"Abay Dövlət Mükafatı"na layiq görülən azərbaycanlı gənc Qazaxıstan Cumhurbaşqanına təşəkkür edib


Ötən gün Qazaxıstanın mədəniyyət başkənti Almatıda Turan Universitetində düzənlənən Uluslararası Elmi simpoziuma Azərbaycandan geniş məruzə ilə qatılan araşdırmaçı alim Xəyalə Zərrab qızı Əfəndiyevaya Qazaxıstanın nüfuzlu "Abay Dövlət Mükafatı" təqdim edilib.

Qazaxıstanın müstəqillik dövrünün ədəbiyyat sahəsində ən nüfuzlu ictimai mükafatı sayılan və ədəbi uğurları ilə seçilən qazax yazarları ilə yanaşı ildə bir dəfə bir xarici ölkə vətəndaşına verilən "Abay" Dövlət Mükafatı müxtəlif ölkələrdən olan tanınmış ədiblərə, ədəbiyyat və onun təbliği sahəsində xüsusi xidməti olan yazarlara verilir və onların özkeçmişində önəmli yer alır.

Qazax ədəbiyyatının nümayəndələri, görkəmli maarifçi ziyalılar Abay Kunanbayevin, Çolkan Vəlixanovun, İbray Altınsarinin, Muxtar Auezovun və başqalarının əsərlərini Azərbaycan türkcəsinə uyğulayan və qardaş xalqlarımız arasında mənəvi körpü rolunu oynayacaq ədəbi-mədəni əlaqələrin, elmi mübadilələrin tərəqqisinə rəşadətli əməyi, milli düşüncəsi, səmimiyyəti, çalışqanlığı, elmi və sanatsal hizmətləri ilə önəmli qatqılarda bulunan, Azərbaycanın münəvvər gənclərindən olan Xəyalə xanıma bu mükafatı təqdim etməkdən onur duyduğunu bildirən Yazarlar Birliyi başqanı Uluqbəy Esdövlət gənc mütəxəssisin həm də Turan məfkurəsinə görə özəlliklə dəyərləndirildiyi və sevildiyini xüsusi olaraq vurğulamışdır: "Ülkücülüyü yoluna, ədəbi düşüncəsi elminə zinət olan, öyrətmən pedaqojisini, Türk zehniyyətli nəsil yetişdirmə çabasını, zəhmətsevərliyini və anneliyini ayrıca bir sənət və yaradıcılıq olaraq dəyərləndirdiyim, bütün insani keyfiyyətlərinin özəyində sadəliyinə və inanılmaz fədakarlığına böyük rəğbət bəslədiyim Xəyalə kimi övladlarımızın əl birliyi, dil birliyi, düşüncə birliyi ilə Turan birliyi və bütövlüyü həmişəyaşar olacaq."

Ona olan etimaddan dolayı minnətdarlıq hissini dilə gətirən X.Zərrabqızı: "Abay Kunanbayev" adı bizim təfəkkürümüzdə sadəcə Qazax xalqının mənsub olduğu ədəbiyyatın klassiki olmaqla bitmir. Ümumilikdə, Türk insanının mənəvi dəyərlərinin tərənnümçüsü, milli birlik ideallarını öz yaradıcılığında şəkilləndirən böyük maarifçi demokrat Abayın adını daşıyan bu ödülü təkcə öz şəxsim adına deyil, Sizin tərəfinizdən bütövlükdə Azərbaycan gəncliyinə sevgi və sayğının mənəvi rəmzi olaraq qəbul edirəm. Artıq üzərimdə elə böyük bir mənəvi məsuliyyət var ki, bundan sonrakı çalışmalarımda da həmişə bu etimadınızı doğrultmağa çalışacağam. Və ümid edirəm ki, bundan sonra da gördüyümüz işlərlə "dildə,əməldə, düşüncədə birlik" ideyasını həyat qayəsinə çevirən böyük İsmayıl bəy Qaspıralının ruhunu şad edəcəyik!" deyə Qazaxıstan Cumhurbaşqanına, Mədəniyyət Nazirliyinə, Yazarlar Birliyinə və Turan Universitetinin professor-müəllim heyətinə dərin təşəkkürünü bildirib.

Xatırladaq ki, ötən il Oljas Süleymenovun 85 illik yubileyi ərəfəsində müəlliflə apardığı olduqca maraqlı ədəbi müzakirə və müsahibələrin yekununda araşdırmaçı-alim X.Zərrabqızı Əl-Fərabi adına Qazax Milli Universitetinin fəxri fərmanı, Qazax nəsri antologiyasının nəşrə hazırlanmasında xidmətlərinə görə Lev Qumilyov adına Avrasiya Universitetinin "Gültegin" medalına layiq görülmüşdür.


MANŞET XƏBƏRLƏRİ