bildirib. 

Qeyd edək ki, iki gün öncə Sabunçu rayonunda yerləşən 112 nömrəli məktəbdə şagirdlərdən birinin digərini döyməsinin, ötən gün isə məktəblilərin sinif otağında pomidor-yumurta bişirməsinin görüntüləri yayıldı. 


MANŞET XƏBƏRLƏRİ